Karusel / Slayd (24-07-2017, 15:23)
Qalmaqallı gömrük generalı 100 minlik cəncəldə: Prezidentə şok dosye - Təfərrüat
Qalmaqallı gömrük generalı, Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədovun başı yenidən cəncəldədir
Ulus.Az-ın xəbərinə görə, general bu dəfə sahibkar Novruz Gülməmmədoun İsmayıllıdakı istirahət mərkəzini ələ keçirməkdə ittiham edilir.
Üstəlik, general fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sui-istifadə edir. Guya həmin istirahət mərkəzini nazir almaq istəyir. Ancaq iddialara görə, nazirin adını hallandırmaqla sahibkarı qorxutmağa çalışan N.Məmmədov həmin yeri ələ keçirir.
Gülməmmədov Novruz İsmayıllının Basqalaltı deyilən ərazisində “Şölətoğlu” ailəvi istirahət mərkəzi yaradıb.
O, azadlıq.info-ya deyib ki, istirahət mərkəzini 3 il qabaq tikib. Onun sözlərinə görə, obyektin tam hazır olması 500 min manata başa gəlib:
“Yusif adlı şəxs mənə yaxınlaşıb dedi ki, Kəmaləddin Heydərov Qəbələyə gedəndə burdan keçərkən ərazini görüb və xoşuna gəlib. Gömrük Komitəsində Nazim müəllim var, onunla söhbət etmək lazımdır.
Mənə deyildi ki, Kəmaləddin Heydərovun da orada ərazisi var və sənin istirahət mərkəzini də alıb birləşdirmək istəyir. Mən də dedim ki, yer azlıq edirsə, ona qurbandır”.
Amma Yusif onunla başqa cür söhbət edib. Deyib ki, 400 min sənə verilsin, amma 500 min istə, qalan 100 mini gömrük generalına çatsın:
“Mən də dedim ki, pulum verilsin çıxıb gedim. Amma Nazim müəllimlə razılaşmadıq. Ora 500 min, bəlkə də daha çox xərc tökmüşəm”.
Komitə sədrinin müavini sahibkardan 100 min qazanmağa çalışır. Halbuki, bu məsələdən nazirin xəbəri olmadığı, həmin ərazini heç tanımadığı deyilir.
Prezident dəfələrlə xəbərdarlıq edib ki, iş adamlarına şərait yaradın, onlara qanunsuz müdaxilələr etməyin. N.Məmmədov isə gömrükdə sahibkarların başına oyun açmaq azmış kimi, indi də istirahət mərkəzi olan iş adamını incidir.
Məlumata görə, məsələ nazirə məruzə olunub və onun adını hallandıran generalı cəza gözlədiyi istisna edilmir.
Xatırladaq ki, N.Məmmədov “Təfəkkür” universitetindən saxta diplom alıb. İddialara görə, Nazim Məmmədov 15 min dollara Təfəkkür Universitetinin 4-cü kursuna götürülüb. Artıq bir müddətdir Dövlət Gömrük Komitəsinin sədr müavini, general Nazim Məmmədovla bağlı çeşidli informasiyalar yayılır.
Əslən Ordubaddan olan generalın bu posta necə gəlib çıxması da kifayət qədər müəmmalı olub. İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi. 15 min dollara razılaşdılar.
Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var.
Tərəfləri dinləməyə hazırıq.