Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru Sabir Abbasovun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az bildirir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzəli Abbasov sədrlik edib. Prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası azaldılaraq 1 il 1 aya endirilib və məhkəmə zalından azalığa buraxılıb.
Qeyd edək ki, 2015-ci ilin fevral ayının 7-də Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb. Belə ki, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya o, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində S.Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, cinayət başında tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. S.Abbasov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.