Kriminal (1-10-2018, 11:32)
Ögey anasını öldürən şəxs dəlixanaya göndərildi
Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, R. Bağırov anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilib və o, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.
Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu, 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.
O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.