Kriminal (27-03-2017, 14:48)
Hakim Çovdarovun vəsatətini rədd etdi
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az: Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov onun holter aparatı vasitəsi ilə müayinə edilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məhkəmənin səlahiyyətinə aid deyil.
Vəkil Sadiq Rəsulov jurnalistlərə deyib ki, bir müddət əvvəl A. Çovdarov aclıq aksiyası keçirən zaman Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində ona holter aparatı ilə müayinə təklif olunub. Həmin vaxt A. Çovdarov aclıq aksiyası keçirdiyindən bundan imtina edib, bildirib ki, müayinənin nəticəsi düzgün olmayacaq: "Biz indi Tibb Baş İdarəsinə müraciət edərək müayinənin keçirilməsini istəyirik. Lakin onlar bunun üçün məhkəmə qərarı tələb edirlər. Məhkəmə isə bunun onların səlahiyyətinə aid olmadığını deyir".
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin (Azər Quliyev vəfat edib, onu hüquqi varisi təmsil edir) epizodu üzrə MTN-nin əməkdaşı olmuş Əziz Əzizov şahid qismində ifadə verib. O, Səlim Məmmədovun göstərişi ilə bir dəfə "Azərtikinti ATF" şirkətində olduğunu deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, Arif Həsənov “Techmarine LTD” MMC-nin təsisçisi olub. 1996-cı ildə təsis edilən şirkətin 50 faizi sonradan Səhrab Allahverdiyevə satılıb. A. Həsənov istintaq zamanı ifadəsində deyib ki, şərikindən şübhələnib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq, şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib".
Arif Həsənov bununla bağlı MTN polkovniki Fizuli Əliyevə şikayət edib. Lakin bundan sonra F. Əliyev onu günahlandırıb: "Fizuli Əliyev dedi ki, bütün günah məndədir. Məni və oğlumu tutmaqla hədələdi. Məndən 400 min manat istədi və cəmi bir gün vaxt verdi”.
Bundan sonra A. Həsənovun ofisində axtarış aparılıb:
"Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar, mən qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər. 400 min istədilər. Şirkətin ofisini verdim. Bank hesabında olanları aldılar".
Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
APA