Gündəm (9-09-2016, 09:13)
Azərbaycan daha bir NATO ölkəsi ilə həmsərhəd olur
Gürcüstan alyansa üzvlük yolunda inamla irəliləyir; Rusiyanın işğal etdiyi gürcü torpaqları geri qaytarıla bilər; Şahin Cəfərli: “Qərb Gürcüstanın üzvlüyə qəbulu üçün əlverişli məqamın yetişməsini gözləyir”
Mediatv.az: Gürcüstan addım-addım NATO-ya yaxınlaşır. Tiflisdə NATO-nun qərarverici orqanı - Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclaslarının keçirilməsi qonşu ölkəni bir az da nüfuzlu beynəlxalq quruma yaxınlaşdırıb.
APA-nın məlumatına görə, komissiyanın iclasında çıxış edən NATO baş katibi Yens Stoltenberq Qara dəniz regionunun təhlükəsizliyi və Gürcüstana hərtərəfli dəstək paketinin həyata keçirilməsi üzrə bir sıra məsələlərin müzakirə olunacağını bildirib. “NATO-Gürcüstan Komissiyası tərəflər arasında siyasi dialoq və əməkdaşlıq üçün forum kimi 2008-ci ildə yaradılıb. Biz Qara dəniz regionunda təhlükəsizlik məsələlərini və əhatəli şəkildə işlənib hazırlanmış dəstək paketində göstərilən məsələləri müzakirə edəcəyik. Bu paket 2014-cü ildə NATO-nun Uels sammitində irəli sürülüb və bu ilin iyulunda keçirilmiş Varşava sammitində gücləndirilib. Müttəfiqlər Gürcüstana dəstəyi gücləndirmək qərarına gəliblər. Gürcüstan NATO üzvlüyünə hazırlıq üçün bütün praktik mexanizmlərə malikdir və müttəfiqlər bu yolda ona yardım göstərməyə hazırdır” - baş katib deyib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili isə qeyd edib ki, NATO-ya qoşulmaq gürcü xalqının qəti iradəsidir: “Hökumət bu iradənin gerçəkləşməsi üçün hər şeyi edir. Bu görüş Varşavada keçirilən NATO sammitinin mühüm hissəsidir və Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ölkəmizin üzvlüyə hazırlanmasına yönəlib”.
Son gəlişmələrdən sonra Gürcüstanın ərazi bütövlüyü məsələsi gündəmə gəlib. Bəzi ekspertlər hesab edir ki, 2008-ci ildə Rusiyanın təcavüzünə məruz qalaraq Cənubi Osetiya və Abxaziyanı itirən Gürcüstan NATO-ya üzv olarsa, bu ərazilər geri qaytarıla bilər. Azərbaycanın Türkiyənin ardınca daha bir NATO ölkəsi ilə həmsərhəd olacağı da ölkəmiz adına yüksək dəyərləndirilir.
Politoloq Şahin Cəfərli Gürcüstan üçün NATO qapılarının 8 il öncə, alyansın Buxarest sammitində açıldığını bildirdi: “Lakin həmin il baş verən Cənubi Osetiya müharibəsi və Rusiyanın hərbi müdaxiləsi Gürcüstanın üzvlük prosesini xeyli ləngitdi. NATO-nun 2014-cü il Uels və 2016-cı il Varşava zirvə toplantılarından sonra Gürcüstanın ittifaqa qoşulması prosesində sürətlənmənin baş verdiyi göz önündədir. NATO-Gürcüstan komissiyasının fəaliyyətinin aktivləşməsi, Gürcüstanın alyansa inteqrasiyası üçün dəstək paketinin qəbul olunması, Tbilisidə NATO-nun Təlim və Qiymətləndirmə Mərkəzinin açılması, Gürcüstan ordusu ilə NATO ölkələri əsgərlərinin birgə təlimlərinin intensivləşməsi, NATO ekspertlərinin Gürcüstanda hərbi islahatların həyata keçirilməsində məsləhətçi qismində iştirakı, NATO-nun qərarverici orqanı olan Şimali Atlantika Şurasının Tbilisidə iclas keçirməsi və digər faktlar Gürcüstanın hərbi-siyasi bloka üzvlüyü yolunda mühüm praktik addımlardır. Bunlar üzvlük üçün hər iki tərəfdə siyasi iradənin mövcud olduğunu göstərir”.
Politoloq Rusiyanın etirazına baxmayaraq, Amerikanın NATO-dakı üzvlərin sayının artmasında maraqlı olduğunu da qeyd etdi: “Rusiyanın etirazlarına baxmayaraq, NATO rəhbərliyi və ittifaqın lideri ABŞ genişlənmənin davam edəcəyini dəfələrlə bəyan ediblər. Hazırda 29-cu üzv qismində Monteneqronun üzvlüyə qəbulu prosesi başlayıb və müvafiq prosedurlar həyata keçirilir. Növbədə Bosniya-Herseqovina, Albaniya və Gürcüstandır. NATO üzvlüyü təkcə hərbi sahənin alyansın standartlarına uyğunlaşdırılmasını yox, eyni zamanda demokratiya, insan haqları, qanunun aliliyinin təmin olunması istiqamətlərində də yüksək standartlar tələb edir. Bu baxımdan, NATO Gürcüstandakı hərbi islahatlarla yanaşı, siyasi islahatlara və demokratikləşməyə də böyük önəm verir. Təsadüfi deyil ki, alyansın baş katibi Yens Stoltenberq Gürcüstanda qarşıdakı parlament seçkilərinin tam demokratik şəraitdə keçirilməsinin, eləcə də mətbuat azadlığının vacibliyini xüsusi vurğulayıb. Çünki qonşu ölkədə son vaxtlar bu sahələrdə müəyyən problemlər müşahidə olunur. Baş katib bu bəyanatı ilə Gürcüstan rəhbərliyinə ”gözümüz üzərinizdədir" mesajını verib. Üzvlük üçün siyasi meyarların yerinə yetirilməsi ən azı hərbi sektorun islahatları qədər, hətta ondan daha önəmlidir".
Ş.Cəfərli Gürcüstanla bağlı məsələdə Rusiya amilinin mühüm rol oynadığını söylədi: “Bunu bəzi NATO ölkələri də gizlətmir. Qərb Gürcüstanın üzvlüyə qəbulu üçün əlverişli məqamın yetişməsini gözləyir. Elə bir məqam yetişməlidir ki, Gürcüstanın NATO-ya qəbulu Rusiyanın bu ölkəyə qarşı yeni aqressiv addımlarına səbəb olmasın. Rusiya Gürcüstanın avroatlantik inteqrasiyası ilə barışmalı, ən azı praktik müstəvidə buna ciddi etiraz etməməlidir ki, proses ağrısız gerçəkləşsin. Mən düşünürəm ki, Qərbin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın dominant rolunu qəbul etməsinin səbəblərindən biri də Moskvanın Gürcüstana qarşı iştahını azaltmağa nail olmaq niyyətindən qaynaqlanır. Yəni, Qərb Rusiyanın Ermənistanı öz orbitində saxlamağa davam etməsi ilə razılaşır və Azərbaycandan strateji seçim tələb etməyərək rəsmi Bakının Moskva ilə yaxın münasibətlərinə göz yumur, bunun əvəzində isə Kremlə Gürcüstanın avroatlantik inteqrasiyasına mane olmamaq yönündə mesaj verir (Söhbət hazırkı mərhələdən gedir, bu siyasət yaxın gələcəkdə dəyişə də bilər). Gürcüstandakı işğal probleminə gəldikdə isə, Qarabağ məsələsindən fərqli olaraq, Qərb bu məsələdə birmənalı mövqe tutur. Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz tərkib hissəsi sayılır və Rusiyadan bu əraziləri müstəqil dövlət kim tanımaqdan vaz keçməsi tələb edilir. Güman ki, bu məsələ yaxın illərdə Qərb-Rusiya dialoqunda əsas mövzulardan birinə çevriləcək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024