Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-03-2015, 12:12)
Lamiyə Quliyeva indiyə qədər saxladığı bir sirrini açdı

Məşhur arestant qadın övladının atasının kimliyi və Aslan Aslanovla barışıq məsələsinə aydınlıq gətirdi

 

Lamiyə Quliyevanın təqdimatına ehtiyac yoxdur. Onu məhbəsdə ana olana qədər dar bir çərçivədə tanıyırdılar. Əsasən jurnalistlər, hakimlər, prokurorların tanıdığı bir qadın məhkum “içəri”də ana oldu və ölkədə onun varlığını çox az adam bilməmiş oldu. Artıq 2 həftəyə yaxındır ki, o azadlıqdadır. Şəmkirdəki ata evində azad günlərini yaşayır. 12 illik məcburi susqunluqdan sonra başına gələnlərdən çəkinmədən, qorxmadan danışır... 
- Övladınız necədir? 
- Allaha şükür yaxşıdır. 
 
- 10 gündən artıqdır ki, azadlıqdasız. Nə işlə məşğul olmaq istəyirsiz?
- Fikirləşirəm, görüm hansı işlə məşğul ola bilərəm. Ali təhsilim yoxdur. Amma məktəbdə yaxşı oxumuşam. Haradansa bir gəlir yerim olmalıdır. Övladım var.
- Bakıya köçəcəyiniz haqda açıqlama vermişdiz. Bu Şəmkirlə bağlı xatirələrdən uzaqlaşmaq istəyindən irəli gələn qərardır yoxsa başqa səbəb var? 
- Fikrimdən daşınmışam. Dedilər ki, Bakıya köçsən orada yaşamaq sənə təhlükəli olar. Vəkilim də məsləhət görmədi. Qismət olsa, nə vaxtsa Bakıya köçərəm. Şəmkirdə uşaqlığım keçdi, sonra da bu hadisə oldu. Biz istəmədən oldu. 
- Olmaya bilərdi? 
- Vaxtında onun qarşısını alsaydılar, anamın anasına zənginə ciddi yanaşsaydılar, bu hadisə olmazdı. 
- Övladınızın atası ilə bağlı iş nə yerdədir? 
- Prokurorluqda ifadə vermişəm. 
- İfadə verəndən sonra çağırıb dindirməyiblər? 
- Yox.
- Həmin adam sizin övladınızın atasıdır?
- Bəli, qalan nə deyirlərsə, yalandır. Məktub məsələsi isə lap gülməlidir. 
- Üzləşdiklərinizlə bağlı şikayət olacaq?
- Əvvəldən demişəm, mən Aslan Aslanovu  Allaha tapşırmışam. Artıq övladım var. Bilirsiz ki, o necə adamdır. İstəmirəm ki, mənə, uşağıma nəsə xələl gəlsin. Azadlıqdayam, o adamın adını belə eşitmək istəmirəm. Amma ondan təhlükə görərəmsə, susmaram. Mənə dəyməyəcəksə, danışmayacağam. 
- Çağırsalar, dediklərinizi araşdırmaq istəsələr, gedəcəksiz?
- Çağırsalar gedərəm. Mütləq gedərəm. Mənə hər dəfə yeni ittiham verəndə təcridxanaya meyitimi aparırdılar. 
- Cəzanızın artırılması məsələsinin araşdırılmasını istəyirsiz? 
- Araşdırsınlar. Yenə də deyirəm, çağırsalar,  soruşsalar ki, sənə qarşı nələr olub, sual versələr ki, bu insanın sənə qarşı etdirdikləri düzdür, danışaram. Başıma nə gətiribsə, hamısını danışaram. Ancaq özümün şikayətə getmək fikrim yoxdur.
- Həbsdən azad edilənlərə dövlət sosial yardım edir. Almısız həmin pulu? 
- Yox, verməyiblər. Sənədim yoxdur. Mən həbs olunanda metrikam vardı. 16 yaşım vardı tutulanda.  
“Zoluşkada olduğu kimi, mənim ayaqqabımın bir tayı Ruslanın maşınında qalmışdı. Düşüb Zoluşkanı axtarırdılar. Ayaqqabını Şəmkirdən, Gəncədən, Bakıdan, Gürcüstandan polisə yığdıqları qızların, qadınların ayağına geyindirirdilər”
- Həbsdə şəxsiyyət vəsiqəsi vermirlər?
- Verirlər, mənə verməyiblər. 
- Uşağın da sənədi yoxdur? 
- Yox. Öz sənədlərimi almışam müəssisədən. Vermişəm polisə. Özümə şəxsiyyət vəsiqəsi alandan sonra Razinə, doğum evinə gedib uşağın sənədlərini də götürəcəyəm. 
- Müəssisəyə sənədlərinizi götürməyə gedəndə oradakı məhkum tanışlarınızla görüşdüz?
 
- Yox. Mən artıq azad insanam, kimdir məni ora buraxan? Həm də oradan, o dünyadan birdəfəlik uzaqlaşmaq istəyirəm. 12 il orada olmuşam. Allah heç kimin yolunu ora salmasın. Həyat davam edir. Hər şeyi unutmaq istəyirəm. Tezliklə unutmaq istəyirəm. Ora dirilərin qəbristanlığıdır. 
- Övladınızın digər bir xəstəxanada dünyaya gəldiyini açıqlamışdılar. Siz isə başqa xəstəxananın adını deyirsiz... 
 
- Oğlum Razində 2 saylı doğum evində anadan olub. Kim nə deyib bilmirəm. 
- Həbsdə olanda sizə qarşı nələr edilirdi? Kimlər edirdi? 
- Anam mənə qarşı olanlarla bağlı çox şikayətlər edib. İndi bunların əhəmiyyəti yoxdur. Vaxtında baxmırdılar şikayətimizə. Məni orada öldürə də bilərdilər. Elə vəziyyət yaradırdılar ki, çıxış yolu özümü öldürməyə qalırdı. 
- Ananız deyirdi ki, qollarınızı doğramısız, hətta özünüzü asmısız...
- Olub, bütün bunlar olub. Amma mən dözdüm və qalib gəldim. Yaxşı insanların sayəsində qalib gəldim. Azadlığa çıxmaq üçün dözdüm. Anam nənəmlə gedib səlahiyyət sahiblərinin qapısında gecələyiblər. Mehriban xanım sağ olsun, bizi ümidsiz qoymadı. Cəzamı 19 il 6 aya qədər qaldırmışdılar. Sağ olsunlar, üstüaçıq qəbirdə, o cəzaçəkmə müəssisəsində çürüməyimə imkan vermədilər.  
“Aslanın düşməni çoxdur. Çox adamlar ondan ziyan çəkib. Mənə qarşı onun düşmənləri nəsə etsə, bu məsələ onun üzərində qalar. Düşünərlər ki, Lamiyəni öldürək, Aslanın boynunda qalsın”
- İçinizdə bir qorxu olduğunu demişdiz. Gecələr evdən çıxmağa belə qorxduğunuzu söyləmişdiz. Həmin qorxu qalır? 
- Düşmənliyəm, ona görə demişdim ki, qorxuram. Düşmən ölmür, heç vaxt ölmür. Mən evdən çıxıb dükana gedəndə də qorxuram. Yaxınlarım deyir ki, tək getmə. Deyirlər kimsə maşınla üstündən keçər. Mən ölümdən qorxmuram. Ölümü “içəri”də çox görmüşəm. Uşağım başsız qalar, ondan qorxuram. Hamı bilir ki, biz xoş-zor, Aslanın düşməniyik.
- Təhlükəsizliyinizin təmin olunması üçün ananız müraciət etmişdi. Təmin ediblər?
- 102-yə zəng edib demişəm. Çağırdılar Şəmkir Polisinə, söhbət etdilər, telefon nömrəsi verib nömrəmi götürdülər. Dedilər ki, hər hansı bir şübhəli şəxs, məsələ olsa zəng edim, məlumat verim. Onlara da dedim ki, Aslanın düşməni çoxdur. Çox adamlar ondan ziyan çəkib. Mənə qarşı onun düşmənləri nəsə etsə, bu məsələ onun üzərində qalar. Düşünərlər ki, Lamiyəni öldürək, Aslanın boynunda qalsın. Bəlkə məni öldürəcəklər ki, millət Aslandan şübhəli qalsın, onu həbs etsinlər!
- Aslan Aslanov barışıq üçün müraciət etsə, barışarsız?
- Yox, bu mümkün olan iş deyil. Başıma min oyun açıblar. Həyatımın ən yaxşı 12 ilini türmədə məni çürüdüblər. Barışıq ola bilməz. Mənim, Vüqarın xala, əmi, dayı, bibi, xala oğlusu qalmayıb ki, tutdurub. 
- Aslan Aslanovun düşmənləri çoxdur dediniz. Niyə çoxdur? 
- Burada başçı olanda o qədər haqsızlıqlar edib ki, vaxtilə
.   
- Niyə haqsızlıq edirdi?
- Edirdi də. Biri Şəmkirdə bir iş qurudusa, ondan patent istəyirdi. Deyirdi ki, 50/50-yə işləyək. Onun əlindən Şəmkirdə iş adamı qalmamışdı, qaçıb getmişdilər Rusiyaya. Mən həbsdə olanda eşitdim ki, o, nazir müavini getməmişdən 1 gün əvvəl buradakı iş adamlarından televizor, “xolodelnik”, başqa məişət əşyaları alıb. Deyib ki, pulunuzu verəcəyəm. Gecəynən alıb həmin əşyaları, deyib ki, pulunu səhər yollayacağam. Əvvəldən bilirmiş ki, səhər Bakıya yeni iş yerinə gedəcək. Xeyli adama ziyan vurub, pislik edib, düşmən qazanıb. 
- Siz həbs olunmazdan əvvəl onun belə addımlar atdığından xəbərdar idiz? 
- Uşaq idim. Belə məsələləri bilmirdim. 
- Hadisə baş verən günü, həbsinizi necə xatırlayırsız?
- Kimə gümanları gəlmişdi, hamını tutmuşdular. Məni də, Vüqar da həmin adamların içində.
“Yuxudan qalxıram, bir anlıq tavana baxıb müəssisədə olduğumu düşünürəm,  yanımda anamı, oğlumu görəndə evdə olduğumu, azadlıqda olduğumu bilirəm. Həmin an mənə dünyanı verirlər..."   
- Qadınları, qızları niyə tuturdular? 
- Zoluşkada olduğu kimi, mənim ayaqqabımın bir tayı Ruslanın maşınında qalmışdı. Düşüb Zoluşkanı axtarırdılar. Ayaqqabını Şəmkirdən, Gəncədən, Bakıdan, Gürcüstandan polisə yığdıqları qızların, qadınların ayağına geyindirirdilər. Ruslanın vaxtilə əlaqəsi olduğu bütün qızları ora yığmışdılar. Bakıdan, Gürcüstandan elə qızları gətirmişdilər ki... şöbədə qız-gəlin əlindən yer yox idi. Ayaqqabı sahibini çox axtardılar, axırda bildilər ki, ayaqqabı mənimdir. 
- O hadisəyə qədər Ruslana qarşı kin-küdurət vardı içinizdə? 
- Yox. Niyə olmalı idi? Biz sadə ailələrin övladıydıq. Vüqar da, mən də. O varlı, imkanlı, vəzifəli bir insanın oğlu idi. Bizim onunla nə işimiz ola bilərdi? 
- Sizə qarşı addımı olmamışdı? 
- Düşmənçiliyimiz yox idi. Onun əlindən məktəbə gedə bilmirdim. Başıma oyun açırdı. Axırı da belə oldu. Vüqarla mənə görə davaları da olmuşdu. Anam bunları danışıb. Təkrarçılıq etmək istəmirəm. Hər şey anam deyən kimi olub. 
- Vurmaya bilərdiz onu? 
- Əlbəttə, vurmaya bilərdik. Biz həmin cinayəti düşmənçiliyə görə törətməmişik. Namus məsələsi olub. Bunu bilməyən yoxdur. Aslanın uydurduğu torpaq söhbəti boş söhbətdir. Bizim ədavətimiz namus söhbəti olub. Vüqarın onunla  torpaq məsələsi vardısa, mən nə gəzirdim o söhbət olanda yanlarında? Biz həmin söhbəti aydınlaşdırmağa getmişik və hadisə olub. Biz günahkar olmuşuq, o günahkar olub bu artıq mənasızdır.   
- Polisdə də dediz ki, namus məsələsidir?
- Demişdim və ifadəmi də elə də yazmışdılar. Sonradan yazdılar ki, guya torpaq söhbəti olub. 
- Vüqarı sonuncu dəfə harada görmüsünüz? 
- Müalicə Müəssisəsində. Uzaqdan görmüşəm. Allah qapısını açsın, getsin ailəsinin üstünə. 
- “İçəri”dən çöl necə görünürdü? 
- Əlçatmaz idi mənim üçün. Elə bilirdim ki, ömrümün sonuna kimi orada qalacağam. Qorxurdum. Amma ümidimi itirməmişdim. Jurnalistlər gələndə onlara başıma gələnləri danışırdım. Ora hər gələn jurnalistə qibtə edirdim. Düşünürdüm ki, bir gün o qapılar açılacaq və mən də o jurnalistlər kimi müəssisəni tərk edəcəyəm. Yaxşı insanların sayəsində, vəkilim Fəxrəddin müəllimin əziyyətləri qarşısında mən azad edildim. Bu gün də yuxudan qalxıram, bir anlıq tavana baxıb müəssisədə olduğumu düşünürəm,  yanımda anamı, oğlumu görəndə evdə olduğumu, azadlıqda olduğumu bilirəm. Həmin an mənə dünyanı verirlər... 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024