Region (13-02-2015, 15:12)
"Mən olmasaydım, o pisliyi başqasına qarşı edəcəkdilər"
2000-ci illərin əvvəlindən Azərbaycan tamaşaçısı onu tanımağa başladı
Ardıcıl bir neçə mahnı, dəyərli bəstəkarlardan oxuduğu əsərlər, əfsanəvi Flora Kərimova ilə duet. Və günlərin birində ona heç vaxt görmədiyi populyarlığı qazandıran “Maral, maral” mahnısı.
Ancaq son zamanlar əvvəlki qədər sərt açıqlamalar vermir, bir qədər kənara çəkilib. Cavanşir Məmmədovla mübahisəsinə görə cərimələndiyi on min manatı nəzərə almasaq... Bu gün onun 44 yaşı tamam olur.
Beləliklə, suallarımızı populyar müğənni Nadir Qafarzadə cavablandırır.
- Nadir bəy, yaradıcılığınızda hansı yeniliklər var?
- Bir yeni mahnım var, hələ ki radiolara da verməmişəm. Açıq deyim ki, heç həvəsim də yoxdur.
- Niyə?
- Nə bilim, elə bil sönmüşəm (gülür).
- Bəlkə “Maral, maral” sizi çox arxayınlaşdırdı?
- Yox, yox, ona görə deyil. Mən ondan sonra da işlər gördüm, həyat yoldaşıma konsert verdim. Azərbaycan şou-biznesində bir ilkə imza atdım. Bu, qadınlara hörmətimdən irəli gələn jest idi. Çox düşünürəm, amma görürəm ki, bir şey qalmayıb. Daha nə etmək olar?
- Düşünürsünüz ki, hər şeyi etmisiniz və burada dayanmaq lazımdır?
- Dayanmaq yox, yeni nəsə fikirləşmək lazımdır. Biz balaca ölkəyik deyə, doqquz milyona nə bacarığımız var idisə, nümayiş etdirdik. İndi tamaşaçı üçün təzə menyu tapmaq lazımdır.
- Təxminən 8-9 il öncə Rusiya estradasına qoşulmaq üçün cəhd etmişdiniz. Bəlkə, həmin layihəni davam etdirəsiniz?
- Özünüz də bilirsiniz ki, burada böyük pullardan söhbət gedir. Deyirlər ki, istedad harada olsa, özünü büruzə verir. Nə qədər istedadlı olsan da, işin əlli faizi maddiyyatla bağlıdır. Yüz əlli milyonluq Rusiyanın şou-biznesinə girmək çox çətindir. Əvvəla, orada bizi heç kim gözləmir və özlərinin yetərincə istedadları var. Bunu etiraf etmək lazımdır. Ora getsəm, öz boşqabında olmayan artıq tikə kimi görünəcəyəm. Getsəm belə, böyük prodakşnlarla işləyən peşəkar komandam olmalıdır. Həmin prodakşnlar da böyük pullarla iş görürlər. Alla Puqaçovanın, Filipp Kirkorovun prodakşnları var ki, orada minlərlə yox, milyonlarla pulla iş görülür.
- Minimum nə qədər lazımdır?
- Ən azından iki milyon dollar lazımdır. Ən azı bir il səviyyəli piarın getməlidir. Rusiyanın üç yüzdən artıq telekanalı var və kliplərin mütləq yayımlanmalıdır, şou xarakterli verilişlərə çıxmalısan.
- Amma məncə, Türkiyədə bunları etmək üçün daha az vəsait tələb olunur...
- Bizimkilər Türkiyəyə getdilər də. Səmimi danışaq, hansını yaxına buraxdılar ki?
- Düşünürsünüz ki, Türkiyəyə getsəniz, sizi də onların aqibəti gözləyə bilər?
- Bəli. Mənim Rusiyada külli miqdarda pulum batdı. Bir layihə həyata keçirdik və üç ay klipim “Rutv“də və “Russian music box”da yayımlandı. Bunlar Rusiyanın ən məşhur klip telekanallarıdır, MDB ölkələrinə, Türkiyədə, Avropada, Amerikada yayımlanır. Ancaq ardı gəlmədi deyə, uğursuz oldu.
- Rusiyada nə qədər pul batırmışdınız?
- Təxminən 100 min dollar civarında pulum batdı. 2006-cı ildə biz Filipp Kirkorovun prodakşnı ilə 200 minlik müqavilə razılaşdırdıq. İş adamı İlqar Məmmədov bizə sponsorluq edirdi. Həm də arxamızda Rusiya estradasının kralı Filipp Kirkorov dayanırdı. Orada Anastasiya Stotskaya adlı bir müğənni var ki, Kirkorovun prodakşnının onu üzə çıxarıb. Bir il ərzində bu xanımla kliplərimiz, duetlərimiz olmalıydı, hər şey hazır idi. Rusiyanın məşhur rejissoru Bondarçukla klip müqaviləmiz bağlanmışdı. Ancaq nə olsun, pulu ödəyib, müqaviləyə qol çəkmək anında sponsor yoxa çıxdı, telefonlara cavab vermədi. Biz də Filippin yanında biabır olduq. “Yalta” festivalından sonra Kirkorovla görüşməliydik. O, dedi ki, bu nə deməkdir? Hətta o vaxt İosif Kobzon kimi nüfuzlu sənətkar bizə yardımçı olurdu. Yalta festivalında Ukraynanın dövlət televiziyasına müsahibə verdik. Kobzon əlini mənim çiynimə qoyaraq dedi ki, Polad Bülbüloğlundan sonra Rusiya səhnəsində azərbaycanlı müğənni yoxdur və siz o boşluğu doldura bilərsiniz. Təbii ki, burada onun da öz maraqları var idi, qonorarını alacaqdı. İki yüz minə görə o cür asan başa gələn layihəni əldən buraxdıq.
- Deyəsən, həmyerlilərimizdən sizə badalaq gələnlər var idi.
- Mütləq, var idi. Biz azərbaycanlılarda ayaqdan çəkmək, irəli keçənə badalaq vermək var.
- Buradakı azərbaycanlılar idi, yoxsa oradakı həmyerlilərimiz?
- Oradakı həmyerlilərimizin mənimlə nə işi var? Əksinə, dəstək olurdular. Moskvada, Yaltada olanda Rusiyanın müstəqillik gününə həsr olunmuş tədbirdə oxudum. Yeganə azərbaycanlı sənətçi idim ki, Rusiyanın böyük sənətkarları ilə səhnə bölüşmüşdüm. Amma sonra Azərbaycan şou-biznesindən olan insanlar məni necə lazımdırsa, vurdular, sponsor qaçdı və hər şey bitdi. Bu gün mənə badalaq gələn sənət yoldaşlarımla üzbəüz də gəlirəm, istər-istəməz qucaqlaşıb görüşürəm də. Sənət yoldaşıyıq da.
- Həmin adama bildirdiniz ki, onun sizə etdiyi pislikdən xəbəriniz var?
- Özləri də bilirlər və bəlkə də peşmandırlar. Çünki sonradan özləri də heç nə edə bilmədilər.
- Xanım idi, yoxsa bəy?
- Burada kişilikdən söhbət gedə bilməz. Kişi də var idi, qadın daha çox idi.
- Bəlkə, sizin də nə vaxtsa həmin adamlara pisliyiniz keçmişdi?
- Mən olmasaydım, o pisliyi başqasına qarşı edəcəkdilər. Bu gün siz də uğur qazansanız, həmkarlarınız pislik edəcəklər ki, qabağa getməyəsiniz. Belə şeylər bizdə var.
- Sizcə, Azərbaycanda şou-biznes var?
- Azərbaycanda şou da yoxdur, biznes də. Çünki biz ancaq toydan qazanırıq. Bu gün səhnəyə gələn gənc, sənəti fikirləşmir. Düşünür ki, necə edim çıxım bir mahnı oxuyum, məni toya çağırsınlar. Onu da qınamalı deyil. Çünki nə diskdən, nə konsertdən, nə mahnıdan pul qazanırıq. Yeganə qazanc mənbəyimiz toydur.
- Deməli, sənətçilərimiz maraqlı deyilər ki, konsertə gələn olmur da. Bunu da etiraf etmək lazımdır.
- Görün konsert verən müğənnimiz varmı? Barmaq sayı qədər müğənnilər var ki, onlar konsert verirlər.
- Maraqlıdır ki, tələbat olan müğənnilər yox, geniş auditoriyası olmayan müğənnilər konsert verməyə cəhd göstərirlər.
- Konsert verənlər də çox qazanmazlar. İnanmıram ki, orada böyük məbləğdən söhbət getsin. Mən konsert biletlərinin satılmasına şübhə ilə yanaşıram.
- Bəs niyə Türkiyədən, Rusiyadan və digər ölkələrdən gələn sənətçilərin konsertinə 100-200 manat verib bilet alırlar? Deməli, problem müğənnilərin özündədir.
-Yenə deyirəm ki, biz həmişə başqalarına meylliyik. Rusiyadan, Türkiyədən gəlib auditoriyanı yola verən sənətçilərin konsertinə gedirlər, özümüzünkülərin konsertinə yox. Gəlirlər, bir saatlıq konsertin 45 dəqiqəsini danışırlar, şou göstərirlər. Bax, şou odur. O öz çıxışını, performansını göstərir, az oxuyub, çox danışır, zarafatlar edir, camaatı oxutdurur. Bizdə isə bu yoxdur. Bizim konsertlərdə mikrofonu tamaşaçıya uzadıram ki, mənimlə oxusun, üzünü tutur. Elə bil ki, buna evlənmək təklif edirəm. Biz özümüzə qarşı laqeydik və bunu etiraf etməliyik. Özümüzü sevə bilmirik, sözümü qəribçiliyə salmayın.
- Cavanşir Məmmədov sizi “qoca gey” ifadəsinə görə 10 min manat cərimələtdirdi. Bununla bağlı apelyasiya şikayətiniz olacaq, yoxsa cəriməni ödəyəcəksiniz?
- Artıq cəriməni ödəmişəm. Notarius vasitəsilə mənim işçim Cavanşir Məmmədova 10 min manat ödəyib. Sənədin bir nüsxəsi məndə, bir nüsxəsi məhkəmədə, biri də Cavanşir Məmmədovun özündədir.
- Ancaq efirdə səmimi şəkildə səhvinizi etiraf etdiniz və barışıq oldu. Sonra nə baş verdi ki, cərimələndiniz?
- Ondan sonra biz Cavanşir Məmmədovla dəfələrlə toylarda, konsertlərdə görüşmüşük, qucaqlaşıb öpüşmüşük. Həmin ərəfədə mənə məhkəmədən bildirişlər gəlirdi. Deyirdim ki, Cavanşir müəllim, bu nədir belə? Deyirdi ki, fikir vermə, biz barışmışıq. Sonda məhkəmədən mənə məlumat gəldi ki, sizin barışığınız şifahi olub, yazılı şəkildə barışmaq lazımdır. Cavanşir Məmmədov gedib rəsmən barışmalıydı. O da barışmadı və mən cərimələndim. Artıq telefon zənglərindən bezmişdim. Deyirdilər ki, gəl, pulu ödə, məsələni uzatma. Dedim ki, məsələni uzatmıram, Cavanşir müəllimin sözünə görə gözləyirəm. Gördüm ki, məsələ çox uzanır. Mən də adımın hallanmaması üçün aparıb cəriməni ödədim. Sözü demişdim, səhvi etmişdim, üzr də istədim. İndi biz qazanmırıq, toylar yoxdur, kasıbçılıqdır. Ağlamıram e, min şükür, beşindən pis, onundan yaxşı dolanırıq. Amma əvvəlki kimi deyil. Mən də aparıb boğazımdan kəsib pulu ödədim.
- Cərimələnəndən sonra Cavanşir müəllimlə danışdınızmı?
- Yox, danışmadıq, utandım, üzüm gəlmədi danışmağa, yaşca məndən böyükdür. Guya zəng vurub ona nə deyəcəkdim ki?
- Amma deyəsən, küsülüsünüz.
- Küsülü deyilik, amma inanmıram ki, bundan sonra onunla üz-üzə gəlmək arzusunda olam. Bəlkə də, siz mənim hisslərimi anlamırsınız. Bu, məni divara dirəmək idi. İncəsənət adamıyıq, az-çox qazanırıq. On min onun üçün də bir şey deyildi və istəsəydi, imtina edə bilərdi. Şəxsən mən gedib yazılı barışardım. O pul tez yeyilib qurtaracaq.
- Yəqin ki, bundan sonra sənət yoldaşlarınızla münasibətlərdə çox ehtiyatlı davranacaqsınız. Bu, sizə dərs oldu?
- Bəli, çox ehtiyatlıyam. İndi iş-ev, ev-iş rejimində yaşayıram. Mənim sənət dostum da, həyat dostum da həyat yoldaşım və uşaqlarımdır. Mənimçün “dost”, “yoldaş” anlamı yoxdur. Kim ki, deyir, səninçün canımı verərəm, ölümə gedərəm, hamısı pafoslu sözlər, “kitayski” variantlardır, inanmayın. Mən bu həyatda hər şeyi gördüm. Süfrəmin başında oturub qardaş deyən insan məni arxadan vurdu.
- Yəni sənət aləmində də dostluq olmur.
- (emosional şəkildə - İ.V.) Bəlkə də, başqa ölkələrdə var, amma bizdə təmənnalı dostluqdur. Bu gün sənin şöhrətin, cibində pulun varsa, dostların da olacaq. Bir az büdrədinsə, heç kim qaldırmayacaq. Bunu açıq deyirəm və heç kimdən qorxub çəkinmirəm.
- Yeni yaradıcılıq planlarınız barədə danışardınız...
- Yeni bir mahnım var, Türkiyədə aranjiman olunub. Gənc Fərid Kərimlinin bəstəsidir, Altay Yaşarın sözlərinə yazıb. Mahnı “Sənə qurban olum” adlanır, lirikdir. İnşallah, 8 Mart ərəfəsində səslənəcək. Bir də yay aylarında sırf qadınlar üçün Yaşıl Teatrda təmənnasız konsert verəcəyəm. Belə bir planım var. O konsertdə kişilər olmayacaq.
- Ötən konsertiniz xanımınıza, bu konsertiniz xanımlara. Bəs bəylər?
- Mənim ümumi konsertlərim olub. Xanımları zərif bilirəm, onları incidilən görürəm. İstəyirəm ki, onlara dəyməyək, əzizləyək, hər zaman diqqət mərkəzində olsunlar. Kim necə anlayır, anlasın. Bu, mənim fikirlərimdi.
- Bu gün həm də doğum gününüzdü, təbrik edirik.
- Çox sağ olun. Bəli, 44 yaşım tamam olur
- Hansı formada qeyd edəcəksiniz?
- Ötən il də doğum günümü ailə dostlarımla dar çevrədə qeyd etdim. Yaxın dostlarımızla, həyat yoldaşlarımızla yığışıb deyib-gülüb əyləndik. Yəqin ki, bu gün də elə olacaq.
- Xanımınız adətən sizə nə hədiyyə edir?
- Mən ona qıymıram. Deyir ki, pulu sən qazanırsan, öz pulundan sənə nə hədiyyə edə bilərəm ki? Baxıram ki, sözündə məntiq var. Yəni o mənə hədiyyə alsa, bir az pafoslu çıxır. Onun özü mənə ağıllı, savadlı iki övlad bəxş edib. Bu, mənim üçün hər şeydən vacibdir.
- Böyük oğlunuz xaricdə təhsil aldığına görə, yəqin ki, ad gününüzdə iştirak edə bilməyəcək.
- Mən fevralın 16-17-də yanına gedəcəyəm, orada ad günümü qeyd edəcəyik.
- Bir oğlunuz da məktəblidir...
- Bəli, məktəblidir, inşallah, gələn il sənədlərini ali məktəbə verəcək. Ağıllı uşaqdır. İnanıram ki, o da ali məktəbə daxil olmaqla bizi sevindirəcək. Mənim bu gün ailəm, övladlarımla fəxr edirəm. Pulsuzluq da görmüşəm, kasıbçılığı da. Sıfırda idim. Amma onda da xoşbəxt idim. Çünki həyatımda məni duya biləcək güclü qadın vardı və 22 ildir ki, belə davam edir. Hər bir ailəyə bu cür xoşbəxtlik arzu edirəm.
- Ailəniz, həyat yoldaşınız haqda elə səmimi danışırsınız, adamda belə təəssürat yaranır ki, siz heç vaxt ona xəyanət etməməmisiniz.
- Heç vaxt ona xəyanət etməmişəm və bu barədə danışmağa haqqım var. Bu gün şou-biznesdə reklam üçün evlənənlər var. Mən 1993-cü ildə evlənəndə şou-biznes yox idi, mən də populyar deyildim. Gərək düzünü danışasan. Mən ailə qurmaq üçün ailə qurmuşam, başqa məqsədlə yox. Bu gün də düşünürəm ki, xəyanət etsəm, onun da ixtiyarı var ki, mənə xəyanət etsin. Mən belə anlayıram. Ola bilər kişilər deyər ki, Nadir Qafarzadə axmaqdır, başı çatmır. Amma fikirləşirəm ki, bir kişi arvadına xəyanət edirsə, qadın da mütləq ona xəyanət etməlidir. Nə oldu kişiyə olar, arvada olmaz? Eyni hüquqlu insanıq da, hamımızı Allah yaradıb
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024