Karusel (19-02-2015, 10:58)
Lamiyənin anasından və onu “zorlayan” qohumundan açıqlama
Fariz Yusibov deyir ki, Aslan Aslanov Ruslanın namus üstündə öldürülməsini ört-basdır etmək üçün onu xalası qızının bəkarətini pozmaqda şərləyib tutdurub
Kifayət Quliyeva: “Ruslan rayonda neçə qızı belə bədbəxt eləyib, bu hadisədən sonra nə qədər qız polisə gətirilmişdi”
Şəmkirə ezam olunmuş reportyor qrupumuz Lamiyə Quliyevanın ailə üzvləri ilə görüşüb. Lamiyənin anası Kifayət Quliyeva və onun bəkarətini pozmaqda ittiham edilərək həbs olunan qohumu Fariz Yusibov baş verənlərdən danışıblar.
“Ruslan deyirdi Şəmkirdə nə gözəl qız varsa, birinci...”
K.Quliyevanın sözlərinə görə, Şəmkirin o zamankı icra başçısı Aslan Aslanovun oğlu qızını incidirdi: “Neçə dəfə ağlaya-ağlaya evə gəlmişdi ki, məni məktəbdən çıxar. Ruslan onu bezdirirdi. Gah saçını dartırdı, gah sırğasına ilişirdi. Məktəbin direktoru da ondan qorxurdu. Axırda Ruslanın anasına zəng elədim, dedim, oğluna de Lamiyədən əl çəksin. Bir gün də çıxdım bayıra, gördüm bir oğlan, yanında da cangüdən var. Dedi, xala, məni tanıyırsan? Dedim ki, yox, nə bilim kimsən. Dedi ki, mən Ruslanam, qızınızı istəyirəm, valideynlərimə heç nə demə, Lamiyəni incitməyəcəyəm. Aradan bir həftə keçmişdi ki, gördüm Lamiyə evdə onu söyür, ayağını yerə vurur. Dedim, qızım nə olub? Ağladı ki, Ruslan deyir səni bədbəxt edəcəyəm, qoymayacağam səni kimsə alsın. Bax indi özümü günahkar sayıram ki, gərək uşağımın əlindən tutub Aslanın yanına gedərdim. Deyərdim ki, ya oğlunu yığışdır, ya da biz Şəmkirdən çıxaq gedək. Bu iş də olmazdı... Mənim heç nədən xəbərim olmayıb.
Lamiyə mənə deməyib ki, Ruslan ona məktəbdə təcavüz edib. Ona hədə-qorxu gəlmişdi deyə səsini çıxarmırdı. Ruslan hər yerdə deyirdi ki, hamı atamdan qorxur. Aslan Aslanov ona vaxtında tərbiyə versəydi, nə onun balası ölərdi, nə də bizim başımıza bu müsibət gəlməzdi. Aslanovlar Şəmkirə qan uddururdu. Onun oğlu Ruslan rayonda neçə qızı belə bədbəxt eləyib. Bu hadisədən sonra nə qədər qız polisə gətirilmişdi. Allah uzaq eləsin, yadıma salmaq istəmirəm, hər dəfə danışanda halım pisləşir.
Azca oğluna tərbiyə versəydi belə olmazdı. Ruslan deyirdi ki, Şəmkirdə nə gözəl qız varsa, birinci mənim olmalıdır. O qızların heç birinin valideyni qorxusundan səsini çıxarmadı".
“Hadisə torpaq yox, Lamiyə üstündə olub”
Lamiyənin anası danışır ki, 2003-cü ilin aprelində el adəti ilə Vüqarla Lamiyənin nişanı olub: “Mən Vüqarı öz balam kimi istəmişəm. O uşağın nə günahı var ki, ömürlük cəza verilib? Hadisə baş verən günü də bilməmişəm ki, Lamiyə Ruslanı öldürüb. O, məndən icazəsiz heç yerə getməzdi. Həmin gün bir otaqda qalmışıq, mənə bir kəlmə deməyib”.
K.Quliyeva hadisənin torpaq mübahisəsi üstündə baş verməsini təkzib edir. Onun sözlərinə görə, əgər A.Aslanovun Vüqarın atası İbrahim İsmayılovla mülki davası olsaydı, bu işdə Lamiyə iştirak etməzdi:“Onda məni niyə həbs edib Gəncə istintaq təcridxanasında üç ay saxladılar? Guya ki cinayəti bilib gizlətmişəm. Bəs bacımın oğlu Fariz Yusibovu niyə tutub 6 il yarım iş kəsdilər? Əgər Aslanla Vüqarın atası arasında torpaq mübahisəsi olsaydı, Lamiyənin bu işə nə aidiyyəti vardı? Bu hadisə torpaq üstündə olmayıb, Lamiyə üstündə olub. Lamiyə üstündə Ruslan Vüqarla neçə dəfə dalaşıb. Axırda iki ailəni məhv etdi. Lamiyənin atası, qardaşı olsaydı, belə iş başımıza gəlməzdi”.
Anası Lamiyənin həbsdə dünyaya gətirdiyi övladından danışdı. O, Lamiyənin əvvəlcədən hamiləliyindən məlumatlı olub - olmaması haqda heç nə demədi: “Lamiyədən bu uşağın atası haqda heç nə soruşmamışam. Bundan sonra atası yaxın durmasa da, yenə bu uşaq övladıma bir ümiddir”.
“Dedi, boynuna almasan səni zorladacağam”
K.Quliyeva qızının nəzarətçini döyməsi ittihamını saxta hesab edir: “O nəzarətçi Zəngilandan köçkündür. Deyirlər ki, ona ev alıb verilib. Heç bu işlə bağlı məhkəməyə gedə bilmədim, xəstə yatırdım”.
Lamiyənin xalası oğlu Fariz Yusibovla da görüşdük. O, Lamiyəni zorlamaqda ittiham edilərək həbs olunub. Fariz deyir ki, qətldən sonra Ruslanın Lamiyənin bəkarətini pozduğunu öyrənib: “O vaxt Ruslan haqda eşitmişdim. Bilirdim ki, qızın dalınca qapılarına gedib-gəlirmiş. Ancaq hadisədən sonra bildim ki, qıza təcavüz edibmiş. Bu hadisədən 4 gün sonra, məni 2003-cü il mayın 13-də polisə çağırdılar, Lamiyəni tanımağım haqda izahat aldılar. Mayın 14-də yenidən çağırıb dedilər ki, xalan qızına sataşmısan, mən də yalan olduğunu dedim. Mayın 29-da isə məni həbs etdilər.
İyunun 23-nə kimi əsassız saxladılar. Sonra Cinayət Məcəlləsinin 152 və 221.3 maddələri ilə cinayət işi başlanıldı. İstintaqda dəfələrlə çağırıb dedilər ki, Lamiyəni zorladığını boynuna almalısan. Mən də üzləşdirmə tələb etdim. Vəkilim Sərdar Qasımov çox çalışdı, amma ona da təzyiqlər oldu. Sonra Şəmkirin Arif adlı prokuroru kabinetinə çağırdı, tələb elədi ki, zorlamanı boynuma alım. Dedi, bunu etməsən sənin özünü zorladacağam. Dedim, mənə heç nə edə bilməzsiniz, mən etmədiyim işi boynuma almayacağam".
“Aslanov Vüqarın ağzına tapança salıb...”
F.Yusibovun işinə Şəmkir Rayon Məhkəməsi baxmaqdan imtina edərək Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ona 6 il hökm oxunub. 2007-ci il martın 15-nə qədər həbsdə olub, yerdə qalan 2 il 4 ay isə Goranda açıqtipli cəzaçəkmə müəssisəsində saxlanılıb.
Məhkəmədə isə Nailə Tahirova və Şahin Quliyev adlı “şahidlər” iştirak edib. Onlar prosesə gəlməyib, ifadələrində isə Farizin Lamiyənin bəkarətini pozduğunu qeyd ediblər. Hakim məhkəməyə gəlməyən şahidlərin ifadəsini əsas tutaraq hökm oxuyub.
Lamiyənin qohumu deyir ki, həbsdə ona təkliflər edilib: “Bir mülki geyimli gəlmişdi. Dedi ki, Elpərəst Həsənli və Şahbaz Hüseynovun üzünə dur, buraxılacaqsan. Dedi ki, ədliyyə polisiyəm, məni Aslan Aslanov göndərib. Mən də imtina etdim. Çünki o adamların heç birindən zərər çəkməmişəm. Bu qətlin mahiyyətini dəyişib, namus üstündə olmadığını sübut etmək istəyirdilər. Guya Ruslanın qətlini bu adamlar sifariş verib”.
İstintaq dövründə Vüqarla üzləşdirilən Fariz deyir ki, onu tanımayıb: “Vüqarla bizi üzləşdirdilər. İkinci üzləşdirmədə üzü, burnu qan içindəydi, polislər qoluna qandal vurmuşdu ki, yıxılmasın, bədəni əsirdi. O qədər döyülmüşdü ki, özündə deyildi. Onu məcbur edirdilər ki, Lamiyəni mənim zorladığımı desin. Aslan Aslanov Vüqarın ağzına tapança salıb ki, Farizin üzünə dur. Onun yerində o gündə kim olsa üzümə durmağa məcbur olardı. Amma Ruslanın öldürülməsində Lamiyə ilə Vüqar bir yerdə olsalar da, Vüqara ömürlük iş düşmürdü”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024