Karusel / Slayd (26-07-2017, 13:25)
Ruslar qonşularını yenə qorxudur: tanklarla və Abbas Abbasovla...
Xəbər verildiyi kimi, Şimali Qafqazda dislokasiya olunmuş 58-ci Rusiya ordusu Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi də daxil olmaqla 7 günlük təlimlərə başlayıb. Bu təlimlər Gürcüstanda, eləcə də Azərbaycanda müəyyən narahatlıqlara səbəb olub. Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin bu təlimlərin Gürcüstanla yanaşı Azərbaycana da xəbərdarlıq olduğunu bildirir. Keçmiş nazir deyir ki, rusların məqsədi Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaqdır.
Təlimlərdə iştirak edən 16 minlik hərbi kontingent və çoxsaylı müasir hərbi texnika böyük qüvvədir. Rusiyanın da bu təlimləri keçirməkdə məqsədi güc nümayiş etdirmək və qonşularını qorxutmaqdır. Bu təlimlərdən az əvvəl Cənubi Osetiyadakı Rusiya qüvvələrinin Gürcüstanın Kaspi rayonu istiqamətindən Karapila kəndinə doğru irəliləyərək Azərbaycanın ixrac neft kəməri Bakı-Supsanın bir hissəsini nəzarət altına alması da görünür təsadüfi deyildi.
Belarusda da buna oxşar əhvalat cərəyan etməkdədir. Rusiya bu ölkədə sentyabr ayında “Qərb-2017” irimiqyaslı hərbi təlimlərini keçirməyə hazırlaşır. Və bu təlimlər Ukraynada, Baltik ölkələrində və NATO-da ciddi narahatlıqla izlənir. ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı, amerikalı general Ben Hoces və NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Kertis Skaparotti bu təlimlərin şəffaflığının təmin edilməsinə çağırıblar. Lakin Rusiya NATO müşahidəçilərini təlimlərə buraxmaqdan imtina edib.
Hətta belə narahatlıqlar var ki, Rusiya bu irimiqyaslı təlimlər üçün Belarusa yeritdiyi ordu qüvvələrinin bir qismini geri çıxarmayaacq və Belarusun “yumşaq işğalı” baş verəcək. Görünür bu narahatlıqları rəsmi Minsk də bölüşür və NATO Baş katibi Yens Stoltenbergin Belarus tərəfdən təlimləri izləməyə dəvət olunması təsadüfi deyil.
Təlimlərdə 13 min hərbçinin iştirak edəcəyi açıqlanıb, lakin bu rəqəmə heç kim inanmır. Məlumatlara görə əslində təlimlərdə 100 mindən çox hərbi kontingent iştirak edəcək. Belarus tərəfi bu təlimlərə görə Ukraynanı və Qərbi sakitləşdirməyə çalışsa da narahatlıqlar azalmayıb, o cümlədən Minskin özündə narahat olmamış deyillər.
Hazırda Rusiyanın beynəlxalq arenada təqdim etdiyi əsas “məhsul” ağlasığmazlıq, gözlənilməz addımlardır. Bunu “yaxşı qiymətə satmaq” üçün Rusiya davamlı olaraq qeyri-müəyyənlik yaratmağa çalışır, belə vəziyyətlərdən gözlənilməz dönüşlər edir. Bu baxımdan Rusiyanın Belarusda və ya Qafqazda hansısa kəskin addımlar atmağa hazırlaşdığını qəti demək mümkün deyil, lakin burası şübhə doğurmur ki, əl altda hazır plan var və lazım olanda həmin planının işə salınacağına şübhə etmək lazım deyil.
Krım məsələsi buna nümunədir. Bu nümunə onu da öyrədib ki, Rusiya “hibrid” hücuma üstünlük verir, bu zaman mühüm hazırlıq işləri təcavüzə məruz qalan ərazidəki birbaşa və dolayısı rus agentlərinin üzərinə düşür.
Gürcüstanda belə qüvvə qismində Rusiyanın təsiri altında olan “Patriotlar Alyansı”nı nəzərdə tuturlar. Parlamentdə 5 faiz yerlə təmsil olunan bu partiyanın Gürcüstandakı daxili vəziyyətə necə təsir edə biləcəyi sual altındadır. Lakin bu günlərdə partiyanın nümayəndələri Moskvaya gediblər və orada müzakirələr aparıblar. Bu da Gürcüstanda Rusiyanın nüfuz agentlərinin fəallaşdığını göstərir.
Azərbaycanda isə Rusiyanın müəyyən dairələrinin Moskva-Bakı münasibətlərini korlamaq səyləri ilə bir vaxtda çoxdan yaddan çıxmış Abbas Abbasov, Azərbaycanın eks vitse-premyeri gözlənilmədən “zühur edib”. Kreml gözlənilmədən və heç bir formal səbəb olmadan ona “uğurlu sahibkarlıq fəaliyyəti”inə görə təşəkkür məktubu göndərib. Həmin məktub barədə Kremlin saytında heç nə deyilmir, ancaq Rusiya azərbaycanlılarının Federal Milli Muxtariyyəti öz saytında bu haqda geniş yazıb, Abbas Abbasovun fəaliyyətini mədh edib.
Azərbaycan üçün Gürcüstanın Rusiyanın nəzarətinə keçməsi təhlükəsi ciddi narahatlıq doğurur, çünki bu Azərbaycanın strateji mövqelərini kəskin pisləşdirər və birbaşa təhdid yaradardı. Hələlik bu təhlükə real görünmür və Rusiyanın təlimləri elə təlimlər olaraq qalacaq. Lakin Ukrayna təcrübəsi göstərir ki, təhlükəni əvvəlcədən ölçüb-biçmək daha yaxşıdır, nəinki ona məhəl qoymamaq...
Məqalənin müəllifi haqqin.az-ın yazarı Leonid Şvetsdir
Mediatv.az