Karusel (3-07-2014, 22:47)
“İKT əsri”nin unikal nailiyyəti: «Ağıllı qələm»
Yeni texnologiyalara əsaslanan bu məhsul istifadəçilərə xarici dil öyrənmək imkanı yaradır
Hazırda cəmiyyətdə müxtəlif sahələrdə interaktiv texnologiyalardan istifadə edilir. Məsələn, cəmiyyət üçün yenilik sayılan multimedia proyektorlar, interaktiv lövhələr və panellər, videokonfrans- əlaqə sistemləri, səs vermə sistemləri əvvəl olan problemlərin böyük bir qismini aradan qaldırıb. Artıq işləmək, oxumaq üçün məkan və məsafənin elə də əhəmiyyəti qalmayıb. Çünki indi insanlar evdən çıxmadan həm təhsil ala, həm də öz bizneslərini inkişaf etdirə bilirlər.
İnteraktiv texnologiyaların geniş yayıldığı sahələrdən biri də təhsildir. Əvvəllər insanlara təəccüblü görünən «elektron lövhələr», «elektron dərsliklər», «elektron jurnallar», «ağıllı qələmlər» indi insanlara adi təsir bağışlayır. Düzdür, bəzi məhsullar hələlik Azərbaycan bazarında özünə tam olaraq yer tapmasa da, ölkədə «ağıllı qələm» məhsulu ilə maraqlananların sayı heç də az deyil.
Bəs, görəsən, «ağıllı qələm» nədir və bu məhsuldan kimlər istifadə edə bilər? «Ağıllı qələm»in əsas xüsusiyyətləri nədən ibarətdir?
Bəri başdan deyək ki, «ağıllı qələm» «Danışan Kitablar” ideyası çərçivəsində Tetrə şirkəti tərəfindən hazırlanıb. Şirkətin Kəmalə adlı əməkdaşı “Həftə içi”nə bildirib ki, bu layihənin əsas məqsədi xüsusilə uşaqlara ingilis dilini öyrənməkdə yardımçı olmaqdır. O hesab edir ki, ümumiyyətlə, uşaqların danışmağa başlaması və əcnəbi dil öyrənmə arasında müəyyən fərqlər olsa da, bunlar mahiyyət və nəticə etibarilə üst-üstə düşür. Yəni yenicə dil açmağa başlayan uşaqlar əsasən dili eşidir, mimika və reaksiyalarda “görür”, sözü yanlış-doğru öyrənir, qavrayır və nəhayət, danışmağa başlayır. Beləliklə, uşaqlar əvvəlcə bir neçə kəlmə öyrənir, sonra sözlərin sayını artırır, ardınca bəsit cümlələr qurur. Bununla da hər bir uşaq ətrafında danışılan dili dörd-beş yaşına qədər asanlıqla öyrənir.
Xatırladaq ki, əcnəbi bir dili öyrənmək üçünsə ən səmərəli dövr təxminən üç-yeddi yaş dövrü hesab olunur. Bu istiqamətdə xeyli tədiqatlar aparılıb. Məsələn, amerikalı alim J. S Conson ABŞ-da yaşayan əcnəbilərin ingilis dilini öyrənmə qabiliyyətini araşdırıb və onları “yeddi yaşa qədər”, “7-15 yaş”, “15 yaşdan sonra” kimi yaş qruplarında birləşdirib. Nəticə olaraq, ingilis dilini 7 və daha kiçik yaşda öyrənənlərlə ana dili ingilis dili olanlar arasında heç bir fərq müşahidə edilməyib. Digər qruplarda isə nəzərə çarpacaq dərəcədə fərqlərə rast gəlinib. Belə məlum olur ki, əcnəbi dilin öyrənilməsində ideal və ən səmərəli mərhələ 3-7 yaş arasıdır.
Kəmalə xanım bildirir ki, hər yaş dövrü kimi, 3-7 yaş dövrünün də spesfik xüsusiyyətləri və tələbləri var. Belə ki, bu yaşda olan uşaqlar oynamağa və əylənməyə meyillidirlər: “Biz də bütün bunları nəzərə alaraq uşaqların ingiliscəni daha asan və məhz uşaq “dili”ndə öyrənməsini təmin etmək üçün “Danışan Kitablar” ideyası çərçivəsində “Ağıllı qələm” layihəsini həyata keçirdik».
1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq olar
Şirkət təmsilçisi vurğulayıb ki, “ağıllı qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin imkanları əsasında hazırlanıb. Kəmalə xanımın sözlərinə görə, bu məhsul mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir. Yəni, «ağıllı qələm» həm də fərdi ingilis dili müəllimidir.Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir.
“Ağıllı qələm”in xüsusiyyətlərinə gəlincə, şirkət nümayəndəsi deyib ki, bu məhsulun satış dəsti dərslik və ağıllı qələmdən ibarətdir. Dərsə başlamaq üçün qələmi kitabın üz qapağına toxundurmaqla kitabı qələmə tanıtmaq lazımdır. “Ağıllı yələm”dən istifadə qaydaları isə hər bir dərsliyin son səhifəsində verilir: «Məhsulun ilk səhifəsində ingilis dilinin əlifbası verilib. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləmək mümkündür.Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur. Eyni zamanda, hər mövzunun əvvəlində “izah” işarəsi var. Qələmi ona toxundurmaqla mövzu haqqında qısa məlumat əldə etmək mümkündür. Bundan başqa «söz öyrənmə» bölümü sözlərin mövzu üzrə qruplaşdırılması öyrənilməsini asanlaşdırır. Hər dəfə qələmi sözlərə toxundurmaqla ingilis dilində tələffüzünü və tərcüməsini dinləyir və öyrənirik. Biliyi yoxlamaq üçünsə “ağıllı qələm”i hər səhifənin aşağı hissəsində olan “sual” işarəsinə toxundurmaqla səhifəni necə öyrəndiyimizi yoxlaya bilərik. Bu zaman “ağıllı qələm” sözü tələffüz edir, istifadəçi də onu səhifədə göstərir. Cavab doğrudursa, qələm alqış sədaları altında “afərin, doğrudur” deyir, səhvdirsə, “musiqili nida” səsi eşidilir».
«Ağıllı qələm»ə tələbat yüksəkdir
Şirkət təmsilçisi həmçinin bildirib ki, hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Kəmalə xanımın dediyinə görə, uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər: “Bu məhsulun həm də xatırlatma funksiyası var. Belə ki, qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir. Həmçinin uşaq qələmi qoyub gedəndə üç dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Bununla həm də enerjiyə qənaət edir. Eyni zamanda, uşaqlar yemək yeyərkən və ya yatarkən ingilis dilində musiqi dinləyə bilərlər. Bunun üçün “ağıllı qələm”in oturacağında olan Mp3 funksiyasından istifadə etmək olar».
Həmsöhbətimiz onu da vurğulayıb ki, insanların bu məhsula tələbatı gözlənildiyindən daha yüksəkdir. Kəmalə xanım bildirir ki, hazırda «ağıllı qələm»in qiyməti 99 manatdır. Amma buna baxmayaraq kifayət qədər sifariş var. Yəni, məhsulumuzdan müştərilər razılıq edirlər və «ağıllı qələm» ingilis dilini öyrənmək üçün ən yaxşı vasitə sayıla bilər.
Yazılanı qeydə almaq mümkündür
Yeri gəlmişkən, hazırda dünyada «ağıllı qələm»in müxtəlif formaları mövcuddur. Məsələn, «Livescribe” şirkətinin təqdim etdiyi “Sky WiFi Smartpen” diyircəkli qələmi istifadəçinin kağızda yazdığını və çəkdiyini qeydə alır. Sonra eskizləri rəqəmli formata keçirir və simsiz şəbəkə vasitəsilə "bulud"a göndərir. Qələm “Wi-Fi” şəbəkələrinə qoşula və “Evernote” xidmətilə inteqrasiya ola bilir. İstifadəçi “Evernote” xidmətində öz səhifəsinə daxil olaraq eskizlərə baxa və onlara aid səs qeydlərini dinləyə bilər. “Smartpen” daxili mikrofon vasitəsilə səsi yazır.Yazı və fotoların rəqəmləşdirilməsi və saxlanılması üçün onların xüsusi kağızda hazırlanması lazımdır. Kağızın səthinə marker-nöqtələr yerləşdirilib. Qələm onlara əsaslanaraq infraqırmızı kamera vasitəsilə sterjenin yerləşdiyi məkanı təyin edir. Qələmin öz klaviaturası yoxdur. Qapalı “Wi-Fi” şəbəkəsinə qoşulma zamanı istifadəçi sterjenin ucluğu ilə kağızda çəkilmiş “QWERTY” klaviaturanın klavişlərinə toxunaraq şifrəni yığır. Belə klaviatura “Smartpen”in tədarük dəstinə daxildir. 2 QB yaddaşa malik “Sky WiFi Smartpen”in qiyməti 170 dollar, 4 QB yaddaşa malik modelin qiyməti 200 dollar təşkil edir.
Qeyd edək ki, “Livescribe” bundan əvvəl də yazı və fotoların rəqəmləşdirilməsi funksiyası ilə təchiz edilmiş qələmlər istehsal edib, lakin onlarda simsiz şəbəkələrə qoşulmaq üçün modul mövcud olmayıb. Qələmin saxladığı yazı, foto və səs qeydlərinə baxmaq üçün, istifadəçi qurğunu “USB” kabellə kompüterə qoşmalı idi.
Alman mütəxəssislərinin hazırladığı və “Lernstiftu” adlanan “ağıllı qələm» də bir çox funksiyalara malikdir. Bu məhsul əllə yazılmış mətndə orfoqrafik səhvləri müəyyən edərək istifadəçiyə bu barədə məlumat verir.Qələm xüsusi sensorla təchiz edilib. Texnologiya qələmin içərisindəki mini-kompüter sayəsində reallaşdırılıb. Mətn yazılandan sonra Wi-Fi vasitəsilə smartfon və ya planşetə göndərilir ki, burada onun yoxlanılması prosesi aparılır. Hələ ki, “ağıllı qələm» alman və ingilis dillərini “başa düşür”. Mütəxəssislər bu siyahıya ispan və rus dillərinin də daxil edilməsi üzərində işləyirlər. Yeni ixtira ilk növbədə məktəblilər üçün nəzərdə tutulub.