Kriminal (2-06-2017, 14:43)
Aygün Bəylərin qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümbətov və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttiham üzrə F.Məmmədzadə, A.Hümmətov, E.Əsirov, C.Alxasov özünü təqsirli bilməyib, digər iki şəxs E.Alxasovla R.Əsirov isə özlərini qismən təqdirli biliblər.
Sonra təqsirləndirilən Fuad Məmmədzadə ifadə verib və bildirib ki, digər təqsirləndirilən Elmir Alxazovla sinif yoldaşı olub və qətldə heç bir iştirakı yoxdur.
Məhkəmə prosesi iyunun 16-da davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E. Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.
Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.