Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-02-2015, 10:44)
Vüqarın atasından Aslan Aslanovla bağlı ilginc açıqlamalar

“Aslan Aslanov vəzifəsinə görə oğlunun ölümünün gerçək səbəbini gizlətdi”

 

Lamiyənin nişanlısı olmuş Vüqarın atası İbrahim İsmayılov “Yeni Müsavat”a ilginc açıqlamalar verdi, Şəmkirin sabiq İH başçısının onlara qarşı cinayətlərindən danışdı
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməyə görə məhkum olunan, həbsxanada naməlum şəkildə ana olduğu üzə çıxan Lamiyə Quliyevanın keçmiş nişanlısı, hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbs həyatı yaşayan Vüqar Əliyevin atası “Yeni Müsavat”a müsahibə verib. O, deyib ki, Aslan Aslanov yalan danışmaqda davam edir, yenə də onun yaxınlarına qarşı şərləmələrə yol açan sifarişlər verir:  
- Bir qədər əvvəl dostları Vüqarın yanına gedib. Həmin uşaqlardan birini Şəmkirdən tutub Gəncənin Kəpəz Polis Şöbəsinə aparıblar. Guya hansısa işdə Vüqarın dostunun adı keçir. Həmin uşaqdan tələb ediblər ki, oğlumun adını çəksin. Daha sonra mənim digər oğlum Elvini polisə çağırıblar. Bu işi Aslanın polisdə işləyən qardaşı Elsevər planlaşdırıb. Sərxan Gəncədən oğluma zəng eləyib onu Gəncəyə çağırırdı. Aldım dedim ki, mən Elvinin atasıyam, nə istəyirsən. Başa düşdülər ki, planlarından xəbərim var və əl çəkdilər. 
- Aslan Aslanov deyir ki, oğlunu qrup şəklində qətlə yetiriblər. Əslində necə olub məsələ? 
- Aslanov oğluma, Lamiyəyə qarşı bu işləri təkbaşına törətməyib. Bu işləri quranlar var. Aslanov o açıqlamanı verməklə təkcə özünü müdafiə eləmir. O, cinayətə bulaşdırdığı adamları da müdafiə etmək məcburiyyətindədir. 2003-cü ildə həmin hadisə baş verəndə Aslan Aslanov məsələnin əsl mahiyyətini gizlətmək üçün nələrə əl atmadı?! Götürüb yazdılar ki, guya Aslanın oğlu Ruslanı öldürməyi oğlum Vüqara mən tapşırmışam. İttiham aktında yazıblar ki, guya 593 nömrəli torpaq sahəmə görə etmişəm. Həmin torpaq sahəmə aid sənədlər də məndədir. Guya mən deyəndən sonra Vüqar da gedib Aslanının oğlunu öldürüb və bu cinayəti icra etmək üçün nişanlısı Lamiyəni də özü ilə aparıb. Halbuki Lamiyə məhkəmədə hakim Əli Seyfəliyevə dəfələrlə dedi ki, Ruslanı o öldürüb. Niyəsini də dedi. Bu iş əvvəldən sifarişlə, qərəzlə aparılıb. Bunu bilməyən yoxdur. 
- Niyə belə etdilər? 
- İşə siyasi don geydirməklə icra başçısı olan Aslanı təmizə çıxarmağa nail olmaq istəyirdilər. 
- Məqsəd nə idi?
- Əgər ittiham aktında hadisəni olduğu kimi yazsaydılar məlum olacaqdı ki, Şəmkirin icra başçısının oğlu bir qızın namusuna toxunub. Hadisə də həmin qızın əlindən çıxıb. İcra başçısının oğlunun namus məsələsinə görə öldürüldüyünü yazsaydılar, Aslanovu işdən çıxaracaqdılar. Aslanovun vəzifəsi ilə oğlunun namus üstündə öldürülməsi ilə bir araya sığmır. Aslanov vəzifəsinin xatirinə işə belə don geydirməyə nail oldu ki, guya oğlu torpaq mübahisəsinə görə sifarişlə öldürülüb.
- Bir neçə gün əvvəl A.Aslanov açıqlama verib köhnə söhbətləri təkrarladı. Sizcə vəzifədən çıxarılmış Aslanov indi niyə həqiqəti demir?  
- Həqiqəti desə bu illər ərzində uydurduğu yalanlar necə olsun? Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin keçmiş rəisi Tahir Kazımov, müstəntiq Valeh Quliyev və başqaları işin mahiyyətini dəyişiblər. Namus məsələsini gizlədib torpaq məsələsini ortaya atıblar. Bəs o adamlar necə olsun? Həmin adamları da Aslanov özünün cinayətinə bulaşdırıb axı. Tahir Kazımov, Valeh Quliyev və başqaları yazdılar ki, guya Aslan Aslanovla mənim torpağa görə mübahisəm olub və Vüqar mənim sifarişimlə Ruslanı torpağıma görə öldürüb. Halbuki həmin torpağı mən satmışdım, bu gün də əlimdə alqı-satqı müqaviləsi var. Məhkəmədə də soruşdum ki, söhbət hansı torpaqdan gedir? Bu gün də sualıma cavab verən yoxdur. 
- Məhkəmədə hakimə məsələnin torpaqla bağlı olmadığını demişdiz? 
- Əlbəttə. Mən torpağıma aid sənədləri qoydum Əli Seyfəliyevin qabağına. Dedim ki, 593 nömrəli torpaqdan söhbət edirsizsə, həmin torpağın sənədi məndədir və təqdim edirəm. Mənə deyin, bilim ki, hansı torpağım zəbt olunub və Vüqara demişəm ki, get o torpağa görə adam öldür? Əli Seyfəliyev deməyə söz tapmadı. Halbuki savadsız adam deyil. Özünü eşitməzliyə, görməzliyə qoydu. Prokuror da mənə qarşı o qədər qərəzli idi ki, dediklərimi saya salmırdı. Beləcə, məhkəməni yekunlaşdırdılar. 2003-cü il dekabrın 11-də hökm oxudular. Lamiyəni 10 il, Vüqarı ömürlük, məni də məhkəmə zalında həbs etməklə 5 il müddətinə azadlıqdan məhrum etdilər.
 
“Vüqarın 2 xalasını, bibilərini də şərləyib tutmuşdular. Guya cinayəti bilib gizlədiblər. Xalalarından biri tutulanda hamilə idi. Buna da əhəmiyyət verməmişdilər. Təbii ki, bütün bunları sifariş verən Aslan Aslanov idi”
- Sizə nə ittiham elan olunmuşdu?
- 3 maddə ilə ittiham elan etmişdilər. Guya Aslanın oğlunun qətlini oğlumun törətdiyini bilib xəbər verməmişəm, torpaq zəbt eləmişəm və Aslan Aslanova hədə-qorxu gəlmişəm. Gedib Aslanı dəfələrlə kabinetində döydüyümü də yazmışdılar.  
 
- Apelyasiya şikayəti vermişdiniz? 
- Verdik. Həmin vaxt şikayətimizə Aslanovun sifarişi ilə Hərbi Məhkəmənin hakimi Şahin Yusifov baxdı. Məhkəməni Bayıl türməsində keçirdilər. Adını açıq məhkəmə qoymuşdular. Amma Bayıl türməsinə heç kimi buraxmırdılar.
- Oğlunuz Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanada saxlanır. Aslanovun digər oğlu Ədliyyə Nazirliyinin İstintaq İdarəsində müstəntiqdir. Onun, atasının oğlunuza təzyiq etmək, vəziyyətini ağırlaşdırmaq kimi addımları olub? 
- Əlbəttə ki, olub! İndiki rəis vicdanlı insandır. Əvvəlki isə... Mən Vüqarın yanına getmişdim. Saçaqlı pendir aparmışdım. Onunla birgə pendirdən yemişdik. Qayıdıb gələndən sonra bildik ki, Vüqar pendirdən zəhərlənib, 3 gün çox ağır vəziyyətdə olub. Bunu Aslanın oğlu Turqay Aslanov elətdirib. Harada görülüb ki, 2 məhkumla şəxsi düşmənçiliyi, xüsusi qərəzi olan adımı götürüb həmin məhkumların üstündə müstəntiq qoysunlar? Biz zülmün-zillətin içindəyik.
- O vaxt sizdən başqa qohumlarınız da həbs olunmuşdu? 
- Vüqarın 2 xalasını, bibilərini də şərləyib tutmuşdular. Guya cinayəti bilib gizlədiblər. Xalalarından biri tutulanda hamilə idi. Buna da əhəmiyyət verməmişdilər. Təbii ki, bütün bunları sifariş verən Aslan Aslanov idi. İndi çıxıb yalan danışmaqla deyil. Vicdanı, qeyrəti olan bir müstəntiqi ayırsınlar, göndərsinlər Şəmkirə. Həmin müstəntiq heç kimə heç nə demədən gəlib araşdırsın. Əgər bu söhbət torpağa görə olubsa, mənə də ömürlük versinlər. Lamiyəni tutandan sonra Aslan Aslanova deyiblər ki, o, oğlu Ruslandan 2 aylıq hamilədir. Aslanov Lamiyəni həkimə apartdırıb və uşağı məhv etdirdib. Aslanov vəzifədə qalmaq üçün bizə qarşı etdiyi cinayətlərin sayı-hesabı yoxdur. 
- Lamiyəyə hazırda təzyiqlər var? 
- Aslan Aslanovun əli hər yana çatır. O məni “zon”da 2 dəfə, qışın günündə, fevralda “kars”a saldırıb öldürtmək istəyib. Bu, 5 saylı Cəzaçəkmə Müəssisəsində olub. Ora Aslanovun üzümə qoydurduğu Qönçə Lətifovanın əmisi oğlu dustaq olaraq gəlib çıxmışdı. Şikayət etdim ki, adamı məni öldürtmək üçün göndəriblər. 
Məni 16-cı “zon”a göndərdilər. Allah oranın rəisi Məhəmməd Zeynalovun övladlarını saxlasın, o, məni öldürməyə qoymadı. Onun oğlunun orada işləməsi işgəncələrin gizlədilməsi üçündür. Oturub orada, cinayətləri ört-basdır edir. Lamiyəyə qarşı sonrakı 2 ittiham Aslanovun sifarişi ilə verilib. Gedib araşdırsınlar. Mən Bakıya gəlib prezidentin, baş prokurorun qəbuluna gedəcəyəm. Prezidentdən xahiş edirəm, bu işi öz şəxsi nəzarətinə götürsün, yenidən araşdırılmasına göstəriş versin. (musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024