Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (4-11-2014, 13:13)
“Müğənnilər başlarıyla ayaqlarının yerini düzəldə bilsə...”

Aygün Səmədzadə: “Çoxlarının əlindən tutub səhnəyə çıxartmışam”

 

Fikrimcə, bu qadın tarixdə iz qoyacaq. Musiqidən və insan halından anlayan biridir. Amma özünün nə etdiyini, nə hiss etdiyini anlamaq, demək olar ki, mümkün deyil.
Nə sevgisini bildirər, nə nifrətini, nə kədəri üzündə həkk olar, nə də sevinci... O, ağlından da peşəsi kimi istifadə etməyi bacarır. Mahnılarında sevgisini yaşayan bəstəkar Aygün Səmədzadə Ailəm.az-ın “Yaylıq” rubrikasında...
 
- Qışda doğulduğum üçün bu payız fəsli mənə xüsusi zövq verir, özümü çox rahat hiss edirəm. Bu aralarda nəyinsə dəyişəcəyini gözləyirəm.
 
- Xasiyyətiniz də belədir, yəni fərqliliyi sevənsiniz, yoxsa?
 
- Dəyişkənliyi sevən adamam. Amma ətrafımda məndən başqa heç kim heç nəyin yerini belə dəyişə bilməz. Mən nələrisə dəyişdiyim anda gözəl olacağını düşünürəm. Əlbəttə, bu dəyişkənlik mənim hisslərimə aid deyil. Ətrafda olan stabilliyi sevmirəm. İşlərimə, ətrafıma, evimə, hisslərimə kənar müdaxiləni qəbul etmirəm.
 
- Sizə baxınca hansı tip insana aid olduğunuzu müəyyən etmək çətindir. Xoşbəxt və ya əksinə, pozitiv və ya əksinə, mülayim və ya yenə də əksinə olduğunuz bəlli deyil. Niyə bu qədər qarma-qarışıqsınız?
 
- Bu, bəlkə də mənim uğurumdur. Hissləri büruzə vermək insanı zəiflədir. Adamın içinə girməyə çalışmaq da düzgün deyil. Hər kəsin öz dünyası, öz xasiyyəti və öz yaşam tərzi var ki, o, yalnız özünə aiddir. Kənardan çox açıq görünən insanları anlamıram. Üzündə hər şeyi ifadə edən insan ağıllı ola bilməz. İnsanın həyatında hər şey olur. Yəqin ki, mən bütün olanları özümdə daşıya bilirəm ki, sizə qarışıq adam təəssüratı bağışlamışam. Mən hər an,  hər şey edə bilərəm.
 
- İnsanlarla aranızda yarımçıq bir baryer var. Müşahidələrimdən bu nəticəyə gəlmişəm ki,  siz bu şou-biznes dediyimiz sahədə həm varsınız, həm də yox.  
- Mən professional musiqiçiyəm. Birinci sinifdən ritmika dərsi, solfecio keçmişəm. Mən bilirəm simmetrik xanələr, taktlar necə bölünür. Və insan taktı gözləməlidir. Onu gözləyib, xanədən xaric çıxmırsansa, həm yaxında olarsan, həm də uzaqda.
İstəmərəm çox adamı yaxına buraxım. Amma yanımda olmağı bacaran insan üçün də məndən yaxını ola bilməz. Əgər bu aləmdə məni hər hansı bir şəxsin yanında görürsünüzsə, deməli o adama xüsusi münasibətim var.  Bir az neqativ hiss etdiyim, bəyənmədiyim adamların nə tədbirinə gedə bilərəm, nə də digər bir məclislərində iştirak edərəm.
 
- İnsanlara etibarınız hara qədər ola bilər?
-  Bu yol uzundur, məncə. İnsanlara çox inanıram və çox da yanılıram. Əslində, söhbət insanların qarşılıqlı münasibətindən getmir. Amma məsələn, dəfələrlə oğurluqla rastlaşmışam.
Üstəlik, bilirəm ki, insanların çoxu mənə qarşı üzdə göründükləri kimi deyillər. Əminəm ki, çox adamdan haqqımda soruşsanız, onlar  “hə, yaxşıdır, əladır, onun yanında olun”  kimi sözlər deməyəcək. Artıq bu kimi hallarla barışmağa başlamışam. Düşünürəm ki, bizim elədiyimiz yaxşı və pis əməllər dəftərimizə yazılır. Buna görə də o adamlardan gözlədiyin cavabı almasan da olar. Amma uman yerdən küsərlər axı.
 
- Yəqin ki, bu misalı boş yerə xatırlamadınız?
- Bu şou-biznes dediyimiz sahədə çox adama kömək etmişəm. Çoxlarının əlindən tutub səhnəyə çıxartmışam və bu gün onlar mənim mahnılarımla çörək qazanırlar. Həmin kömək etdiyim adamların içərisindən çörək itirənlər də çıxıb. Səhnə işığı insanı azdırır. Hərdən düşünürəm ki, bizim bəzi müğənniləri Amerika sayağı yelləncəyə otuzdurub, onların necə baş-ayaq fırlanmağını seyr edəsən. Hərdən dayanıb başları ilə ayaqlarının yerlərini düzəldə bilsələr, lap əla olar. Bəlkə onda bilərlər, kim kim üçün nə edib.
Bu sahədə çox etibarsızlıqla rastlaşmışam. Bəzən deyirəm ki, kimsə üçün mahnı yazım, oxusun məşhurlaşsın. Sonra özüm özümü saxlayıram. “Axı heç kim yaxşılığının qiymətini bilməyəcək” deyirəm. Yaxşılıq elədiklərim nə edib ki? O insanlar bu addımları ilə bəlkə də özündən daha istedadlı adamların qarşısına səth çəkirlər.
Bu dediklərim bütün musiqi aləminə aid deyil, təbii. Bu sahədə o qədər gözəl insanlar, dostlarım, işlədiyim və ərk etdiyim adamlar da var. Heç işləməyib, amma gözəl münasibətdə olduğum şəxslər də çoxdur. Bu sahə çox açıq olduğuna görə burada hər şeyin pisi də yaxşısı da tez özünü büruzə verir.
 
- “Gözəl insanlar da var” deyirsiniz. Ümumiyyətlə, insanları hansı keyfiyyətinə görə gözəl adlandırırsınız?
- Əslində, yaxşı və pis insan demək olmaz. Sənin olan və sənin olmayan adamlar, ünsiyyətə girə bildiyin və girə bilmədiyin adamlar var. Bəlkə sən də yaxşısan o da, amma münasibət qura bilmirsiniz.
Baxın, bəzən bir müəllifi çox tərifləyirlər. Alıb kitabını oxuyunca görürsən ki, anlamadın, oxuya bilmədin. Bu, o demək deyil ki, sən kütbeyinsən və ya o yaxşı yazmır. Sadəcə o adamla kontaktım alınmadı. İnsanlar da belədir. Birinə yaxşı olan, o birinə pis görünür və ya əksinə. Amma mənim üçün gözəl insan yaxşı görsənməyə çalışmayan və dürüst adamlardır. Gərək adam yalançı və qeyri-səmimi olmasın. Bir adam xasiyyət etibarı ilə kobud, əsəbi və ya hər necədirsə, olsun, amma, mütləq səmimi də olsun. Sünilik hiss etdiyim adamla danışa bilmərəm.  Çox vaxt insanlar haqda ilk düşüncəm də düz çıxır. Hisslərim məni aldatmır.
 
- Uğurlu qadınsınız. Bu, öz yoxsa çıxdığınız ziyalı ailənin zəhmətidir?
 - Hər şeyin görünən və görünməyən tərəfləri var.  Mən tam əminliklə deyə bilmərəm ki, uğurlu qadınam. Çünki həyat keşməkeşlidir. Həyatın hər üzünü görmək üçün insanın atasını və ya babasını seçmirlər. Kimin övladı, kimin nəvəsi olduğunun heç bir önəmi yoxdur.
Qadın adını daşımaq gücü olan insanlara isə xüsusi hörmətlə yanaşmaq lazımdır. Qadınların həyatında baş verən hər bir hadisə onların gücsüzlüyündən, fərasətsizliyindən və ya əxlaqından irəli gəlmir. Həyat hər qadını bir yerə qoyub. Qadın bəstəkar da, həkim də, xidmətçi də ola bilər. Əgər onun içində sevgi, ümid varsa və o qadın kimi belə yox,  normal insan kimi pozulmayıbsa, o, bütün hallarda uğurlu adamdır.
Hər kəs yüksək mərtəbələrə gəlib çatmalı deyil ki. Bir adam 15 il küçə süpürür. Hər dəfə də onu görəndə düşünürsən ki, bu, ömür boyu küçə təmizlədi. Yaxşı, əgər hər kəs yüksək səviyyədə dayansa, bu küçəni kim süpürəcək? Hər bir sahədə öz adamı olmalıdır. Əgər insan öz ətrafını, əməyini və adamlarını sevirsə, onda hər şey yaxşı olacaq. Ancaq o da istisna deyil ki, insana nəsli-kökü də bir hədiyyədir. Biri var, mən yaxşını övladıma vermək üçün çalışım, biri də var, məndə bu var və mütləq övladımda da olacaq. İnsan pulla çox şey qazana bilər. Amma əsilzadəliyi, ziyalılığı pulla almaq mümkün deyil. O, ya var, ya da yoxdur.
 
- Bir məsələ mənə çox maraqlıdır. Niyə bu gün gördüyümüz əsas məşhur qadın müğənnilər karyerasının uğurlu dönüşünü boşanandan sonra yaşayır?
 
- Uşaq vaxtı hər kəsdən soruşurlar ki, böyüyəndə hansı peşə sahibi olmaq istəyirsən. O zaman çox maraqlı və müxtəlif cavablar olur. Amma indi hər kəs müğənni olmaq istəyir. İndi uşaqlar efirə baxıb, bütün planlarını orada gördükləri adamlarla bağlayırlar. Onlar öz gələcəklərini, müğənnilərin taleyini izləyərək qururlar.  Uşaqlar onlar kimi geyinirlər və özlərini ona bənzətmək istəyirlər. Bəzən verilişdə bir münsif müğənniyə deyir ki, gələcək nəsil sənə baxıb, nümunə götürür. Axı niyə hər hansı bir ailənin övladı efirdə gördüyü müğənnini özünə nümunə seçməlidir? Elə öz atasına və anası baxıb öyrənsin də.
İfaçılıq ali sənətdir, vergidir və onun bu qədər daşıyıcısı olmamalıdır. Məncə, təxminən 20 müğənnimiz olsaydı, bizə bəs edərdi. İnsanlar nədənsə elə bilir ki, arzularını reallaşdırmaq üçün yeganə sənət müğənnilikdir. O ki qaldı ərlərindən ayrılıb, müğənni olan xanımlara, bu, yəqin ki, onların ailəsində olan problemlərlə bağlıdır. Nədənsə, onlar düşünür ki, yoldaşından ayrılınca, onlara vergi veriləcək və onlar istedadlı insanlara çevriləcəklər.
Məsələnin daha bir tərəfi də var. Bu haqqında danışdığımız insanları maddi tərəfdən təmin edən adamlar da onların səsləri üçün yox, öz imkanlarını nümayiş etdirmək üçün pul xərcləyirlər. İndi çox eşidirəm ki, müğənnilərin sevgililəri biri-biri ilə bəhs-bəhsə girirlər. Kim çox xərclədi deyə yarışırlar hətta.
- Bu cür müğənnilər sevgililərinin verdiyi pulu götürüb, yanınıza gəliblərmi?
- Bəli, gəliblər və mənim onlara tək cavabım “Yox!” olub. Bu sırada olan müğənnilər mənə mahnı üçün müraciət edəndə heç nəyə baxmayaraq imtina etmişəm. Bunu tam əminliklə deyirəm. O cür müğənnilərin sırasında mənim üçün heç kim istisna olmayıb. Bu açıqlamamdan sonra da həmin sənəti olmayan heç bir müğənni çıxıb deyə bilməz ki, mən filan qədər pul verib, Aygün Səmədzadədən mahnı almışam. Allah qoysa, heç vaxt da belə olmayacaq. Allah məni müğənni çörəyinə möhtac qalacaq vəziyyətə salmasın. Tanrı tək məni yox, elə mənim kimi sənətlə məşğul olan insanları məhz bu haldan qorusun. Biz yazıb yaradaq, amma səs və sənət üçün.
Mənim mahnılarımı oxuyan müğənnilərin əksəriyyətini səhnəyə mən gətirmişəm. Bilirsiniz ki, onların heç biri imkanlı insanlar olmayıb. Mən heç vaxt populyar müğənnilərlə işləməmişəm ki, adım onlara görə parlasın. Onların əksəriyyəti mənimlə iş birliyindən sonra məşhurlaşıblar.
O ki qaldı pulun sənətə güc gəlməsinə, mən heç vaxt o addımı atmaram. Sənəti satmaram. Səs və ya pul seçmək qarşısında qalsam, heç vaxt pulu üstün tutmaram. Sənəd olmasa belə, yenə də o pullu seçmərəm.
Bilirsiniz, müəllifi olduğum mahnı hər zaman mənimdir. Müğənni mahnının yaradıcısı deyil, onun icrasıdır. Sənətçi  mahnını gözəl ifa etdiyi kimi məhv də edə bilər. Bu, onun professionallığından irəli gəlir. Musiqi yazdığım zaman isə mənə yalnız şairin fikri maraqlıdır. Bu şərikli mahnı olsa da, son söz yenə də bəstəkarındır. Nə qədər sevdiyim müğənni olsa belə, mahnı hər zaman ondan üstündür.
 
- Niyə bizdə indi Şövkət Ələkbərova, Sara Qədimova, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlar yoxdur?
- Düzdür o  sadalanan adları, həmçinin, Akif İslamzadənin, Brilliant  Dadaşovanı və s. heç kim əvəz edə bilməz. Amma o sözlə razı deyiləm ki, indi o cür səslər yoxdur. İndi yaxşılarımız da var və  bəlkə də o adıçəkilənlərin  səviyyəsində oxuyurlar. Yaxşıları görmək lazımdır. İndi yaxşılar arxa plandadır və yerli televiziya onları görmək istəmir. Efirlərin əksəriyyəti maddi maraq güdür və onlara ifaçının sənəti deyil, pullu lazımdır. Ancaq əvvəl isə bu cür deyildi, onda seçim başqa cür aparılırdı. Bu gün televiziyanın qapısından içəri daxil olmağa layiq olmayan adamlara sənətçi də yox, sənətkar deyilir. Bu adı verən jurnalistlər isə müəyyən fikir formalaşdıran insanlardır. Beləcə, yaxşılar da pislərlə müqayisə olunmağa başlayır. Bu gün çox gözəl səslər var və mən onlara mahnı yazıram. Həmin gənclər deyir ki, onlar bu mahnını nümayiş etdirmək, dinləyiciyə çatdırmaq üçün bir il ac qalmalıdır. Amma əksinə də ola bilər. Səsi xoş olan müğənni verilişə dəvət olunub, hətta qonorar da almalıdır. Axı bu adam öz səsi ilə tamaşaçıları feyziyab edir. O, niyə pul verməlidir? Səhnəyə çıxıb meymunluq edən isə pul ödəməlidir. Çünki o, evində oturub dincələn adamları özünə baxmağa məcbur edir. Bizim qulaqlarımızı da zibilləyirlər, gözlərimizi də. Sonrada deyirlər ki, niyə Azərbaycan incəsənəti bu vəziyyətdədir. Hər şey senzuradan başlayır.
Bu gün müğənnilər mənə müraciət edirlər ki, bizə mahnı bəstələyin, yoxsa öz yazdığımız zir-zibili oxumalıyıq. Bəli, faciənin bir tərəfi də budur ki, müğənnilər özlərinə mahnı yazırlar. Yazmayın da bunu! Bunun əvəzində retro musiqilərimizi seçin oxuyun, klassik əsərlərimizi yadda salın. Amma zibilləməyin bu musiqini.
Onu da deyim ki, bu dediklərim bütün telekanallara şamil olunmur. Çünki bizim bəzi sənətə qapılarını açan yaxşı telekanallarımız da var.
- Sizin kimi duyğusal xanımla sevgidən danışmamaq mümkün deyil. Həyatınızda hansı sevgilər olub?
- Sevgi mənim mahnılarımda yer alıb. Mən musiqini o zaman bəstələyirəm ki, söz yazarı ilə fikirlərim üst-üstə düşür. Mən hər zaman sevmişəm. İlk sevgimi isə xatırlamıram. İndi nəyisə danışsam, mahnılarım maraqsız olur. Onlar elə sirr qalsa, yaxşıdır. Bəstələrim hər şeyi deyir. Orada ya yaşananlardır, ya da yaşanacaqlar...
- Ananızı necə xatırlayırsınız?
- Heç unuduram ki, xatırlayım da. Əvvəllər deyirdilər, atana oxşayırsan, amma indi əksinə, anama bənzədirlər. Əslində insan özü olmayanda onun cizgilərini kimdəsə axtarırlar (kövrəlir).
 
- Sizi kövrəldəcək mövzu bəlli oldu. Üzünüzü nə güldürür bəs?
- Mən çox gülürəm, hətta lazım olmayan yerlərdə də. Məsələn, liftdə bir neçə adamla birgə daxil olsam, orda heç vaxt sakit dayana bilmərəm. Mənə izah olunmayan gülmək gəlir. Bu xüsusiyyətimə görə ali məktəbdə məni dərsdən çıxardırdılar. Baxmayaraq ki, əlaçı idim, yaxı tələbə hesab olunurdum və Üzeyir Hacıbəyli təqaüdçüsü idim. Amma gülməyimə görə dərsdən kənarlaşdırıldım.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024