Kriminal (18-05-2014, 16:10)
Ər boşanmaq istəyən arvadını bıçaqladı
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Yusifzadə Yusif Əliabbas oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.
“Mediatv.az” xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Apelyasiya Məhkəməsində Y.Yusifzadənin apelyasiya şikayətinə baxılıb, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Hökmə əsasən, Y.Yusifzadə keçmiş həyat yoldaşı Gülzadə Ağayevanın onu evdən qovması, uşaqları göstərməməsi səbəbindən ötən il sentyabr ayının 13-də yaşadıqları evin qarşısında mübahisə edib. Mübahissə zamanı Y.Yusifzadə özündə olan bıçaqla keçmiş arvadının sifətinə və qarın nahiyəsinə zərbələr endirib.
Məhkəmə prosesi zamanı Y.Yusifzadə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib. O, ifadəsində G.Ağayeva ilə 1989-cu ildə ailə qurduqlarını, birgə nikahdan 4 uşaqları olduğunu göstərib: "2012-ci ildə həbs olundum. Buna görə də arvadım məndən boşandı. Boşanandan sonra arvadım məni evə buraxmırdı, uşaqlarla görüşməyimə imkan vermirdi. Bu barədə danışmaq üçün hadisə baş verən gün qayınatamgilin evinin qarşısında dayanıb Gülzadənin işdən qayıtmasını gözlədim. Gülzadə məni görən kimi üstümə qışqıraraq “niyə gəlmisən, biz səninlə boşanmışıq” deyə çığır-bağır saldı. Hirsləndim, özümü saxlaya bilməyib cibimdən bıçaq çıxarıb sifətindən və qarınından vurdum. Bıçağı ağacların dibinə tullayıb qaçıb getdim. Keçmiş arvadımı öldürmək niyyətim olmayıb, eləcə qorxutmaq istəyirdim. Əməlimdən peşmanam”.
Zərərçəkən şəxs qismində dindirilən Gülzadə Ağayeva həyat yoldaşının narkotik vasitələrin istıfadəçisi olduğunu, ailəsinin problemləri ilə maraqlanmadığını, tüfeyli həyat sürdüyünü, elə bu səbəbdən də ondan rəsmi qaydada ayrıldığını göstərib: "Ayrılmışdıq, amma yenə də məni tez-tez narahat edir, barışmaq istəyirdi. Hadisə baş verən gün işdən evə gələrkən Yusifi yenə həyət qapısının ağzında gördüm. Ona yaxınlaşıb bir daha məni narahat etməməsini tələb etdim. Bu vaxt Yusif gözləmədiyim halda bıçaq çıxarıb sifətimdən vurdu. Bununla ürəyi sakitləşməyib qarnıma da zərbə endirdi. Mən qışqırıb atamı köməyə çağırdım. Atam səsimi eşidib çölə çıxdı və taksi ilə məni xəstəxanaya çatdırdı”.
Məhkəmənin hökmü ilə Yusif Yusifzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
