Kriminal (1-11-2016, 20:13)
“Qızıl Məryəm”i öldürənlərə 47 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanınmış qızıl alverçisi olan Məryəm Nemətzadəni öldürməkdə təqsirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az xəbər verir ki, Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən C.Əsgərovun vəkili Ağaveyis Şahverdi müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül cəza təyin edilməsini istəyib. Daha sonra prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror G.Hüseynovanın 19 il, N.Eyvazovun 10 il, C.Əsgərovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü M.Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü G.Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər. Qətlə yetirilən M.Nemətzadə “Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. O paytaxtda qızıl alveri ilə məşğul olub. “Moskva” univermağında onun mağazaları, paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub.