Siyasət (24-10-2014, 22:37)
“Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın prioritetləri korrupsiya sahəsində əməkdaşlıq vasitəsilә qanunun aliliyinin genişlәndirilmәsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.
Bugünkü konfrans Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq, dövlətimizin Avropa Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir”.
Mediatv.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib.
Tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıran F. Ələsgərov deyib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir. Onun sözlərinə görə, Konvensiya üzv dövlətlərdən pozuntuların qarşısının alınması üçün səmərəli tədbirlərin görülməsini tələb edir. Bu tədbirlər məhkəməyə verilən şikayətlərin azaldılmasına və nəticədə işinin azalmasına gətirib çıxara bilər: “Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda qanunvericilik təkmilləşdirilir, hakimlər üçün təlimlər keçirilir, məhkəmə infrastrukturu təkmilləşdirilir. İnsan hüquq və azadlıqlarının təmin edilməsinə əsas rol məhkəmələrə məxsusdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə işlərinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Məhkəmə Hüquq Şurası, Ədliyyə Akademiyası yaradılıb. Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurlar ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib”.
F. Ələsgərov qeyd edib ki, hazırda hakimlər korpusunun 60 faizini bu şəffaf prosedurla qəbul olunan hakimlər təşkil edir. O, Azərbaycan dövlətinin Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb: “Şübhə etmirəm ki, bu konfrans əlavə tədbirlərin müəyyən edilməsində vacib rol oynayacaq”.