Kriminal (29-12-2016, 13:13)
Natiq Kərimovla bağlı cinayət işi məhkəməyə göndərildi
Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimovun barəsindəki cinayət işi məhkəməyə göndərilib.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə N.Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib.
Vəkil bildirib ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və təqsirləndirilən şəxs istintaq materialları ilə tanış olub. Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq bu il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.