Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-03-2016, 15:11)
Asif Əsgərovun qatil oğlu həbsdən necə azad edildi...

“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Bu, prezident İlham Əliyevin müşavirələrin birində səsləndirdiyi fikirlərdir. Hansı ki, ölkə başçısı artıq bir neçə ildir ki, hər çıxışında bu məsələyə toxunur. Amma çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan nəinki nəticə çıxartmırlar, əksinə, daha da harınlayırlar. Belə məmurlardan biri də Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovdur. Bu yazıda (mövzumuz davam edəcək və digərlərini də əhatə edəcək) A.Əsgərovun icra başçısı kimi hansısa əməlindən yox, bir insan kimi yol verdiyi yanlışdan yazacağıq. Qısacası, afn.az saytı olaraq, bundan sonra cəza, bəd əməl törədən, lakin cəzasız qalan məmur övladları haqda silsilə yazılar hazırlamağa qərar verdik və ilk olaraq da insan ölümü ilə nəticələnən qəza törədən, lakin hazırda azadlıqda olan başçı oğlundan başladıq.

1998-ci il təvəllüdlü İlham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb.
Günahsız insanın həbsi…

Hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, İlham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.

Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, İlham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi…

Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular.
Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı.

Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin yazdıqları…

“Azadlıq” qəzeti yazır ki, İlham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Qəza zamanı aldığı xəsarətlə əlaqədar həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. İlham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”.

İftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb.

Cəzadan yayınan məmur övladları:

Və… Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.

Prokuror Ceyhun Kazımov İlham Əsgərlidə “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb.
Məhkəmə prosesində üzə çıxan ilginc faktlar niyə araşdırılmadı?

İndi isə bir qədər geriyə – haqqında söhbət gedən məhkəmə prosesləri zamanı üzə çıxan faktlara qayıdaq. Hadisə zamanı dünyasını dəyişən Sənan Mirzəyevin atası, “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev hadisə baş verən zaman oğlunun daha çox diqqətsizlikdə dünyasını dəyişdiyini bildirib: “İlham gəlib Sənana özü ilə birlikdə Şüvəlana paintball oynamağa getməyi təklif edib. Sürücü olmadığına görə oğlum getmək istəməyib. Amma İlham deyib ki, mən öz sürücümlə gəlib aparacam səni.

İlham Əsgərli yolda maşını sürücüdən alaraq özü idarə edib, nəticədə qəza baş verib. Mən oğlumu itirmişəm. İlham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib.
Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü təcili olaraq Türkiyəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. İlham Əsgərliyə layiqli cəza verilməsini xahiş edirəm”.

Əhliman Süleymanovun atası Qəhrəman Süleymanovun məhkəmənin gedişatı haqda dediklərindən:

“Prezident məmurları yığıb tənbeh etdi. Xəbərdarlıq etdi ki, qulağıma gəlib çatır, məmur övladları çox qudurğanlıq edir. İndi həmin vəziyyətdir. Mənim övladım bir məmur övladının “avtoş”luğunun qurbanına çevrilib. Daha doğrusu, iki nəfər bu qurbana çevrilib. Biri mənim oğlum, hansı ki onu həbsxana gözləyir. Biri də bir iş adamının balası – hansı ki, qəbirdədir. Kasıb adamlarıq, oğlum günün 18 saatını işləyirdi, aldığı qəpik-quruşla iki azyaşlı balasını zorla saxlayırdı. 8 aydan çoxdur işsizdir, qalmışıq məhkəmə yollarında. Oğlumu həbs etmək istəyirlər. Başçının oğlu “avtoşluq” edib, nəticəsə ölüm baş verib. İndi onun cinayətini oğlumun üstünə yıxmaq istəyirlər…

Övladımın da iki azyaşlı və xəstə övladı var. 8 aydır başımızı məhkəmə, get-gəllə qatıblar. Oğlum işini itirib. Bir nəvəmin gözü müalicə olunmasa tamamilə tutulacaq. O həbsə getsə, övladlarını saxlayıb böyütmək imkanımız yoxdur. Bircə yolum qalıb, əgər başçının oğlunun törətdiyi əmələ görə mənim oğlum həbsə düşsə, elə hökm çıxan kimi məhkəmədən birbaşa Səbail rayon İcra Hakimiyyətinin qarşısına gedib oradaca özümü yandıracam”.

Əhliman Süleymanovun vəkili İlqar Musayev: Ona təqsirləndirildiyi maddə üzrə cəzanın maksimum həddi istənilib, yüngülləşdirici hallar nəzərə alınmayıb: “Prokuror bir tərəfdən yüngülləşdirici halları sadaladı, o biri tərəfdən cəza istəyəndə bu halların heç birini nəzərə almadan maddədə nəzərdə tutulmuş maksimum cəza həddini istədi. Həmin maddədə cəza 2 ildən 6 ilədək göstərilir ki, prokuror ən yüksək həddi tələb etdi. İlham Əsgərlinin maddəsində isə yüngülləşdirici hallar nəzərə alındı. Ona verilən maddədə cəza 4 ildən 8 ilədək nəzərdə tutulurdu. Prokuror 6 il 6 ay istədi. Artıq buradan məmur övladı ilə kasıb balasına göstərilən fərqli münasibət göz qabağındadır”.

Əhliman Süleymanov da ağır xəstədir-qanında parçalanma gedir

«İndi başçının subay-sultan oğlu azadlıqdadır, mənim tifilim, 2 qız övladı qohumlar ümidinə qalan günahsız Əhliman həbsdə… İl yarımdır onun xəstə balalarını yarıac, yarıtox qarınla ayaqda saxlayırıq. Əhliman ailənin yeganə qazanc yeri idi. Mən işləyə bilmirəm, belimdə iki «qrıja» var. Uşaqları qohumlar yedirdir. İmkansızlıqdan qızın birinin gözünü neçə ildir əməliyyat etdirə bilmirik», – bunu A.Əsgərovun oğlunun azadlığa çıxdığını eşidərkən hələ cəzasının bitməsinə 4 il yarım qalmış «Howo» sürücüsü Əhliman Süleymanovun atası Qəhrəman dayı deyib.
Qəhrəman dayı onu da deyir ki, Əhliman özü qan xəstəsidir. Hətta xəstəliyinə görə əsgərliyə də aparmayıblar. Hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Qanında parçalanma gedir. Buna görə məhkəməyə, prezidentə müraciət edib. Hətta oğlunun sağlamlıq durumunu və ailə vəziyyətini ölkənin baş prokuroru Zakir Qaralova üzbəüz anladıb. Ancaq nəticəsi olmayıb.aztoday.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024