Kriminal (1-08-2018, 09:58)
Keçmiş arvadını şəkilə görə boğan məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rahib Babayevin (1985-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az-ın məlumatına görə, ittiham aktına əsasən, bu il yanvarın 23-ü gecə saat 3 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi Hasil Bayramov küçəsi, 67 ünvanında Rahib Babayev keçmiş həyat yoldaşı Ülviyyə Orucəliyevanı (1992-ci il təv.) boğaraq öldürüb və hadisədən sonra könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.
İbtidai istintaqda iş üzrə bindirilmiş R.Babayev bildirib ki, 2 ildir ki Ülviyyədən ayrılıb, nikahlarında iki azyaşlı övladları var. Rəsmən boşansalar da, birgə yaşayıblar, hətta məhkəmənin təyin etdiyi alimenti də ödəyib. Onun sözlərinə görə, Orucəliyeva qabağını kəsərək “səni qoymayacam evlənəsən, qayıt” deyib. Rahib birtəhər onu sakitləşdirib, evə gətirib. Lakin orada Ülviyyə sakitləşməyib və onu təhqir etməyə başlayıb. Buna görə Babayev dözməyərək, onu əlləri ilə boğazından tutub, boğub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb:
“Şərəf və ləyaqətimi alçatdığı üçün bu cinayəti törətdim. Peşmanam, özümü, onu və uşaqların həyatını məhv etdim”.
Rahib Babayevin sözlərinə görə, Ülviyyə Orucəliyeva iki dəfə ona bıçaqla xəsarət yetirib:
“Birinci dəfə evdə vurdu məni. Bıçağı atdı, o da gəldi ayağıma batdı. Sonra Binə qəsəbəsində kirayə ev tutdum, izlədi, yerimi tapdı. Yolda rastlaşanda sinəmdən zərbə endirdi”.
Hadisə baş verən gecə uşaqlar artıq yatmışdı:
“Ülviyyə mübahisə zamanı özüünə xəsarət yetirmək istədi, qollarını kəsməyə cəhd edəndə, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sakitləşdirdim”.
Babayev bildirib ki, növbəti mübahisələri gecə saat 3-də başlayıb. O yataqda yatanda Ülviyyə telefonla şəkilini çəkib, yeni ailə həyatı qurduğu qadının qardaşına göndərib:
“Ülviyyə şəkilin dalınca səs göndərib, dedi ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Bundan bərk əsəbiləşdim. Qışqıra-qışqıra əllərimlə boğazından tutub, sıxdım”.
Növbəti proses avqustun 7-nə təyin olunub.