Region (29-01-2015, 13:28)
“Çıxandan sonra gördüm ki, binalar yerində yoxdur, o da ola insanlar...”
“Mənə elə gəlirdi ki, ”Xural" heç dayanmayıb"
“Mən “Xural”ı istəyirəm, həmin “Xural”ı istəyirəm. Amma o da bir maraqlı məsələdir ki, AzadlıqRadiosunu bağlayan, bütün iri çaplı jurnalistləri həbs edən hökumət həmin o “Xural”a icazə verərmi”
PİA.AZ bildirir ki, ötən ilin sonlarında azadlığa çıxan jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən “Yeni Müsavat” qəzetinin qonağı olub. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu ilə görüşən sabiq vicdan məhbusu daha sonra əməkdaşlarımıza məhbəs həyatı, orda yaşadıqları ilə bağlı maraqlı müsahibə verdi. Ə. Zeynallı eyni zamanda gələcək planlarını, media fəaliyyəti ilə bağlı ilginc detalları da açıqladı.
Həbsdən çıxan həmkarına “keçmiş olsun” arzusunu çatdırandan sonra ilk sualı da R. Arifoğlu verdi:
- Mediaya və qəzetə nə zaman qayıdırsız? “Xural” nə zaman işıq üzü görür? Siz elə adamsız ki, sakit və barışcıl bir həyat yaşaya bilməyəcəksiz...
Ə.Zeynallı:
- Yox, barışcıl olacam. Dəqiq (gülür). Amma sakit həyat yaşamaq istəsək də, yaşaya bilmirik. Elementar bir şey. Mən həbsdən çıxandan sonra fikirləşirdim ki, heç olmasa 3-4 ay dincəlim. Həm bəzi müayinələrdən keçmək istəyirdim. Həm də həbsxanada məhdud sayda qəzetlərlə tanış olurdum. Obyektiv və subyektiv səbəblərdən.
R.Arifoğlu:
- Hansı qəzetər idi?
Ə.Zeynallı:
- “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol”, çıxdığı vaxtlarda “Gündəm Xəbər”. Sonra bir ara “Cümhuriyyət” dərc edildi, onunla tanış oldum.
R.Arifoğlu:
- İnternet imkanları ora gəlibmi?
Ə.Zeynallı:
- Var, həbsxanada hər imkan var. Kompüterlər, internet, özünə sayt açan məhbuslar belə var...
R.Arifoğlu:
- Bu, rəsmidir?
Ə.Zeynallı:
- Bu, rəsmi deyil. Amma mənə klaviatura birmənalı qadağan idi. Mənim barmaqlarım klaviaturaya dəyməməli idi. Amma həbsxananın 100-dən çox kompüteri var idi bizim zonda.
R.Arifoğlu:
- Bizim vaxtımızda (həbsdə olduğu 2003-2005-ci illəri nəzərdə tutur-S.T.) bu, möcüzə sayılardı bizim kimi siyasi dustaqlar üçün. Hətta otağa radio gətiriləndə belə, ilk vaxtlar möcüzə idi.
Ə. Zeynallı:
- İlk vaxtlar Mədət Quliyevə, ədliyyə nazirinə müraciət elədim. Xüsusilə uşaqlardan xahiş edirdim ki, həbsxana həyatını görən Rauf Arifoğluna, Qənimət Zahidə deyin ki, redaktorun kompüterdən istifadə etməməyi bir işgəncə üsuludur. İndi də elə hesab edirəm ki, uzun illər kompüterdə işləyən adama kompüter verilməməsi işgəncə faktı kimi qeydə alınmalıdır. Siz görəydiz, o qələm insanın barmaqlarının arasından necə çıxır. Mən də çox yazırdım, həddən çox...
S.Telmanqızı:
- Nə yazırdız?
Ə.Zeynallı:
“Türmədə olanda Rəqsanə ilə danışmışam, Röya ilə dərdləşmişəm...neyləmək olar?”
- Gündəliklərimi. Mənə elə gəlirdi ki, “Xural” heç dayanmayıb. Hər gün qəzetlərin monitorinqi, əsəblər, hirslər... var. Çünki ora çox maraqlıdır, ölüxana kimi bir yerdir. Ümumiyyətlə, ağır cinayətlərdə məhkum olunmaq diri-diri ölmək deməkdir. İki-üç il çox asan müddətdir. Yeri gəlmişkən, əvvəllər nə üçün siyasi məhbuslara, ictimai xadimlərə, jurnalistlərə 2-3 il iş verirdilər, amma birdən-birə 8-9-10 il oldu? O 8-10 ilin insanda yaratdığı yük, faciə çox ağırdır. İnsan düşünür ki, mən 2020-ci ilin oktyabr ayının 28-də azad olunacam... Mənim təqvimim odur. Yeri gəlmişkən, bu gün də ayın 28-dir. Hesabla bir saatdan sonra mənim həbs olunmağımdan 40 ay keçmiş olacaq. Dediyim kimi, çıxanda o dincəlmək, uzun müddət özümə vaxt ayırmaq kimi planlarımın heç birini yerinə yetirə bilmədim. Mən yazılı mətbuatın bir hissəsi ilə tanış olmuşam. Amma elektron informasiya vasitələri ilə tamamən tanış deyiləm. Facebookla heç bir tanışlığım yoxdur...
S.Telmanqızı:
- Siz həbs olunanda facebook var idi axı.
Ə.Zeynallı:
- Var idi, amma mən tanış deyildim. Həbsdən çıxandan sonra onlarla tanış olmaq üçün bir gün öz facebook hesabıma baxdım. Elə həbsdə olduğum müddətdə baş verənlərə baxdım, bir də gördüm ki, səhər saat 5-dir.
R.Arifoğlu:
- Çoxmu dəyişiklik var? Və nələrdə var?
Ə.Zeynallı:
- Binalar, küçələr dəyişib. Mən 2-3 gün bundan öncə 3 dəfə yolu dəyişdirdim, 30 kilometr artıq yol sürdüm. O qədər əsəbi idim ki, dedim, a kişi, belə azadlıqmı olar, belə yollarmı olar? Prospektlər, yollar, binalar dəyişib. Gəncəyə gedəndə də bu dəyişikliyi xüsusi gördüm. Adamlar məndən həbsdən sonra nə dəyişiklik olduğunu soruşanda deyirdim ki, binalar yerində yoxdur, o da ola insanlar, jurnalistlər...
R.Arifoğlu:
- İnsanlar yerində idimi? Sizin nəzərinizdəki, əhatə dairənizdəkilər.
Ə.Zeynallı:
- Media çevrəsindəkilərin 99 faizi qalmadı.
S.Telmanqızı:
- Fiziki, yoxsa mənəvi?
Ə.Zeynallı:
- Təbii ki, hamısı yaşayır. Biri var ki, yaşayır... Bir deyim var ki, çox ölülər var ki, dirilərdən biridir, çox dirilər var ki, ölülərdən biridir... Mən medianı, bizi belə təsəvvür etməzdim. Əslində həbs olunmazdan iki gün əvvəl, oktyabrın 26-da “Yeni Müsavat”ın redaksiyasına gəlmişdim. Redaktorlar Birliyinin özəl toplantısı idi. Oktyabrın 28-də Redaktorlar Birliyinin iclasını keçirdik. İclasdan 2 saat sonra məni apar-topar həbs elədilər. Mən başqa şey gözləyirdim. Amma indi həmin o media yoxdur. Yenə “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol” var, amma o ruh yoxdur. Siz çox işləyirsiz, içəridə də mən onu müşahidə edirdim. Bu da yalnız kollektiv mübarizənin nəticəsidir.
R.Arifoğlu:
- Nəyisə dəyişə biləcəksizmi? “Xural”ı qaytarmaq niyyəti varmı?
Ə.Zeynallı:
- Bir yerdə dəyişəcəyik. “Xural”ı qaytarmaq üçün ciddi fikirlərim var. Hazırda onlayn versiyada əsasən mənimlə bağlı xəbərləri yeniləyirdilər. Amma mən klassik qəzet variantına üstünlük verirəm. Mən “Xural”ı istəyirəm, amma həmin “Xural”ı istəyirəm. Amma o da bir maraqlı məsələdir ki, AzadlıqRadiosunu bağlayan, bütün iri çaplı jurnalistləri həbs edən hökumət həmin o “Xural”a icazə verərmi, o ayrı məsələdir.
R.Arifoğlu:
- Əvəz bəy, 99 faiz rəqəmi dediz, dəyişən binalardan, yollardan danışdız... Bəs Əvəz Zeynallı özü nə qədər dəyişib içəridə?
Ə.Zeynallı:
“Həmişə deyirdim ki, 9 ilin sonuna qədər səbrlə, hövsələ ilə burda olmağa hazıram”
- Mən də çox dəyişdim. Bizdə əslində normal insanlar müsbətə doğru dəyişməlidir. Mən də yazdığım yazıları təkrar-təkrar oxudum, münasibətləri təkrar gözdən keçirdim, keçdiyim yola təkrar baxdım. Orda azadlıq adama çox uzun yol kimi gəlir. Hətta əfv fərmanı imzalandığı gün belə azadlıq mənə çox uzaq idi. Mənə çatdıra bilmirdilər ki, azadlıqdasan. Çünki mən rəsmi qurumun - rəisin informasiyasını almadan bu xəbərin həqiqiliyinə inanmadım. Bayaq dediyim kimi, hakimiyyət cəzanı iri verməklə insanın ömrünün bir heç olduğunu anlatmaq istəyir. Yəni demək istəyir ki, səni rahat getdiyin yerdə küçədən götürərəm, 9 il də həbs verərəm...
R.Arifoğlu:
- Həbs olunarkən başınıza torba keçirmişdilərmi?
Ə.Zeynallı:
- Yox, torba olmadı. Sadəcə, “Kanal 13"-ə gedirdim, ordan israrla dəvət etmişdilər. Mən ora çatanda Aynur İmranovaya zəng elədim. Dedim ki, sən çıx, yolu tanımıram, səni görüm ki, tapım oranı da. ”Çingiz Mustafayev 89"-da redaksiya yerləşirdi, mən “Çingiz Mustafayev 87" yazılan yerdə maşından düşdüm. Mən maşından düşəndə elə bildim ki, göydən cavan uşaq yağır. Hərəsi bir tərəfə qaçışırdı. Elə bildim nəsə oyun oynayırlar. Hətta biri mənə dəydi, bir az büdrəyən kimi oldu, mən bunun qolundan tutub yardım etdim ki, yıxılmasın. Mən bunun qolundan tutdum, bu da döndü məni tutdu. Dərhal bildim ki, söhbət nədən gedir. Çünki hazır idim.
S.Telmanqızı:
- Xəbərdarlıq olmuşdu ki, tutula bilərsiz?
Ə.Zeynallı:
- Yox, nə xəbərdarlıq? Facebookda yazırdım ki, tutulmağa hazıram. Əvvəlki Redaktorlar Birliyinin toplantısında bizim Rauf bəylə bu haqda söhbətimiz olmuşdu. “Bizim xanımın” mənə zəngi haqda... Hətta Rauf bəyə də demişdim ki, xanım mənə zəng edərək, deyəsən, səsimi yazdırdı...
R.Arifoğlu:
- (Gülərək izahat verir) Söhbət Gülər Əhmədovadan gedir. Əvəz bəy həyatında mühüm rol oynamış xanımdan danışır.
Ə.Zeynallı:
- Bəli, ondan gedir söhbət. Rauf bəy də mənə demişdi ki, məsləhətdirsə hərəkətə keçək. O hadisələri gözləyirdim. Mən 40 gün əvvəl “Xural”da yazmışdım ki, hansısa qruplaşmalara daxil olan hansısa deputatın əli ilə məni tutdurmaq istəyirlər.
R.Arifoğlu:
- Başqa məsələlər də var idi. Amma sual budur ki, sizi niyə tutdurmaq istəyirdilər? Burada əsas amil nə idi? Onlar təkrar olunacaqmı? Mən bilən problem qəzetin kursu, yazdıqları ilə bağlı idi...
Ə.Zeynallı:
- Təbii ki. Gündəlik “Xural” gəlmişdi. Çox sərt gəlmişdi və biz bəzi yersiz aqressiyalarımızı da yığışdırmışdıq. Yəni o dərəcədə ciddi, peşəkar dərəcədə “Xural” gəlirdi ki, hətta Bəxtiyar Sadıqov son müsahibələrindən birində demişdi ki, mən baxdım, bunlar normal qəzet çıxarırlarmış. O vaxt bizim hörmətli Mətbuat Şurasının bütün üzvləri tərəfindən şiddətli aqressiya ilə üz-üzə idik. Söyüşlər, təhqirlər... Bunun içində Bəxtiyar müəllimin bir sözü mənim yadımdadır.
R.Arifoğlu:
- Neçə say çıxdı?
Ə.Zeynallı:
- Bir ay. 30 gün gündəlik çıxdıq. Hətta bir dəfə Rauf bəy dedi ki, “Xural” gündəliyə gəldi, bir az rahatladıq. Şimşəkləri o qədər üzərimizə çəkmişdik ki. Səbəb yalnız o idi. Bir neçə ay da keçsəydi, biz mətbuatın həyatında önəmli işlər görəcəkdik. Həm Redaktorlar Birliyinin, həm də alternativ qurumların vasitəsilə. Ondan əlavə də görünür ki, Azərbaycan mətbuatına hazırlanan çox böyük mərhələ var idi. Biz elə bilirdik ki, Eynulla Fətullayevdən sonra redaktorların həbsi dayanacaq. Bunu bizə müsahibəsində Eynulla da demişdi ki, artıq redaktorlar səviyyəsində həbslər olmayacaq.
“Həbs olunduğum yerdə elə bil ki, göydən cavan uşaq yağırdı”
S.Telmanqızı:
- Amma sizdən sonra redaktorların həbsi dayandı.
Ə.Zeynallı:
- Bizdən sonra yeni bir mərhələ başladı. Bizimlə ağır cinayətlərin ən ağır yükü başladı. 9 illə başladıq. Məncə, bizim mətbuat tarixində 9 il həbs cəzası alan redaktor yox idi. Eynulla Fətullayev də 8 il 6 ay cəza almışdı.
R.Arifoğlu:
- O 9 ili sona qədər yatmağa hazır idizmi?
Ə.Zeynallı:
- Bəli. Ən barışmaz danışıqlar, həbsxanada söhbətlər olanda deyirdim ki, mən təqvim vaxtıma qədər səbrlə, hövsələ ilə burda olmağa hazıram.
R.Arifoğlu:
- Türmədə belə bir deyim var: “şəraitini qurub”, uzun müddət oturmağa hazır olanlar. Şəraitinizi qurmuşduzmu? Zonun vəziyyəti necə idi? O şərtlər daxilində bir baş redaktor, yaradıcı adam, yazar olaraq nə edirdiz? Məsələn, gündəlik, yazı-pozu öz yerində. Bunun xaricində insanlarla ünsiyyət, zonu öyrənmə... Nələr var idi qrafikinizdə?
Ə.Zeynallı:
- Mən səhər 7-dən axşam 10-a qədər hər saatı planlaşdırmışdım. Çünki zon yerində vaxtı keçirmək, zamanı öldürmək çox önəmlidir. Çox insanlar var ki, vaxtını sərf edə bilməyəndə dəli olur. Özünü öldürən, asan var, dəlilik həddinə çatanlar olub... Çətindir, sən qəbullanırsan ki, 3500 günü burda oturmalıyam... Jurnalist dostumuz Faiq Balabəylinin “Burda darıxmaq olmaz” kitabını türmədə oxudum. Həqiqətən də türmədə darıxmaq olmaz. Standart günümü deyim: “razvod”, ondan sonra kitabxanaya gedirdim. Sonra gəlib zəng edirdim, evlə, uşaqlarla danışırdım. Ondan sonra kinoya gedirdim. 2 saat kinoya, seriallara baxırdım. Serial həbs müddətini asanlaşdıran şeylərdəndir.
R.Arifoğlu:
- (zarafatla) Bunlar kefdə imiş e... Biz yetimlər...Mən ancaq Pənah Hüseynə baxırdım, bir də Arif Hacılıya. Onlar da mənə...
Ə.Zeynallı:
- Serialdan sonra günorta gəlib yemək yeyirdik, saat 4-də yeməyimiz idi. Sonra “razvod”, “razvod”dan çıxıb telefona gedirdim. Hamam günləri də bunlara əlavə olunurdu ki, hamama gedirdik... Ondan sonra yenə kitabxanada otururdum. Axşam 7-8-ə qədər qəzetləri oxuyurduq. 8-dən sonra gedirdik çayçıya, oturub Xumar Qədimovaya, Rəqsanəyə, Könül Kərimovaya qulaq asırdıq.
R.Arifoğlu:
- Niyə onlara? Bu ki, işgəncə idi...
Ə.Zeynallı:
- Olan o idi. Orda belə televizorlar vardı. Saatı 1 manata mahnı sifariş verirdi dustaqlar. Girirdin içəriyə ki, kimsə meyxana sifariş edib. Başqa seçimin yox idi. Mən orda o qədər meyxanaya qulaq asdım ki. Bəzən əvvəlcədən uşaqları göndərirdim ki, bu gün bizim sifarişimizdir.
S.Telmanqızı:
- Siz nə sifariş verirdiz?
Ə.Zeynallı:
- Alternativ yoxdur. Bəzən türk musiqilərindən dinləyərdik. Birdən Elnarəni, muğam, aşıq Zülfiyyəni dinləyərdik. Zövqüm dəyişmədi orda. Özüm də istəyirdim ki, Rəqsanəyə, Üzeyirə, meyxanaya qulaq asım orda. Bilirsiz, mən onlara qulaq asmamışdım və biz onları həmişə tənqid eləmişdik. Amma qulaq asırdım və bəzən dincəlirdim (gülür). Türklərdə bir söz var, uyduruq. Bəzən ən uyduruq musiqilər adamı rahatladır. Onları da tanıdım, musiqilərini dinlədim. Bunu gündəliyimdə də yazmışam. Rəqsanə ilə danışmışam, Röya ilə dərdləşmişəm... Neyləmək olar, türmədir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024