Kriminal (30-03-2017, 16:29)
"Mənim də alverçi olduğumu bilirdilər" - "MTN işi"
Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Mediatv.az: Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib.
Cahangirov bildirib ki, Dubaydan 95 min manatlıq qızıl alaraq Bakıya gətirmək istəyib. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb:“Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir. Mənim də alverçi olduğumu bilirdilər. Gömrükdə olan monopoliyadan yayınmaq üçün qızılları Elxana verdim ki, o keçirsin”.
Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar. Bundan sonra A.Cahangirov Bakıya gəlib. Onu da MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğunu deyiblər və cinayət işi başlamamaq üçün ondan əlavə olaraq 50 min manat tələb ediblər. Zərərçəkmiş şəxs həmin pulu verdiyini deyib.
Digər zərəçəkmiş Hüseynov da oxşar ifadə verib.
Məhkəmədə sualları cavablandıran A.Cahangirov deyib ki, general Sübahir Qurbanovu tanımır.Ancaq vəkillər bildiriblər ki, o, S.Qurbanov və digər təqsirləndirilən şəxsləri tanımadığını desə də onlara qarşı mülki iddia qaldırıb.
Vəkillər zərərçəkmişdən həmin iddianı müdafiə edib-etməməyini soruşublar. O, iddianı müdafiə etdiyini deyib.
Məhkəmə prosesi davam edir.
İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.