Dünən Beyləqan rayonunda baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Mediatv.az-ın məlumatına görə, Yuxarı Kəbirli kəndində 6 yaşlı oğlunu amansızlıqla öldürən Zahid İsgəndərov bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. Onların iki övladı olub. 6 yaşlı oğlan və ondan kiçik olan qız uşağı.
Belə ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Mahirə adlı qadınla nikahı pozulduqdan sonra 6 yaşlı Ümid atası ilə, onun qızı isə anası ilə qalıb. Lakin münaqişələr bununla bitməyib. Z.İsgəndərov dəfələrlə keçmiş qayınatasının evinə gələrək onları ölümlə hədələyirmiş. Dünən kəskin psixoloji vəziyyətdə Z.İsgəndərov əvvəlcə 6 yaşlı oğlunu öldürüb, daha sonra isə keçmiş həyat yoldaşını qətlə yetirmək üçün onların evinə gedib. Qohum-qonşu yığışaraq onun qadını öldürməsinə mane olub və yaxalanacağını görüən Z.İsgəndərəv qaçıb.
Hazırda Z.İsgəndərovun tutulması istiqamətində iş aparılır.
* * *09:55
Beyləqanda dəhşətli qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.