Kriminal (13-10-2023, 09:00)
Meşəli qatili Vaqif Xaçaturyanın məhkəməsi başlayır - İstintaqda üzləşdiyi polkovnikdən sensasion açıqlama
Oktyabrın 13-də Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində soyqırım törədənlərdən biri - Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Soyqırım cinayəti törətməkdə ittiham olunan Vaqif Xaçaturyanın cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Proses Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmaması səbəbindən Yasamal Məhkəməsində keçirilir.
Mediatv.az musavat.com-a istinadla xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım cinayəti törədilib. Cinayəti törədənlərdən biri də Vaqif Xaçaturyan olub. İş üzrə zərəçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçaturyan barəsində Cinayət Məcəlləsinin 103-cü – soyqırım törətmə və 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. Bir gün sonra, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçaturyan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub. Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi ilə bağlı Vaqif Xaçaturyanla üzləşdirilənlərdən biri də Azərbaycan ordusunun hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Azay Kərimovdur. Bu barədə Azay Kərimov bloqunda yazdığı yazıda məlumat verib. Azay Kərimov bildirib ki, Vaqif Xaçaturyan Bakıya gətirildikdən sonra DTX-dan onunla əlaqə saxlayaraq görüşüblər. Ondan Vaqif Xaçaturyanı tanıyıb-tanımadığını soruşublar: “Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Xankəndidə ermənilər ona Vladik deyirdilər”. Daha sonra əlamətlərini soruşublar. Azay Kərimov bildirib ki, Vaqif Xaçaturyanın sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır. Bundan sonra polkovnik Azay Kərimov DTX əməkdaşları ilə Badamdara hospitala gediblər və baxış kecirilib. “Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə 4 nəfər silahdaşı ilə birlikdə həbs etmişdik. Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi”-deyə Azay Kərimov vurğulayıb. Onun sözlərinə görə, Vaqif Xaçaturyan Meşəli faciəsinə kimi Xankəndidə yaşayan 30 min azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarından biri olub. “O, Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində olaraq, milli münaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı. 3 aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokuror və müstəntiqlər böyuk pul qarşılığında satıblar. Vaqif özü belə dedi” - deyə polkovnik qeyd edib. Azay Kərimovun sözlərinə görə, o zaman buraxıldıqdan 9 ay sonra Vaqif dəstəsi ilə Meşəli faciəsini törədib, 25 nəfər sakini öldurüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb. “Vaqif öz dilindən başqa Azərbaycan və rus dillərində sərbəst danışır. Dünənki üzləşmədə Vaqif Meşəli sakinləri olan 3 nəfəri barmaği ilə göstərərək onları tanıdığını, onların həmişə ermənilərə işlədiklərini, ermənilər ilə oturub-durduqlarını, həmişə ermənicə danışdıqlarını, ermənilərlə həmişə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini göstərdi. Bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır”-deyə Azay Kərimov açıqlamasında vurğulayıb. Vaqif müstəntiqə həmin Meşəli sakinləri ilə danışmaq istəmədiyini bildirib. Xatırladaq ki, Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində oxuyub. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.
Qeyd edək ki, Vaqif Xaçaturyana elan olunmuş maddələr Cinayət Məcəlləsinin Sülh və insanliq əleyhinə cinayətlər fəslinə daxildir. Soyqırım adlanan 103-cü maddə hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İttiham aktında yer alan 107-ci maddə - Əhalini deportasiya etmə və ya məcburi köçürmə adlanır. Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024