Karusel (4-01-2017, 17:40)
Bakıda universtet filialı niyə bağlandı?
“MTN mafiyası”nın qurbanları sırasında Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov da var. O da MTN işi ilə bağlı zərərçəkmiş kimi tanınıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı açılmış cinayət işinin materiallarından görünür ki, Ramazan Hüseynov ifadəsində universitetin Bakı filialının bağlanmasının günahkarı kimi “Mahmudov çetesi”nin üzvlərini göstərib.
Musavat.com-un cinayət işi materiallarına istinadən məlumatına görə, prorektor ifadəsində əvvəlcə öz fəaliyyəti və daha sonra universitetin Bakı filialının uğurlarından danışıb.
Ramazan Hüseynov ifadəsində göstərib ki, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol-inşaat fakültəsini 1992-ci ildə bitirib, 1997-ci ildən 2003-cü ilin oktyabr ayına kimi Moskva Dövlət Açıq Universitetinin Bakı filialında rektor köməkçisi vəzifəsində, 2003-cü ildən 2010-cu ilin sentyabr ayının 1-nə kimi isə həmin universitetin humanitar sahə üzrə prorektoru vəzifəsində işləyib.
O, deyib ki, universitetin Bakı filialının rektoru isə Muğan Salahov olub. Hüseynov əlavə edib ki, 2010-cu ildə prorektor vəzifəsindən azad olunmağına səbəb universitetin Bakı filialının təhsil nazirinin əmri ilə bağlanması olub.
“Böyük məbləğlərdə pulların dövriyyə etməsi…”
Prorektor ifadəsini daavamıbda unuiversitetin uğurlarından ürəkdolusu danışıb: “Universitetin Bakı filialı dövlətlərarası müqavilə əsasında təsis olunaraq və 1997-ci il tarixdən fəaliyyət göstərməyə başlamışdı. Tədris prosesinin düzgün təşkili, savadlı pedaqoji kollektivin formalaşması, Moskvada fəaliyyət göstərən Moskva Dövlət Açıq Universiteti ilə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları filialda təhsil almanı cəlbedici edirdi. Bu səbəbdən 2003-2010-cu illərdə filial ölkədə fəaliyyət göstərən ali tədris müəssisələri sırasında istər təhsilin keyfiyyəti, istərsə də tələbələrin sayı baxımından ən öncül yerləri tuturdu. Filialda tədris prosesi ödənişli olub, bununla belə milli qanunvericiliyə əsasən ayrı-ayrı kateqoriyalı tələbələrə güzəştlər tətbiq olunub. Filialdan Moskvaya, universitetə çoxlu sayda tələbələr köçürülürdü”.
R.Hüseynov ifadəsinin davamında qeyd edib ki, tədris müəssisəi kimlərində marağının qurbanı olub: “Ali tədris müəssisəsinin uğur qazanması, həmin filialda təhsil haqqı kimi böyük məbləğlərdə pulların dövriyyə etməsi dövlət qulluqçusu adı altında gizlənən tamahkar məmurların diqqətindən kənarda qalmadı”.
“Cənabın qəzəbinə tuş gəlmisiz”
“MTN mafiyas”nın qurbanı olduğunu deyən prorektor MTN-ə çağırılması haqda bunları söyləyib: “2004-cü ilin sentyabr ayında tanımadığım nömrədən zəng gəldi. Zəng edən şəxs özünü MTN əməkdaşı Nazim Lətifov kimi təqdim edtdi. Həmin vaxt universitetin iqtisadiyyat fakültəsinin dekan müavini olan Rafiq Salahovla birgə MTN-ə gəlməyimi əmr etdilər. MTN getdikdən bir müddət sonra Nazim Lətifov bizi qəbul etdi və mənə dedi ki, “cənabın qəzəbinə tuş gəlmisiz”. Cənab deyəndə Eldar Mahmudovu nəzərdə tuturdu. Soruşdum ki, cənabın qəzəbinə niyə tuş gəlmişik?”. Cavabı “bütün ali məktəblər MTN-nin siyahısından keçirlər, hər il müəyyən məbləğdə pul vəsaitlərini gətirib MTN-ə verirlər ki, yalnız bundan sonra nazirlik həmin tədris müəssisələrinin fəaliyyətinə göz yumur, tələbə köçürmələrinin qanuniliyini araşdırmır” oldu”.
Ramazan Hüseynov bu işlərdə səlahiyyətinin olmadığını, danışıqların rektorla aparılmalı olduğunu deyərək canını qurtarmaq istəyib. Amma xeyri olmayıb.
Prorektor ifadəsində deyib ki, bu danışıqlardan bir neçə dəqiqə sonra Sübahir Qurbanov otağa gəlib və onunla söhbətə başlayıb. Ondan əsasən filialın iş prosesi, tələbələrin sayı, rektorun fəaliyyəti, qəbul, köçürmələr, fakültələr barədə suallar soruşub.
“MTN tərəfindən günahsız insanların…”
“Mənə dedi ki, “özünə problem yaratmaq istəmirsənsə, sənə deyilənlərə əməl elə, tapşırıq yuxarıdandır”. Sonra baş barmağı ilə yuxarını işarə etdi. Bu sözlərdən sonra məsələnin ciddiliyini anladım. Yaşamaq naminə onların təklifi ilə razılaşmaya bilməzdim. Çünki o dövrdə MTN tərəfindən günahsız insanların həbs olunmaları barədə məlumatlı idim. Dedilər ki, filialın qanunsuz fəaliyyəti ilə bağlı onlarda çoxsaylı məlumatlar, şikayətlə var. Həbs olunacağım, “podvala” salınacağımla hədələndim”- deyə zərərçəkmiş ifadəsində göstərir.
Prorektorun sözlərinə görə, Sübahir Qurbanovun işçisi ilk olaraq ondan 400.000 manat pul istəyib. Bu qədər pulunun olmadığını dedikdən sonra ona “güzəşt” ediblər, həm də 10 dəfəyə qədər. Prorektorla sonuncu tələb razılıq 40 min manata olub.
Ancaq prorektor bununla canını qurtara bilməyib. Ondan hər ilin sentyabr ayında Sübahir Qurbanova çatdırılması üçün 100 min manat verməli olduğunu deyiblər, əks təqdirdə həyatında ciddi problemlərlə qarşılaşacağı ilə hədələyiblər.
Ramazan Hüseynov deyir ki, 2004-cü ilin sentyabr ayında 40 min manat, 2005-ci ilin sentyabr ayında 100 mini MTN-ə verib. 2006-cı ildə isə universitetin fəaliyyətinin dayanmaq həddində olduğunu deyərək 100 mini verməyə imkanının olmadığını söyləyib. MTN maskalıları ona güzəşt ediblər. Ancaq 2007-ci ildə yenidən 100 mini MTN-ə çatdırıb. Sonuncu dəfə isə 2008-ci ilin sentyabrında 100 mini Sübahir Qurbanovun adamlarına verib.
“Zəng elədilər ki, taleyin artıq həll olundu”
R.Hüseynov bildirib ki, 2009-cu ildə hər hansı məbləğdə pul verməyib. Elə həmin il də təhdid mesajını alıb: “Zəng edib dedilər ki, “müəllim, sən gərək biləsən, özünün və işlədiyin filialın taleyi artıq həll olundu”. 2010-cu ildə isə filial bağlandı. Filialın bağlanılması bilavasitə onların, MTN-nin işi oldu”.
Universitetin Bakı filialı bağlanandan sonra 2010-cu ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Ramazan Hüseynov və universitetin rektoru Muğan Salahov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi başlanıb. Onların hər ikisi məhkəmənin 2011-ci ilin 19 sentyabr tarixli hökmü ilə 2 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası alıblar.
O, deyib ki, MTN-ə verdiyi cəmi 340 min manat pulun bir hissəsini evini, bağını sataraq düzəldib. Digər hissəsini qardaşı Sahib Hüseynovdan 2005-ci ildə 65.000 manat, əmisi oğlu Ələkbər Əhmədovdan 2008-ci ildə 42.000 manat, dostu İbadət İbrahimovdan 2007-ci ildə 30.000 manat, 2007-ci ildə qonşusu Etiram Kərimovdan 35.000 manat, 2008-ci ildə qohumu Cəsarət Cümşüdovdan 40.000 manat, qalan hissəsini isə arvadı Gülnarənin qohumlarından borca alıb.
Prorektor bildirir ki, bundan başqa, o, məcbur olub 2004-cü ildə Alatava qəsəbəsindəki 2 sota yaxın torpaq sahəsində yerləşən ikimərtəbəli yaşayış binasını 40.000 manata satıb.
Şahid qismində MTN əməkdaşı olmuş Lətifov Nazim İsfəndiyar oğlu da dindirilib.
O, ifadəsində göstərib ki, 2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləyib. MTN əməkdaşı Ramazan Hüseynovu xatırladığını, onun MTN-ə dəvət edilə biləcəyini də istisan etməyib.
MTN əməkdaşı bunları deyib: “Tam təfərrüatı ilə xatırlamır. Ola bilsin ki, universitet rəhbərliyi ilə tanış olmaq və onlardan əməliyyat şəraiti barədə ümumi məlumat almaq məqsədilə MTN-ə dəvət olunubdur. Həmin il mən MTN-nin Antiterror Mərkəzində 1-ci idarənin 1-ci şöbəsinin bölmə rəisi işləyirdim. Həmin bölmə təhsil, səhiyyə, mədəniyyət sahələrində əməliyyat təminatını həyata keçirirdi. Digər universitetlər kimi Moskva Dövlət Açıq Universiteti ilə bağlı da, fəaliyyətimiz olub. Həmin universitetin rəhbərliyi ilə də tələbələrlə bağlı görüş keçirilə bilər. Bu MTN-in fəaliyyət istiqamətlərindən biri idi. Belə ki, oxuyan tələbələrin hansı fəaliyyətlə məşğul olması, hansı cərəyanlara meyl etməsi ilə bağlı məlumatların toplanması məqsədilə görüşlər keçirilə bilər. Bəzən isə universitetin rəhbər vəzifəli şəxsləri MTN-nə bu məsələlərlə bağlı dəvət olunublar. Ramazan Hüseynov da, ola bilsin nazirliyə bununla bağlı dəvət olunub. Lakin bunun hansı tarixdə olmasını, dəqiq xatırlaya bilmirəm”.
N.Lətifov prorektordan hədə-qorxu ilə bağlı pul tələb etmələri ittihamları ilə razılaşmadığını bildirib.
Qeyd edək ki, prorektorun adını çəkdiyi digər MTN əməkdaşı Sübahir Qurbanov nazirliyin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024