Mədəniyyyət (18-12-2015, 14:42)
Nərimanovda “Gənc Kooperatorların Liderlik Məktəbi” adlı layihənin açılış mərasimi keçirilib - FOTOLAR
17 dekabr 2015-ci il tarixində “Premier Expo” otelində Azərbaycan Kooperasiya Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gənc Kooperatorların Liderlik Məktəbi” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Mediatv.az xəbər verir ki, layihənin keçirilməsi gənclərin intellektual potensiallarını üzə çıxarmaq, gənclər arasında özünüdərk prosesini sürətləndirməyə yönəlmişdir. Hazırda ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasəti mövcuddur ki, bu da gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şəraitdir. Yaradılmış şəraitin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri sözün həqiqi mənasında, özlərini yüksək intellektual səviyyədə inkişaf etdirə bilirlər. “Gənc Kooperatorların Liderlik Məktəbi” layihəsində bunların hamısını nəzərə alaraq, 3 gün ərzində keçiriləcək liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulmuşdur.
Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru Fikrət Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdi, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə, Elm və Təfəkkür Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Asəf Cabbarlı çıxış edərək layihə iştirakçılarını salamlamış uğurlar arzulamışlar. Natiqlər çıxışlarında bildirmişlər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların Liderlik Məktəbi” layihəsi çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, layihə 3 gün davam edəcək və layihədə 50 nəfər gənc iştirak edəcəkdir.