Sosial / Slayd (23-10-2014, 18:07)
Sabiq nazirin xalası oğlunun qatili haqda yeni xəbər
Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunun qətlindən iki aya yaxın vaxt ötür. Bu müddət ərzində Füzuli Haqverdi oğlu İsgəndərovun qatili istintaqa cəlb olunmayıb.
Məlumata görə, sentyabrın 1-də öldürülən sabiq nazirin qohumunun işi ilə bağlı müəmma davam edir. Cinayəti törədən şəxsin mərhumun yaxın çevrəsindən biri olduğu söylənsə də, konkret bir fakt yoxdur.
Əldə etdiyimiz son xəbərdə bildirilir ki, qatil ölkədən qaçıb və oğurladığı pulları da xaricə çıxara bilib. Məhz bu fakt da istintaqı çətinliyə salır: nə qatil, nə də dəlil ələ keçir.
İlkin ehtimala görə, cinayətkar (yaxud cinayətkarlar) avqustun 29-da qızına toy edən sabiq məmurun toyuna külli miqdarda pul yığıldığı düşüncəsində olublar.
Güman olunur ki, cani də onun evinə məhz qarət niyyəti ilə daxil olub, maneə ilə üzləşdiyini gördükdə isə başqa seçimi olmayıb. Odur ki, əlbəyaxa olub və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu öldürülüb. Polisin bu ehtimalı onu deməyə əsas verir ki, qatil qurbanının yaxın ətrafındakı biri olub. Hər halda, sıradan bir cinayətkar vaxtilə məmur olmuş şəxsin övladına toy etdiyini öyrənə, toya külli miqdarda pul yığıldığını və pulların məhz evdə saxlandığını bilə bilməzdi.
F.İsgəndərov Babək prospektində yerləşən evinin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Qatil onun boğazını kəsərək öldürüb və maskada olub. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub.
Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Süpürləşmədə qatilin maskası üzündən çıxıb. Qadın bütün qızılları və pulları verəcəyini deyib və onu öldürməməsi üçün yalvarıb.
Nəticədə qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Bu da daha bir faktdır ki, qatilin maskası düşübsə, qadın onun üzünü görüb və tanıyıb.
Xatırladaq ki, F.İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.(axar.az)