Karusel (5-09-2014, 23:52)
Süni mayalanma şəbəkəsi genişlənir
Qalib Əbdüləliyev: “Süni mayalanma yüksək məhsuldar heyvanların yetişdirilməsinin ən kütləvi üsuludur”
Heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti və gəlir mənbəyi kimi mühüm sosial əhəmiyyətli bir sahədir. Təsadüfi deyil ki, ölkə prezidenti İlham Əliyevin 16 iyun 2014-cü il tarixli xüsusi sərəncamı ilə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün vəsait ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Qalib Əbdüləliyev “Həftə içi”nin əməkdaşı ilə söhbətində bildirib ki, respublikada heyvandarlığın əsasını maldarlıq və qoyunçuluq təşkil edir və bu sahələr üzrə tarixən formalaşmış heyvandarlıq ənənələri mövcuddur. O, statistik məlumatlara əsaslanaraq bildirir ki, hazırda respublikada 2,7 milyon başdan artıq qaramal və 8,7 milyon başdan çox baş davar var. Ölkənin təbii ehtiyatlarına görə, bu qədər heyvanın rentabelli səviyyədə və ətraf mühitə zərər yetirmədən saxlanılması mövcud imkanlar xaricindədir: “Heyvandarlıq sahəsində mövcud olan problemlərin aradan qaldırılması həm heyvandarların və həm də mütəxəssislərin gündəlik fəaliyyətinin əsasını təşkil etməlidir. Yem bazasının zəifliyi və yem istehsalı ənənələrinin müasirləşdirilməsi başlıca çatışmazlıqlardan biridir. Əksər hallarda, xüsusilə də ailə təsərrüfatlarında yem bazasının yaradılmasına elmi əsaslarla yanaşılmır və heyvanların yemləndirilməsində müasir texnologiyalar tətbiq edilmir. Heyvanların yemləndirilməsində daha çox qaba (yonca, ot, saman və s.) və qüvvəli yemlər (buğda, arpa yarması, kəpək) istidadə edilir”.
Baytarlıq üzrə fəlsəfə doktoru yemləmədə müxtəlif çeşidli yem rasionunun tətbiq edilməsi ənənəsinə çox az hallarda rast gəlindiyini söyləyir. Onun sözlərinə görə, Azərbaycanda sənaye üsulu ilə heyvan yemləri, üzvi və mineral yem əlavələri kifayət qədər istehsal edilmir. Halbuki məhsuldar heyvanların, xüsusən də qaramalın yaşıl və sulu-şirəli yemlərlə təmin edilməsi vacibdir: “Məsələn, qarğıdalı silosu tövlə şəraitində saxlanılan qaramalın yem rasionunun əsasını təşkil etməlidir. Silosun hazırlanmasında bir çox müasir texnologiyalar mövcuddur. Əgər əvvəllər silos xüsusi çuxurlarda hazırlanırdısa, indi onu yerüstü formada və ya hətta polietilen örtüyü içərisində ayrıca qablaşmada hazırlamaq mümkündür. Silos hazırlamaq üçün qarğıdalının tez yetişən sortları (90-120 günlük) istifadə edilir. Bu həm də imkan verir ki, bir ildə eyni ərazidən iki dəfə məhsul götürülsün”.
Yeri gəlmişkən, mütəxəssislərin fikrincə, qarğıdalı üçün yaxşı sələf paxlalılar və dənli bitkilər hesab olunur. Məsələn, arpa biçinindən sonra eyni əraziyə qarğıdalı əkməklə oktyabr ayında onun biçiləcək silos hazırlanmasına nail olmaq olar. Bu halda silosun yetişməsi dekabr ayında artıq başa çatır. Qarğıdalının silosluq məqsədilə biçilməsində onun xırdalanmasına xüsusi fikir vermək lazımdır. Qarğıdalı “südlü-mumlu” yetişkənlik səviyyəsində xüsusi biçin aqreqatı ilə biçilməklə, 30-35 mm, “südlü” yetişkənlik səviyyəsində isə 40-45 mm uzunluqda doğranılır. Müasir biçin aqreqatları qarğıdalını biçərək doğramaq üçün 12-20 mm uzunluğa qədər tənzimlənə bilir. Qarğıdalı silosunu həyətin bir hissəsində və ya elə biçin sahəsinin özündə “təpə” formasında, həmçinin, polietilen örtüklü bağlama formasında hazırlamaq mümkündür. Silosun yetişməsinə havanın temperaturundan asılı olaraq 1, 5 ay vaxt lazımdır.
Qalib Əbdüləliyev deyir ki, Azərbaycanda təsərrüfatların əksəriyyəti az məhsuldar heyvan cinsinlərindən təşkil olunması da bu sahədəki problemlər sırasındadır. Onun sözlərinə görə, fermer təsərrüfatlarında normal məhsuldarlığa malik olan və təbii şəraitə uyğunlaşmış heyvan cinsləri də (şvis, simmental, holştein-friz, hallovey) mövcuddur. Ancaq selleksiya-damazlıq tədbirlərinin məqsədyönlü şəkildə aparılmaması və yanaşı olaraq yemlənmənin yetərincə olmaması bu heyvanların təsərrüfat keyfiyyətlərinin pisləşməsinə səbəb olur. Nazirlik rəsmisinin fikrincə, bu problemin həllinin başlıca yolu heyvandarlıqda süni mayalanmanın geniş tətbiqindən ibarətdir: “Çünki süni mayalanma yüksək məhsuldar heyvanların yetişdirilməsinin ən kütləvi üsulu hesab olunur. Bu yolla geniş miqyaslı selleksiyanın aparılması və yüksək göstəricilərə malik törədici buğanın keyfiyyətlərini özündə birləşdirən heyvanların maksimal miqdarda yetişdirilməsi mümkündür. Süni mayalanma qısırlıq və cütləşmə zamanı yayılan xəstəliklərin qarşısının alınmasının ən yaxşı yoludur. Təbii cütləşmə üçün əsasən, ev təsərrüfatlarında saxlanılan buğalardan istifadə edilir və cütləşmə çox hallarda otlaq şəraitində nəzarətsiz halda baş verir. Bu halda isə heyvanlar arasında qan qohumluğunun yaranması və onların genetik potensialının getdikcə zəifləməsi riski çox böyükdür”.
Şöbə müdiri hazırda Azərbaycanda heyvanların süni mayalanması şəbəkəsinin getdikcə genişləndiyini də söyləyir. Belə ki, bu mütərəqqi üsuldan istifadə edən fermerlərin sayı artır və mütəxəssislərin peşə bacarıqları yüksəlir. Qalib Əbdüləliyevin sözlərinə görə, hər bir cins üzrə süni mayalanmanın artırılmasında heyvanların genetik potensiallarının qorunması, məhsuldarlıq və eksteryer keyfiyyətlərinin məqsədyönlü formada izlənməsi süni mayalanma mütəxəssisləri , eləcə də heyvan sahibləri tərəfindən həyata keçirilməlidir: “Bu ilin ötən dövrü ərzində süni mayalanmada istifadə edilmiş qaramal cinslərinin təhlili göstərir ki, mayalanma zamanı əsasən holştein-friz (70 faiz), simmental (14,5 faiz) və şarole (7 faiz) cinsindən olan buğaların toxumları istifadə edilir. Sahibkarlar inək və düyələrinin südlük istiqamətində holişteyn-friz, ətlik-südlük istiqamətində simmental və ətlik istiqamətdə isə şarole cinsindən olan buğaların toxumu ilə mayalandırılmasına daha çox üstünlük verirlər. Bu yolla heyvandarlıqda ixtisaslaşmaya və təmərküzləşməyə nail olmaq olar”.
Xatırladaq ki, holştein-friz heyvan cinsinin vətəni Hollandiya hesab olunmaqla, bütün dünyada südlük qaramal cinsləri arasında aparıcı yer tutur. Bu cinsin maşınla sağılma, süni mayalanma, spermanın dərin dondurulması, embironun köçürülməsi və onun dərin dondurulması və sairə proseslərdə üstünlüyə malik olması selleksiya işlərində onun genetik potensialının inkişaf etməsinə səbəb olub. Holştein-friz cinsli yaşlı inəklərin cidovlu hündürlüyü 140-145 sm, diri çəkisi 650-700 kq olur. Yaxşı yemləmə-bəsləmə şəraitində buzovlar 15 aylıqda 350-380 kq diri çəkiyə malik olmaqla, cütləşməyə buraxılırlar. Tədqiqatlar göstərir ki, bu cinsə aid inəklərin 91 faizində insan müdaxiləsi olmadan doğuş baş verir ki. İsraildə bu cinsli inəklərin rekord miqdarda (305 gün laktasiya müddətində 10 min kq) süd verməsi hallarına rast gəlinir. Ancaq bu vaxt südün yağılığı 3-3,2 faiz, süddə zülalın miqdarı isə 3,1-3,2 faiz təşkil edir. Ümumilikdə isə bu cins üçün bir laktasiya müddətində orta hesabla 7500 kq, 3,6-3,7 faiz yağlılıq və 3,1-3,2 faiz zülal tərkibli süd məhsuldarlığı xarakterikdir.
Simmental cinsi isə İsveçrədən bütün dünyaya yayılıb. Bu cins daha çox ətlik-südlük istiqamətdə istifadə olunur. Çox hallarda simmental inəklərdə cidovluq hündürlüyü 150-155 sm, bədən uzunluğu 158-162 sm olmaqla, diri çəki 550-620 kq təşkil edir. Ancaq yaşlı inəklərin diri çəkisi 1000 kiloqram və daha çox ola bilir. Simmental cinsli qaramal gündəlik çəki artımına və cəmdəkdə piy qatının maksimum 12 faiz olması ilə fərqlənir. Belə ki, 8 aylıq erkək danaların diri çəkisi 288-320 kq, dişi danaların diri çəkisi isə 250-270 kq ola bilir. İntensiv kökəltmə şəraitində 19 aylıq erkəklərin diri çəkisi 600-650 kq, cəmdəyin çəkisinin isə 340-370 kq olması mümkündür. Simmental cinsli inəklərdə illik süd məhsuldarlığı 3000-6000 kq, süddə yağlılıq isə 3,75-4,1 faiz təşkil edir.