Sosial (23-02-2015, 22:41)
Azərbaycanda qızların «qızıl»a dönmək təhlükəsi var
Ekspertlər son illər ölkəmizdə oğlan uşaqlarının sayının artmasının gələcəkdə müəyyən fəsadlar yarada biləcəyini düşünürlər
Son illər Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Bəzi ekspertlər bildirirlər ki, vəziyyət bu şəkildə davam edərsə, təxminən 20 ildən sonra oğlanlar evlənməyə qız tapmayacaq. Çünki indi hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunur. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarının payına düşüb.
Xatırladaq ki, ailələrdə oğlan-qız ayrıseçkiliyinin tarixi çox-çox keçmişə gedib çıxır. Bu xüsusiyyəti Şərq xalqlarının çoxuna, həm də ən çox müsəlmanlara aid etmək olar. Tarixdən məlumdur ki, qədim dövrlərdə, İslam dini meydana gəlməzdən öncə yaxın Şərqin bəzi ölkələrində yeni doğulan qız uşaqları diri-diri torpağa basdırılırmış. İslam dini yaranandan sonra bu vəhşi adət-ənənə aradan qalxdı. Bununla belə, bir sıra müsəlman ölkələrində ailələr hələ də oğlanları qızlardan üstün tutur, yeni doğulan körpənin zərif cinsdən olmasını istəmirlər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə təkcə müsəlman ölkələrində deyil, artıq Qərbdə də valideynlərin əksəriyyətini doğulacaq körpəsinin cinsi çox maraqlandırır. Avropa, Amerika ölkələrində də ailələrin çoxu ilk doğulan uşağın oğlan olmasını istəyirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə son 10 ildə dünyada oğlan uşaqları qızlardan daha çox doğulurlar. Tədqiqatların nəticələrinə görə, körpə oğlanlar Kanada, ABŞ, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daha çox dünyaya gəlirlər.
Bəs, görəsən, Azərbaycanda bu tendensiyanın qarşısının alınması üçün hansı addımlar atıla bilər? Ümumiyyətlə, aidiyyəti qurumlar mövcud normanın pozulması səbəblərini araşdırıblarmı?
Məsələyə münasibət açıqlayan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də mövcud vəziyyətin çox ciddi problem olduğunu düşünür. Həmsöhbətimizin sözlərinə görə, məsələ aidiyyəti qurumların da diqqət mərkəzindədir: "Bu problemin qarşısını almaq üçün dölün cinsi haqda məlumatların valideynlərə verilməsinə qadağa qoyulması məsələsi gündəmdədir. Ümumiyyətlə, özünə hörmət edən millətlərdə uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır. Bu, birinci mənəviyyata, ikinci isə tibbə zidd bir haldır”.
Müayinədən sonra bətndəki dölün cinsinə görə abort etdirilməsini “qeyri-etik” hesab edən deputat bildirib ki, kütəvi şəkildə bu əməliyyatlar aparıldıqda demoqrafik problemler ortaya çıxır: «Belə ki, oğlanların sayının qız uşaqlarına nisbətən artması sonradan ailə-nikah münasibətlərinə mənfi təsir edir. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna belə bir müddəa əlavə olunub ki, ciddi göstəriş olmadığı halda, utrasəs müayinəsi aparılması qəti qadağandır. Bu qanun qəbul olunandan sonra yəqin ki, bu sahədə də vəziyyət düzələcək”.
Oğlanlarla qızlar arasındakı seçim…
Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev də bizimlə söhbətində bildirib ki, valideynlərin oğllanlarla qızlar arasında seçim etmələrini düzgün ailə planlaşdırmasının aparılmamasında və düşüncə tərzində görür:
“Milli adət-ənənəyə uyğun olaraq oğlan uşaqlarına üstünlük verilir. Çünki Azərbaycanda oğlan nəslin davamçısı, "düşmən çəpəri" anlamımda qəbul edilir. Bəzi ailələr isə bunu oğlanı böyütməyin qızdan asan olması ilə izah edirlər. Amma elə hallar da olur ki, bir qızın əldə etdiyi nailiyyəti əksər halda hər oğlan qazana bilmir. Bu da uzun illərdir psixoloji vəziyyətin yaranmasına gətirib çıxarıb. Məhz bu səbəbdən ailələrin psixologiyası dəyişməli, ailə dəyərləri təbliğ olunmalıdır. Bundan əlavə, qanunvericilikdə bu məsələnin yenidən işlənməsinə ehtiyac var».
Yeri gəlmişkən, alimlər iddia edirlər ki, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələr daha çox təsir göstərir. Sübut olunub ki, son illər əksər qadınlar hamiləliyin ikinci-üçüncü aylarında ultrasəs müayinəsinə (USM) düşərək gələcək körpələrinin cinsini müəyyənləşdirir və buna uyğun müvafiq qərar qəbul edirlər. Yəni onların çoxu bətnlərindəki körpənin qız olduğunu biləndən sonra onu abort etdirirlər. Bu cür əməliyyatlar yeni doğulan körpələr arasında oğlanların üstünlük təşkil etməsində mühüm rol oynayır.
Əsas məsələ övladın sağlam böyüməsi olmalıdır
Məsələyə münasibət açıqlayan sosioloq Əhməd Qəşəmoğlu da bildirib ki, son illər Azərbaycanda oğlan-qız ayrıseçkiliyinə üstünlük vermə xüsusiyyəti daha da güclənib:«Çünki hazırda yeni qurulan ailələr maksimum iki uşaq istədiklərindən onlardan heç olmasa birinin oğlan olmasına tərəfdardırlar. Təbii ki, bunun üçün də ailələr müxtəlif vasitələrdən istifadə edirlər. Sözsüz ki, əgər vəziyyət belə davam etsə, bir neçə ildən sonra oğlanlarımız evlənməyə qız tapmayacaqlar. Bu məsələ sırf ailələrin istəklərindən irəli gəldiyindən cəmiyyətdə oğlanların qızlardan üstün tutulmasının sosial səbəbi yoxdur. Çünki ölkəmizdə qadın-kişi bərabərlyi mövcuddur. Azərbaycanda çoxlu qız uşağına malik elə ailələr var ki, onlar bunu özlərinə dərd etmirlər. Doğrudan da əsas məsələ oğlan, ya da qız övladın doğulması deyil, uşağın sağlam dünyaya gəlməsidir».
Dövlət tərəfindən dəstəyə ehtiyac var
Mövzu ilə bağlı fikirləri bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bizimlə söhbətində deyib ki, Azərbaycanda demoqrafiya sahə¬sində vəziyyət heç də ürəkaçan deyil: «Məsələn, dünyaya gələn oğlan uşaq-larının sayı qızlara nisbətən yenə də çoxluq təşkil edir. Qeyd edim ki, 1990-cı illərin əvvəllə¬rindən oğlan uşaqlarının artımı müşa¬hidə olunur və hazırda hər 100 doğu¬lan qıza təxminən116 oğlan düşür. Digər tərəfdən 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblə¬rində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub. Onlardan 73 182 nəfəri oğlan, 62 359 nəfəri isə qız olub. 2013-2014-cü tədris ilində I sinfə gedən şagirdlərin sayı 141 166 nəfər olub. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır. Bu rəqəmlər də demoqrafik disbalansın mövcudluğunun real təsdiqidir. Bu baxımdan biz “Azərbaycan Respublikasında əhali sakinliyi və demoq¬rafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” layihəsi ilə bağlı bir çox məsələlərin müəyyənləşdirilməsi ilə əlaqədar müəyən təkliflər irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən təkliflərdən biri ailələrə qız uşaqlarının sayının artırılması üçün maliyyə yardımlarının ödənilməsi ilə bağlıdır. Bununla bağlı dövlət tərəfindən də dolayı dəs¬təyin verilməsi doğru olar. Uşaqların sayı ikidən çox və qızların sayı isə birdən artıq olan ai¬lələrdə valideynlər üçün pensiya yaşının azaldılması məqsədəuyğun olar. Təklif nəzərə alı¬narsa, bu, valideynləri uşaqların və qızların sayının artırılmasına təşviq edəcək. Gəlir vergisinin aşağı salınması ilə bağlı işlərin görülməsinə də ehtiyac var. Çünki bu məsələ də ailə¬lərdə uşaqların sayının stimullaşdırılmasına dolayı yolla kömək edəcək”.
Sevinc
