Kriminal (13-05-2017, 20:52)
BDU-nun müəlliminin cəzası yüngülləşdirildi: 3 il həbs
Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mediatv.az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
Qeyd edək ki, ittiham aktına əsasən, L.Məmmədova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törədib.
Belə ki, o, tamah niyyəti ilə 2015-ci ilin iyul ayında Yusibov Azər Məhəmməd oğluna özünü Bakı Dövlət Universitetinin (BDU) müəllimi və tələbə qəbulu üzrə səlahiyyətli şəxs kimi təqdim edib.
L.Məmmədova A.Yusibovu aldadıb, etibarından sui-istifadə etməklə onun qızı Nuranə Yusibovanı BDU-nun Geologiya və xəritəçəkmə fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə söz verib. O, bu məqsədlə zərərçəkmişdən 2015-ci ilin iyul ayının ortalarında A.Yusibovun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki evində 5 min manat məbləğində pul alıb. Daha sonra L.Məmmədova verdiyi vədə əməl etməyib.
L.Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti verib.