Kriminal (3-05-2018, 10:16)
Ev sahibini öldürən psixiatrik ekspertizaya göndərilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Maqsud Əliyevin (1974-cü il təv.) CM-nin 120.2.9 (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.3-cü ( quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mediatv.az-ın məlumatına görə, ötən il avqustun 21-də, səhər saatlarında naməlum şəxs Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib.
O, əvvəlcə ev sahibəsinə özünü usta kimi təqdim edib. Bundan sonra isə evə daxil olaraq Hüseynovanı bıçaqla hədələyib, ondan pul və qızıl əşyalar tələb edib. Qadın qışqırıb, qonşuları çağırdığından, məqsədinə nail olmaddan hadisə yerindən qaçıb.
İki gündən sonra, yəni ayın 23-də Maqsud Əliyev Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı quldurun digər cinayəti də üzə çıxıb.
Məlum olub ki, o avqustun 21-də Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evə açıq pəncərədən daxil olaraq, taxta parçası ilə divanda yatmış ev sahibi Məmməd Sərxanovun başından zərbələr vuraraq, onu öldürüb. Səs-küyə gələn mərhumun həyat yoldaşı Zeynəb Sərxanovadan əvvəl qiymətli əşyaların yerini soruşub, sonra isə həmin alətlə qadına da ağır dərəcəli bədən xəsarətləri yetirib, hadisə yerindən uzaqlaşıb. Yaralanan Z.Sərxanova xəstəxanaya yerləşdirilib.
Məhkəmə prosesində çıxış edən vəkil vəsatət verərək, təqsirləndirilən şəxs barəsində kompleks məhkəmə-psixiatriya ekspertiza keçirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və M.Əliyev barəsində ekspertiza keçirilməsi barədə qərar qəbul edib.
Bu səbəbdən məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə Maqsud Əliyev ittiham üzrə özünü təqsirli bilərək, əməllərindən peşman olduğunu qeyd edib.