Mediatv.az-ın məlumatına görə, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlində ittiham olunan həyat yoldaşı Xalidə İsgəndərovanın yaxın günlərdə məhkəmə istintaqı başlayacaq. Cinayət işi üzrə materiallar hakim Əfqan Hacıyevin icraatındadır.
Əvəz Ələkbərov
Xatırladaq ki, Füzuli İsgəndərov ötən il sentyabrın 1-də xüsusi amansızlıqla qətlə yetirilib. 2015-ci il, aprelin 13-də onun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova dindirilib, onlar zərərçəkən kimi tanınıb.
İki həftə sonra - aprelin 30-da isə müstəntiq zəng vuraraq X.İsgəndərova və qızı Əmanəni təkrarən prokurorluğa çağırıb. Bundan sonra isə Xalidə İsgəndərova şübhəli şəxs kimi saxlanılıb.
X.İsgəndərovanın qardaşı Eldar İbrahimov virtualaz.org saytına açıqlamasında bacısının haqsız yerə həbs olunduğunu demişdi: “Bacım baş vermiş qətl hadisəsinin icraçısı yox, şahidi olub. Ona qarşı irəli sürülən bu ittihamlar əsassızdır. Bütün bunlar bacıma atılan şər-böhtandır, ona qarşı qurulan bir oyundur. O, öz ərini niyə öldürməli idi ki?!”
Qeyd edək ki, sentyabrın 18-də Xalidə İsgəndərovanın qızları, qardaşları, 79 yaşlı anası və digər qohumları Baş Prokurorluğun binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
X.İsgəndərovanın günahkar olmadığını iddia edən qohumları Baş Prokurorluğun qarşısına dəfələrə lazımi instansiyalara müraciət etsələr də heç bir müsbət nəticə əldə edə bilmədiklərindən toplaşdıqlarını bildiriblər.
X.İsgəndərovanın yaxınları hadisənin törədilməsi və istintaqın X.İsgəndərovanı təqsirli bilməsində Füzuli İsgəndərovun bacısı Cəmilənin və onun həyat yoldaşı Mahir Süleymanovun günahkar olduğunu iddia edirlər: “20 ilə yaxındır ki, Füzulinin bütün işlərini bacısı və onun əri Mahir idarə edir. Sənədləşdirmə, ev tikintisi, təmiri və s. üçün nə lazım olsa, onların hamısını Mahirə tapşırırdı. Füzulinin mal-mülkü, imkanı çox yaxşı idi, hər şeyi var idi. Amma nə evlərindən hansısa biri, nə də başqa mülkü arvadı və uşaqlarının adında idi. Hamısı bacısının, atasının, bacısı əri Mahirin və Mahirin qohumlarının adınadır. İndi Füzuli yoxdur, iki qıza öz xalaları baxır. O qədər var-dövlətdən bu uşaqlara heç nə qalmayıb”.