Karusel (31-05-2016, 10:53)
“Mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir” – Əli Həsənov
“Diffamasiya uzun müddətdir, Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir. “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir vaxtda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər”.
Mediatv.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa İttifaqı və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi üzrə Bakıda keçirilən dəyirmi masada çıxışında deyib.
Ə. Həsənov qeyd edib ki, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər: “Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi. 2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib”.
Ə. Həsənov bildirib ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-in müstəqilliyinin təmin edilməsi, bu sahədə neqativ halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlər həll olunub.
“2009-cu ildə Azərbaycan prezidenti konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxta kimi faktiki olaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb. Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var.
2011-ci il dekabrın 27-də Azərbaycan prezidenti insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq edib və həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda “diffamasiya ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlayıb və Milli Məclisə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb. Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”, – deyə prezidentin köməkçisi bildirib.
APA