Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (12-08-2015, 12:50)
Əməkdar artistin arzusu: "Kaş erməni aktyoru olaydım"

Əməkdar artistin arzusu: "Kaş erməni aktyoru olaydım"

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nur ölkə.az-ın suallarını cavablandırıb.

- Əli müəllim, neçə vaxtdır sizə zəng çatmır. Deyəsən istirahətdə idiniz...

- Rusiyada, Altay vilayətində idim.

- Aktyor yoldaşlarınızın son müsahibələrindən xəbərdarsınızmı?

- Orada internetdə oxuyurdum.

- Əvvəl teatrla bağlı baş verən proseslərdə çox fəal idiniz. Son zamanlar sanki kənara çəkilmisiniz. Baş verənləri necə dəyərləndirirsiniz?

- Cənab nazir Əbülfəs Qarayevlə son bir ildə üç dəfə söhbətimiz olub. Axırıncı dəfə dekabrda görüşdük. Ondan sonra nazir müavinləri, şöbə rəhbərləri ilə danışdıq. Orada bir söz dedim və indi də sözümün üstündəyəm. Kaş mən erməni, gürcü, rus aktyoru olaydım, Azərbaycan aktyoru olmayaydım.

- Niyə?

- Çünki Azərbaycan aktyorlarının hamısının taleyi Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin taleyidir. Biz ölümə məhkum adamlarıq. Sənətdə heç vaxt xoşbəxtlik görmürük.

- Aktyor yoldaşlarınız bildirirlər ki, bir qədər kənara çəkilməyinizin səbəbi direktor İsrafil İsrafilovla olan sövdələşmənizdir. Həmin sövdələşməyə əsasən, o sizə xalq artisti fəxri adını almağa kömək edəcəkmiş...

- Qətiyyən elə şey olmayıb. Əksinə iclaslarda ən fəal çıxış edənlərdən olmuşam, problemləri mən qaldırmışam. Aktyorlar Allah şahididir.

- Bəs indi bir zamanlar eyni "cəbhə"də olduğunuz aktyorların mübarizəsində niyə yoxsunuz?

- İlk gündən problemləri qoymuşam. Akademik teatr Milli Fransa Teatrı, Şekspir Teatrı kimi olmalıdır. Bura eksperiment yeri deyil. Aktyor, aktrisa yüz mərhələdən keçib akademik teatra gəlməlidir. Bu teatrın başında rejissor sənətini, aktyor sənətini, teatrı bilən baş rejissor olmalıdır. Azərbaycan teatrları bu mənada faciə içərisindədir. Çünki hamısı direktor teatrıdır. Direktor adminstrativ işçidir, maliyyə məsələsinə baxır, baş rejissorun, digər rejissorların tapşırığını yerinə yetirir, səhnəni lazım olan avadanlıqlarla təmin edir. Teatrda rejissor yaradıcılıqla məşğul olmursa, o, ölü teatrdır və heç vaxt tarixdə qala bilməz. Teatrda xalqın keçmişi, gələcəyi, problemləri göstərilməlidir. Belə tamaşa qoyan kimi üstünə bir müxalifət damğası vururlar. Ay qardaş, belə şey olar? Beş yüz il əvvəl Üçüncü Riçardın qəbrini çıxardıb təntənə ilə aparıb zadəganların yanında dəfn etdilər. Amma Şekspir Üçüncü Riçardı necə eybəcər, qaniçən, ən ədalətsiz hakim kimi vermişdi. Bütün aktyorların arzusu Riçardı oynamaq, rejissorların arzusu bu tamaşanı qoymaqdır. Hər bir millətin, xalqın keçmişindən bəhs edən əsərlər var. Bütün incəsənət xadimləri dövlətin əsgəridir. Harda olursan ol, öz dövlətinin bayrağını, himnini, adını öz canından yüksək və əziz tutmalısan.

- Teatrın tanınmış simalarındansınız və peşəkar aktyorsunuz. İstərdim, bir müddət öncə fəaliyyətindən narazı olduğunuz direktor İsrafil İsrafilovun fəaliyyətini on ballıq sistemlə qiymətləndirəsiniz.

- Bu haqda danışmaq istəmirəm, mənimçün yaradıcılıq maraqlıdır. Mənimçün maraqlı hadisə olan tamaşalar, aktyor işi, rejissor işidir. Təklif ediblər ki, teatra direktor gedim. Amma belə şeyin fərqində deyiləm.

- Hara təklif ediblər?

- Bu haqda danışmaq istəmirəm.

- Özünüz danışdınız...

- İstərdim ki, Gəncə Dövlət Dram Teatrında direktor olum. Orada baş rejissor olsun və iki ilə Azərbaycana sübut edim ki, teatr necə olur.

- Bunu sizə təklif ediblər, yoxsa öz ürəyinizdən keçənlərdir?

- Bu təklif də olunub. Mən hələ 30 yaşımda 5 il Sumqayıt teatrında direktor olmuşam - 1982-86-cı illərdə. Yəni idarəçiliyi bilirəm. Direktorluq tamam başqa sahədir. Teatr rejissor sənəti ilə tanınır e. Adil İsgəndərov teatrı deyirdilər. İsrafilovun özünün Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov haqqında kitabları var. Teatr tarixdə bunların adı ilə qalıb.

- Müsahibələrinizin birində demişdiniz ki, mənim səsləndirdiyim tənqidlər əynimə kəfənimi geyinməyimdir. Niyə elə deyirdiniz? Sizə hədə-qorxu gəlirdilər?

- Elə şeylər var ki, onları mətbuata çıxarmaq olmur.

- Bunları mətbuatda demişdiniz...

- Məşhur rus tənqidçisi Popov deyir ki, aktyor dünyanın ən yaltaq, iki sifətli, ən qorxaq, rəzil, cəsarətsiz və şərəfsiz varlığıdır. Aktyor heç vaxt durub direktorla, nazirlə, nazir müavini ilə "razborka" edə bilmir.

- Popovun dediklərinin neçə faizi sizə aiddir?

- Sizə bir fakt deyim. Təxminən bir ay yarım əvvəl SSRİ xalq artisti Aleksandr Kalyaginin müsahibəsinə qulaq asdım. Səməndər Rzayevin dublyaj etdiyi "İstintaq" filmində də baş rol oynayıb. Kalyagin həm də Teatr Xadimləri İttifaqının sədridir. Bir saat prezident Putinlə görüşündən danışdı. Deyir, bir saat Putinin qəbulunda oldum, aktyorların maaş, yaşlı aktyorların təqaüd məsələsini qaldırdım. Putin dedi ki, Rusiyada iqtisadi vəziyyət yaxşı deyil, bu məsələni saxlayaq. Xudahafizləşib getdim. Prezident sarayından çıxanda eşitdim ki, arxadan səs gəldi. Gördüm ki, prezidentin müşaviridir. Dedi, cənab prezident deyir ki, geri qayıtsın. Qayıtdım, içəri girdim. Putin dedi ki, sənin sözlərin mənə çox toxundu, biz, doğrudan da, aktyorların maaşını, yaşlı aktyorların isə təqaüdünü artırmalıyıq. Yerindəcə sərəncam verdi.

- Siz prezidentin qəbulunda olmasanız da, 3 dəfə nazirlə görüşmüsünüz. O görüşlərdə bu dediyiniz məsələləri qaldırdınız, yoxsa sırf şəxsi problemlərinizdən danışdınız?

- Ancaq teatr barədə danışmışam.

- Məsələn?

- Azərbaycandakı bütün aktyorlar bilirlər ki, Əbülfəs Qarayev məni çox istəyir. Onun özü də deyir ki, məni çox istəyir, hörmət edir. Heç vaxt öz problemimi qaldırmamışam. Bir var insanı mənəvi sındırmaq, bir də var aparıb güllələmək. Güllələməklə mənəvi sındırmaq eyni şeydir. Sınandan sonra asılı vəziyyətdə qalırsan, qul olursan. Azərbaycan aktyorları quldurlar. Niyə? İstədiyi rolları oynaya bilmirlər, direktor mane olur. Teatr aləmində belə şeylər var. Aldığın maaş heç məişət xərclərinə çatmır. Direktordan, nazirdən, nazir müavinindən asılısan. Təşəkkür edirəm ki, yenə prezident mükafatı verilir. Bu aktyor üçün böyük şeydir. Amma burada da bəzən konflikt yaranır. Məsələn, altmış aktyorun yarısına verilir, digərləri almır. Ortada nifaq, paxıllıq, xainlik yaranır. Eyni tamaşanı hamımız oynayırıq da. Bölgü olmalıdır. Sovet dövründə bölgü var idi - ali dərəcəli aktyor və sair. Məsələn, digər aktyorlar 250 manat aldığı halda, Hökumə Qurbanova 350 manat alırdı. Azərbaycan xalqı yaranandan onun muğamı, toyu, idmanı, pəhləvanları olub. Amma bu millətə, xalqa mədəniyyəti, teatrı Axundov, Hacıbəyov, Nəcəf Bəy Vəzirov, Zərdabi gətirib.

- Özünüz hiss edirsinizmi mövzudan yayınırsınız, nitqinizdə yumşalma, "sınma", sakitləşmə var. Bu nə ilə əlaqədardır?

- Bir dəfə nazirliyə çağırdılar. Orada da sözümü dedim. Dedim ki, artıq mənimçün nə teatr, nə direktor, nə rejissor, nə tamaşa, tamaşaçı maraqlı deyil. Mənimçün bunlar maraqlı deyil və ölüb.

- Bəs indi nə maraqlıdır?

- Teatr ölüb, dəfn etmişəm. Üç ay əvvəl nazirlikdə demişəm. Mənimçün maraqsızdır direktor kim olur, baş rejissor kim olur. Kimlər gəlir, kimlər oynayır. Ona görə etinasızam. İşə də aldığım 350 manat maaşa görə gedirəm. Bundan sonra rol verərlər, oynayaram, verməzlər, oynamaram. Bu akademik teatrdır e. Tutaq ki, götürürlər Şövqi Hüseynova bütün Azərbaycan teatrının qarşısında böyük bir mükafat verirlər. Şövqini də çıxart səhnəyə, məni də. O da Riçard oynasın, mən də. O da Məşədi İbad oynasın, mən də. Bu, gülüncdür e, gülünc. Bu, təhqir olunmaqdan da betərdir. Adam belə şeyləri görəndə özünə də, peşəsinə də nifrət edir. Vaxtilə teatra Culyettanın görüşünə gedən kimi gedirdik. İndi teatra gedəndə elə bilirəm ki, xəyanətkar, ifritə bir qadının, itin görüşünə gedirəm. İndi heç nəyin marağında deyiləm. Bunlar vaxtında olmalı idi. Nazirə də söz vermişdim ki, heç bir jurnalistə müsahibə verməyəcəyəm, teatr haqqında danışmayacağam.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024