Sosial / Slayd (24-02-2015, 22:01)
Prokuror sabiq hakim Həsən Əliyevə 10 il iş istədi
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesini izləyən müxbirinin verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı Anar Mirikişiyev ittiham nitqi ilə çıxış edib. O, sabiq hakim Həsən Əliyevin, Elman Məmmədovun, Taleh Süleymanovun azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror sabiq hakim Həsən Əliyevə 10 il, Elman Məmmədovla Taleh Süleymanovun hər birinə isə 9 il iş istəyib.
Bundan sonra proses martın 2-dək təxirə salınıb.
Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.