Kriminal (13-12-2016, 13:27)
Həbsxana işçisi güllələndi - Rusiyada dəhşətli qətl
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində əslən Azərbaycandan olan şəxs güllələnərək öldürülüb.
Mediatv.az-ın məlumatına görə, Rusiya Federasiyası vətəndaşı, 1989-cu il təvəllüdlü, Dağıstanda cəzaçəkmə müəssisələrinin birində nəzarətçi işləyən Vəliyev Məhəmməd Ağakərim oğlu Dağıstanın Xasavyurd rayonunda yaşayıb.
Əslən Azərbaycanın Qusar rayonundan olan M. Vəliyev internetdə avtomobil elanı verən zaman Mahaçqala sakini ilə mübahisəsi yaranıb, etnik zəmində təhqir olunub. Onlar mübahisəni görüşərək həll etməyə qərar veriblər. Dekabrın 11-də Mahaçqala ətrafı qəsəbələrdən birinə təyin olunan görüşə M. Vəliyev tək, qarşı tərəf isə dəstə halında gəlib. Mübahisə əlbəyaxa davaya keçib, dəstə üzvləri azərbaycanlı gənci əvvəlcə bərk döyüblər və sonra tapança ilə öldürüblər. Ona 5 dəfə atəş açılıb.
Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır, hadisəni törədənlər axtarılır.