Kriminal (15-08-2016, 10:50)
İrandan Azərbaycana 141 kq heroin keçirilməsinin qarşısı alınıb
Avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar.
Mediatv.az xəbər verir ki, APA-nın cənub bürosunun xəbərinə görə, daxil olan əməliyyat məlumatına əsasən gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb.
Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Sürücü yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.