Kriminal (19-01-2017, 17:27)
Rüfət Səfərov “kars”a salınıb
9 il azadlıqdan məhrum edilən sabiq müstəntiq Rüfət Səfərov “kars”a salınıb.
Mediatv.az xəbər verir ki, bu barədə onun atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu məlumat verib.
E.Sabiroğlu “Facebook”dakı açıqlamasında yazır: “Şərlənərək 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərova qarşı təqib və təzyiqlərin ardı-arası kəsilmir. 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməmişdən əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında başlanan təzyiqlər, cəzaçəkmə müəssisəsində daha şiddətli xarakter alıb. Bu gün Rüfətin evlə telefon danışığının vaxtı idi. Zəng olmadığından narahatlıq keçirdim və cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladım. Oradan məlumat verildi ki, Rüfət Səfərov həbsxananın cərimə təcridxanasına, yəni karsa salınıb. Səbəbini soruşduqda həbsxananın növbətçisi heç bir izah verməyərək, R.Səfərovun daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığını bildirdi. Bir daha növbətçidən hansı qaydalara onun əməl etmədiyini soruşduqda, yenə heç bir izah vermədi və qeyd etdi ki, bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Səlahiyyət sahibi ilə isə danışa bilmədim, telefona kimsə gəlmədi.
Mən bunu Rüfət Səfərova qarşı quraşdırılan bir hərəkət kimi qiymətləndirirəm. Bəyan etmək istəyirəm ki, cəzaçəkmə müəssisəsində Rüfətin ətrafında çətin vəziyyətin yaradılmasını hiss edirdim. Bu, işgəncənin bir növüdür. Oğlumun həyatı üçün ciddi təhükələrin olacağı qənaətindəyəm. Ona görə də beynəlxalq təşkilatlardan və ölkədəki İnsan hüquqlarını müdafiə edən qurumlardan təzyiq və təqib metodlarına diqqət yetirmələrini xahiş edir, əlaqədar hökumət orqanlarından isə basqının aradan qaldırılması üçün ölçü götürmələrini tələb edirəm”.