Kriminal / Slayd (18-12-2023, 19:26)
Keçmiş hakim məhkum edildi - 9 il həbs
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.Müttəhim kürsüsündə əyləşən sabiq hakim özünü təqsirli bilməyib, son sözündə məhkəmədən bəraət tələb edib.
Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
İttihamda deyilir ki, İ.Mahmudov icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul alıb, 2 halda ədalətsiz qətnamə çıxarıb. Bundan başqa, onun icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil edib, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı qanunsuz məhkəmə aktlarının aidiyyəti qurumlara təqdim edilməsinə nail olub. Hakimin bu hərəkətləri ilə də 243 min 441 manat pensiya ödənişinin verilməsinə səbəb olmaqla dövlətə zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.