Karusel / Slayd (10-09-2018, 09:40)
Baş bankirin qiymətli kağızlar PLANI
Ölkə qiymətli kağızlar bazarının olub-olmamasından, necə və hansı mexanizmlə işlədiyindən bir çoxumuzun xəbəri yoxdur.
Halbuki bu bazar dünyanın maliyyə sektorunda önəmli yer tutsa da, Azərbaycanın aidiyyatı qurumlarının maraqları çərçivəsində deyil. Ən azı bazarın hazırkı vəziyyəti bunu deməyə əsas verir. Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov qiymətli kağızlar bazarı haqqında fikirlərini bildirib.
"Orta müddətli perspektivdə monetar siyasətin əsas məqsədi makroiqtisadi sabitlik hədəflərinin genişləndirilməsidir. Restrukzasiya və sağlamlaşdırılma üzrə yeni siyasət həyata keçirilməlidir. Dövlət qiymətli kağızlar bazarının həcmi daha da artırılmalıdır. Hazırda bununla bağlı böyük imkanlar var", - AMB sədri qeyd edib.
Mərkəzi Bank rəhbəri bu bazarın həcmini artırmaq üçün nəzərdə tutduğu imkanlar haqqında söz açmadığı, hansı mexanizmi tətbiq edəcəklərini açıqlamadığı üçün məsələ yenə də qaranlıq olaraq qaldı. Maraqlıdır, ümumiyyətlə, hazırda qiymətli kağızlar bazarının vəziyyəti necədir? Hazırkı durumda bu bazarın fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
İqtisadçı Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ölkənin qiymətli kağızlar bazarının inkişafı üçün bu günə qədər heç bir iş görülməyib: “Nəzəri baxımdan Azərbaycanda uzun zaman Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Bu cür yanaşsaq, qiymətli kağızlar bazarının maddi-texniki bazası var. Dövlət tərəfindən lazım olan tədbirlər görülüb ki, bu institusional mərkəz yaransın. Lakin bu dövr ərzində həmin komitə tərəfindən əməli işlər görülmədi.
Azərbaycanın potensialına uyğun, verilən sərəncam və qanunlar əsasında görülən işlər sıfıra bərabərdir. Qiymətli kağızlar bazarına nəzər salsaq, görərik ki, iştirakçıların 99.9 faizi Azərbaycanın transmilli şirkətləridir. SOCAR, “Azərsun” və digər holdinqlər bu siyahıda yer alır. Hansı ki, bunlar transmilli, makroiqtisadi səviyyədə olan şirkətlərdir. Bu şirkətlərin də qiymətli kağızlar bazarında iştirakının özü şərtidir. Qiymətli kağızlar haqqında müddəalarla tanış olsaq, görərik ki, heç bir iş görülməyib. Elman Rüstəmovun dedikləri ilə razıyam ki, bu işlər görülməlidir. Amma nə vaxt görüləcək?”
F.İbrahimov hesab edir ki, zamanında yaranan vəziyyətdən istifadə olunsaydı, Azərbaycan bölgənin maliyyə mərkəzinə çevrilərdi: “İrana və Rusiyaya sanksiyalar tətbiq olunan bir dövrdə Azərbaycan üçün münbit şərait yaranardı ki, bölgənin maliyyə mərkəzinə çevrilsin. Amma təəssüflər olsun ki, bu fürsətlərdən istifadə etmədik. Azərbaycan qısa zamanda regionun Sinqapuruna (maliyə mərkəzinə) çevrilə bilərdi. Bütün maraqlar, qiymətli kağızlar, pullar, əmtəə birjaları bizim ölkəmizdə ola bilərdi. Elman Rüstəmov doğru deyir ki, bu işlər görülməlidir. Amma hansı mexanizmlə görülməlidir, o deyilmir. Ölkə başçısı bununla bağlı sərəncam verib. Dövlət institusional əsaslar da yaradıb ki, hansı qurumlar bunu həyata keçirəcək, amma uzun müddətdir ki, qiymətli kağızlar bazarı yoxdur. Transmilli şirkətlər bu bazarda təmsil olunur ki, onun da payı çox azdır. Digər tərəfdən, orta, kiçik sahibkarlıq sinfinin, fiziki şəxslərin isə bu bazarda iştirakı ümumiyyətli, sıfıra bərabərdir”.
Fuad İbrahimovun sözlərinə görə, bu sahədə maarifləndirmə işi o qədər zəifdir ki, ölkə əhalisinin böyük hissəsi bu bazardan xəbərsizdir.


























