Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (12-04-2019, 10:33)
“Büdcədən oğurluq etmiş məmurlara amnistiya və əfv şamil edilməli deyil”

 Hesablama Palatasının 2018-ci ilə dair fəaliyyət hesabatı ötən hesabatlardan bir neçə parametr üzrə fərqlənirdi. Bura ilk növbədə hesabatın daha detallı və əhatəli hazırlanması, büdcəyə bərpa olunan vəsaitlərin həcmi aiddir. Parlamentə təqdim olunan hesabatda Palata 700-ə yaxın nöqsan haqda qeydləri diqqətə çatdırıb. Hesablama Palatasının yoxlamaları nəticəsində 22 milyard manatlıq büdcədən cəmi 23 milyon manat vəsait mənimsənilməsi üzə çıxarılıb. Müzakirələr zamanı deputatlar vəsaitin miqdarının artırılması ilə bağlı fikirlər səsləndiriblər.

“Hesablama Palatasına kənar təsirlər var!”

Deputat Fəzail Ağamalı Hesablama Palatasının fəaliyyəti ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Deyib ki, Palatanın müstəqil fəaliyyəti üçün qanunvericilik bazası var: “Sadəcə olaraq, kənar təsirlər var, palatanın işinə qarışanlar var. Hesablama Palatası müstəqilliyini təmin etməlidir. Kənar təsirlərə fikir verməməli, kimlərinsə sözünə baxmalı, məruz qalmalı deyillər. Milli Məclisə tabe qurum kimi işini davam etdirməli, audit aparmaq hüququndan qanunauyğun şəkildə istifadə etməlidir. Hesablama Palatası 23 milyon manat pulun yayındırılması haqda hesabat verib. Əslində bunun adı yayınma deyil, əslində bu, büdcə vəsaitinin mənimsənilməsi, büdcə vəsaitinin oğurlanmasıdır. 23 milyon manat pulu büdcədən oğurlayıblar. Əgər nöqsan varsa, bu ayrıca göstərilməlidir. Yayınma varsa, bu, ayrıca qeyd olunmalıdır. Hər birinin fərqli təsnifatı və hüquqi qiyməti var. 23 milyon manat vəsaitin büdcədən yayınma kimi göstərilməsi yanlışdır. Hesablama Palatası işini yenidən qurmaq üzərində çox ciddi şəkildə düşünməlidir. Büdcə icrasında müəyyən olunmuş yayınmalar, mənimsəmələrin ayrılıqda təsnifatı aparılaraq hüquqi qiymət verilməsinə nail olunmalıdır. Hesablama Palatası hüquq-mühafizə orqanı deyil. Konkret faktları müəyyən edib Respublika Prokurorluğuna göndərməli, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmalıdır. Heç kimə güzəşt olunmalı deyil. Cinayət Məcəlləsində büdcə oğurluqları ilə bağlı maddələrin sanksiyaları sərtləşdirilməli, büdcədən oğurluq etmiş məmurlara amnistiya, əfv fərmanları şamil edilməli deyil. Təyin olunmuş cəzaların günə-gün çəkmələri təmin edilməlidir. Büdcədən oğurluqların qarşısının alınması üçün bu addımlar atılmalıdır”.

“Bəs bu oğurluq üzə çıxmasa necə olacaq?”

Deputat deyir ki, indiki halda durum belədir ki, məmur ona etibar edilən büdcə vəsaitlərini mənimsəyir, Hesablama Palatası həmin mənimsəməni müəyyən edirsə, məmur pulu qaytarır, etmirsə, pullar büdcəyə qayıtmır: “Əgər məmur büdcə pulunu geri qaytarırsa, pul ciblərə gedibsə və ciblərdən qayıdırsa deməli büdcədən həmin pulu oğurladığını etiraf edir. Bu cinayətin etirafıdır. Mənin üçün maraqldır, həmin pulu haradan qaytarır? Dövlətin vətəndaşın rifahı üçün ayırdığı vəsait hansısa məmurun villasına, bahalı maşına xərclənir. Bəs bu oğurluq üzə çıxmasa necə olacaq?”

“Qanunun bütün sərtliyi ilə tədbir görülməlidir”

Fəzail Ağamalı deyir ki, islahatların geniş vüsət aldığı, korrupsiyaya qarşı mübarizə prezident tərəfindən dəstəkləndiyi bir dönəmdə büdcə vəsaitlərinin mənimsənilməsi, təyinatı üzrə xərclənməməsi, müxtəlif yollarla ələ keçirilərək ayrı-ayrı məmurların cibinə axıdılması yolverilməzdir, cinayətdir: “Bunu bütün büdcə təşkilatlarına aid etmək olmaz. Ancaq belə hallar var və buna qarşı qanunun bütün sərtliyi ilə tədbir görülməlidir. Hesablama Palatası heç bir kənar təsirə uymadan, Palatanın işinə qarışanlara əhəmiyyət vermədən işini davam etdirməli, büdcə oğurluqları haqda hesabatları prokurorluğa təqdim etməlidir”.

“Bunun 1 adı var - cinayət!”

Hesablama Palatasının hesabatlarında “yayınma”, “təyinatı üzrə xərclənməmə” ifadələrinin əvəzinə “büdcə vəsaiti mənimsənilib”, “şəxsi məqsədlər üçün istifadə olunub” ifadələrinin işlədilməsi haqda təkliflər var. Belə təkliflərin müəllifləri düşünürlər ki, büdcədən oğurluq etmiş məmur bu halda oğurluq etdiyinin məsuliyyətini dərk edə bilər və əməlindən əl çəkər.

Fəzail Ağamalı belə təkliflərin də dəyərləndirilməsinin vacib olduğunu deyib: “Razıyam ki, əməl oğurluqdursa, elə oğurluq kimi də göstərilməlidir. Adı nöqsan qoyulmamalıdır. Mənimsəmədirsə, elə mənimsəmə kimi də yazılmalıdır. Külli miqdarda büdcə vəsaiti təyinatdan kənara çıxarılırsa, həmin vəsait mənimsənilirsə, bunun 1 adı var - cinayət!”

“Şəffaflığı təmin etsələr, kənar təsirlər də olmayacaq, kimsə təzyiq etmək haqda da düşünməyəcək”

Fəzail Ağamalı deyir ki, Azərbaycanda elektron hökumətin yaradılması prosesi belə halların qarşısının alınmasına xidmət edir: “Prezident ortaya çox ciddi tələblər qoyub, hökumətin elektronlaşdırılması belə halların minimuma endirilməsi üçün çox vacib amildir”.

Hesablama Palatasına istintaq aparmaq səlahiyyətlərinin verilməsi təkliflərinə münasibət bildirən deputat deyir ki, bunun üçün dünya praktikasına müraciət etmək vacibdir: “Hər bir qurumun istintaq idarəsindənsə, Vahid İstintaq Komitəsinin yaradılması daha uyğun, faydalı olar. Hesablama Palatası müəyyən etdiyi büdcə oğurluqları haqda hüquq-mühafizə orqanları ilə yanaşı ictimaiyyətə də bu haqda məlumat verilməsini təmin etməlidir. Şəffaflığı təmin etsələr, kənar təsirlər də olmayacaq, kimsə təzyiq etmək haqda da düşünməyəcək. Hesablama Palatası belə halları ictimailəşdirməklə, Azərbaycan cəmiyyətinə məlumat verməklə göstərməlidir ki, konkret hansı sahələrdə cinayət əməllərinə yol verilib, büdcədən nə qədər pul, hansı məmur tərəfindən oğurlanıb. Belə məsələlər ictimailəşərsə, cəmiyyətin diqqət mərkəzində olarsa, təbii ki, hüquq-mühafizə orqanları da, Respublika Prokurorluğu da üzə çıxarılmış cinayət əməllərini diqqətlə araşdıracaq. İctimai nəzarət olduğu yerdə konyukturaya yol vermək imkanları da xeyli məhdudlaşacaq”.

“Məmur vəzifədə olanda onun qurduğu bizneslə bağlı araşdırmalar aparılmalıdır”

Fəzail Ağamalı məmurların biznes qurması ilə bağlı da araşdırmalara ehtiyac olduğunu deyib: “Məmur vəzifədə olanda onun qurduğu bizneslə bağlı araşdırmalar aparılmalıdır. Ancaq bu olmur, məmur vəzifədən çıxarılandan sonra mətbuatda biznesi haqda geniş məlumatlar verilir. Sənədli-sübutlu siyahı təqdim olunur. Məmur həmin siyahılara reaksiya vermir, eyni zamanda KİV-də dərc olunan yazılara hüquq-mühafizə orqanları da reaksiya vermir. Hüquq-mühafizə orqanlarının verdiyi qiymət, ictimai qınaq büdcənin mənimsənilməsinə həvəsli olan məmurların bu yoldan çəkilməsinə böyük təsiri ola bilər”.

Fəzail Ağamalı Hesablama Palatasının saytında yoxlama aparılan ünvanlar haqda məlumatların dərhal yerləşdirilməsi, yoxlamalar haqda hər gün müfəssəl məlumatların sayt üzərindən yayımlanması təkliflərini də müsbət dəyərləndirdi: “Bu cür yanaşma çox yerində olardı, əlbəttə prosesə ictimai nəzarət sisteminin gücləndirilməsinə çox müsbət təsir göstərirdi. Belə təkliflər nəzərə alınmalıdır”.

“Problemlərin aradan qaldırılması üçün əlavə bir gücə, imkanlara ehtiyac var”

Deputat Hesablama Palatasının sədri Vüqar Gülməmmədovu peşəkar, öz işini bilən kadr adlandırıb: “Təmiz imici olan bir şəxsdir. İqtisad Universitetində ona dərs deyən müəllimlərdən olmuşam. Çalışqan bir tələbə idi. Bu gün də qabiliyyətli, bacarıqlı məmurdur. Ancaq belə görünür ki, problemlərin aradan qaldırılması üçün əlavə bir gücə, imkanlara ehtiyacı var. Biz də bu məsələləri parlamentdə qaldırdıq. Ümidvaram ki, Hesablama Palatası parlamentdəki bu müzakirələrdən öz nəticələrini çıxarmalı, kəskin, qətiyyətli mövqeyini ortaya qoymalıdır”.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024