Kriminal (24-01-2018, 20:30)
Bakıda sevgilisini və onun atasını öldürən şəxsə ömürlük cəza verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mediatv.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar olunub.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.