Siyasət / Karusel (20-01-2015, 12:43)
Müsavat rəhbərliyindən AXCP-ə cavab
Cəbhəçilər Əli Kərimlinin “etika naminə” Arif Hacılı ilə görüşdüyünü bəyan etdilər; Müsavat rəhbərliyi buna cavab verdi
AXCP funksionerləri əməkdaşlıq üçün müraciət edən Müsavat Partiyasını aşağılayıb. “Azadlıq” qəzeti saytının 18 yanvar, saat 18.16-da yayınladığı xəbərin mətni bu aşağılanmanın bariz sübutudur. AXCP funksionerləri Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə Əli Kərimli ilə baş tutan görüşü şərh edərkən, Müsavat haqda işlətdikləri ifadələr bir batman balla həzm ediləcək deyil. Mətndən belə çıxır ki, AXCP sədri Müsavat başqanı ilə görüşmək üçün bir lütf etmiş, “mədəni insan kimi” onun xahişini geri çevirməmiş, lakin Müsavatla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.
AXCP funksionerləri belə bir görüşün baş verdiyi bəlli olan kimi facebook-da öz etirazlarını bildirməyə başlayıblar. Etirazlarda bildirilir ki, Müsavatın indiyədək etdikləri müqabilində onunla yenidən əməkdaşlıq qəbul edilə bilməz.
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı facebook səhifəsində izahedici bir qeyd paylaşıb. Yazıb ki, belə bir görüşün olacağı partiyanın Rəyasət Heyətinə bəlli idi və bu görüşdən uzağagedən nəticələr çıxarmaq lazım deyil: “Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Heç kim uzağa gedən nəticələr çıxarmasın”.
Lakin Əbülfəz Qurbanlının bu izahatından sonra da “AXCP yenidən Müsavatla bir araya gəlməməlidir” şəklində etirazlar səsləndirildi. Bu etirazlarda istifadə olunan başlıca arqument budur ki, Müsavatın Milli Şuradan, real müxalifət düşərgəsindən ayrıldığı, ona arxadan zərbə vurduğu heç bir il deyil; Milli Şuradan ayrılandan sonra Müsavatın bəzi funksionerləri, onun müdafiə etdiyi qəzet bu quruma və AXCP-yə qarşı şər-böhtan kampaniyası aparıb; Müxalifət birliyindən çıxmış, AXCP ilə müttəfiqliyi pozmuş bu partiya indi hansı üzlə yenidən birlik, müttəfiqlik istəyir?
AXCP fəallarının bu etirazları ilə bağlı partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov danışıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, əslində sədr müavini Əbülfəz Qurbanlının verdiyi izahatdan sonra mövzu qapanmalı idi: “O görüşdən sonra partiyamızın sədr müavini Əbülfəz Qurbanlının verdiyi açıqlama əslində, suallara nöqtə qoymalı idi. Əbülfəz bəyin açıqlaması partiyanın bu məsələ üzrə mövqeyini ifadə edib. Bir daha bildirirəm ki, görüş faktından başqa nəticələr çıxarmaq lazım deyil. Arif Hacılı görüş üçün müraciət edib, Əli bəy də mədəni insan kimi siyasi etikaya uyğun olaraq onunla görüşüb. Amma bizim partiya olaraq Müsavat Partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur və məncə, bu barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi”.
Bəs Müsavat rəhbərliyində AXCP-dən gələn aşağılayıcı tonda münasibəti necə qarşılayıblar? Müsavat bundan sonradamı AXCP ilə əməkdaşlıq etmək niyyətindədir?
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, kimin nə deməsindən asılı olmayaraq Müsavat Partiyası doğru bildiyi yolla gedir: “Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə onunla AXCP sədri Əli Kərimli arasında keçirilən görüşdə məqsəd heç də hansısa sazişin imzalanmasından ibarət deyildi. Kimin nə deməsindən asılı olmayaraq, Müsavat Partiyası doğru bildiyi yolla gedir. Bu yolda ictimai rəyi də nəzərə almaq əsas götürülür. Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illərin parlament seçkiləri ərəfəsindəki münasibətləri, danışıqları da nəzərə alsalar, daha yaxşı olar. Ona görə də bu görüşün müəyyən əhəmiyyəti var”.
Müsavat başqanının müavini Səxavət Soltanlı isə “Yeni Müsavat”a bildirdi ki, AXCP funksionerlərinin həmin açıqlamaları qeyri-peşəkardır: “Bu görüş Arif Hacılı tərəfindən təklif olunmuşdu və lazımlı təklif idi. Müsavat Partiyasının ilkin məqsədi müxalifət daxilində lazımsız, mənasız dartışmaları aradan qaldırmaq, bütün enerjini demokratik dəyişikliklər istiqamətində mübarizəyə həsr etməkdir. Bu görüş də bu məqsədə xidmət edən görüş kimi nəzərdə tutulmuşdu. Baxmayaraq ki, görüş normal keçdi, amma sonradan qarşı tərəfdən gələn adekvat olmayan açıqlamalar peşəkar olmayan davranışdır. Mən şəxsən həmin görüşdə iştirak edən şəxs kimi hesab edirəm ki, normal bir görüş oldu. Müsavat Partiyası olaraq mümkün təşkilatlarla ümumi siyasi məsələlərdə mümkün əməkdaşlıq etmək faydalı olar deyə, düşünürük. Bu, siyasi məhbusların azadlığı, seçki şəraitinin dəyişdirilməsi, seçki qanunvericiliyinin dəyişdirilməsi, seçkilərin müşahidəsi və sair məsələlərdir.
Əgər kimlərsə bu istiqamətdə birgə fəaliyyət göstərəcəksə, lap yaxşı, kimlərsə bunun əksinə gedəcəksə, bu bizim seçimimiz olmayacaq. Müsavat hər zaman olduğu kimi bu məsələdə də prinsipialdır, biz Azərbaycan müxalifətinin demokratik dəyişikliklər istiqamətində fəaliyyətinizi bundan sonra da davam etdirəcəyik. Müsavat bu proseslərin lokomotivi olmaqda davam edəcəkdir. Kimlər bizimlə bir yerdə eyni hədəf uğrunda mübarizə aparacaqsa, nə gözəl, yox, kimlərsə indi və gələcəkdə özlərini Müsavata qarşı müxalifətdə görürsə, bu bizim seçimimiz və problemimiz deyil. Biz tarixi məsuliyyətimizi yaxşı dərk edirik.
Müsavat Milli Şuradan çıxan zaman da, ondan əvvəl də müxalifət təşkilatları ilə müttəfiqlik məsələlərini düşünüb. O zaman bir neçə təşkilata, o cümlədən AXCP-yə müttəfiqlik təklifi etmişdik. Yəni bu, bu gün ortaya çıxan ani qərarla deyil, Müsavat Partiyasının ümumi, ardıcıl siyasi xəttidir. Hər şey düşünülmüş şəkildə davam edir"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024