Karusel (4-08-2015, 21:52)
Bakıda evi erməni tərəfindən alınan vətəndaşın dramı- Foto
O, artıq üç ildir ki, küçələrdədir. Daha çox Dənizkənarı Milli Parkın ərazisində görmək olar, istirahət etmir, qəzet satır. Gün çıxandan gün batana qədər qəzet satan 65 yaşlı bu adam gecə getməyə yeri olmadığından, yay-qış elə parkın ərazisində də gecələyir. Getməyə yeri yoxdur deyəndə... paytaxtda, Bakıda yaşadığı evini bir neçə il əvvəl erməni əlindən alıb. Onu isə üç il əvvəl döyüb küçəyə atıblar. Hazırda iş məhkəmədədir...
“Mediatv.az” musavat.com-a istinadən emrəni tərəfindən evindən çıxarıldığını deyən Azərbaycan vətəndaşı Snequrenko Aleksey Petroviçin həyat hekayəsini təqdim edir:
Aleksey Petroviç erməni tərəfindən başına gələnləri hərdən qəzəblə, hərdən də ağlayaraq danışır...
“Uşaq evində böyümüşəm, heç kimim yoxdur. Bu evi isə işlədiyim yerdən 1978-ci ildə almışam. Xətai rayonu, Telnov küçəsində, 18 saylı evdə, mənzil 99-da yaşayırdım”. Bundan sonra 1997-ci ildə o, küçə davasında döyülən qadını müdafiə edir, davanın nəticəsi olaraq xuliqanlıqda təqsirləndirilir və 5 il müddətinə həbs edilir. Elə həbsxanada da sonradan evini ələ keçirəcək erməni ilə tanış olur. “O, Makarov Yakov Alekseyeviç idi, sonradan soyadını dəyişmişdi, əsl soyadı Simonyan idi”.
Makarov onun vəziyyətini bildikdən sonra yanına gələn anasına həmin ev barədə danışır. Nəticədə qadın evin qapısını sındırıb orada yaşamağa başlayır. “Makarov da 1998-ci ildə həbsdən çıxdı. Mən 2003-cü ildə həbsdən çıxanda evimdə onunla anasını gördüm. Məni döyüb evdən qovdular. Bir neçə dəfə evə getdim, hər dəfəsində məni qovdular. Sonra polisə şikayət edəcəyimi deyəndə, evə buraxdılar. Otağın birində mən, birində onlar yaşamağa başladıq. Bütün ev əşyalarımı satmışdılar. Sonra isə bir gün məlum oldu ki, mən evi onlara bağışlamışam. Bunu təsadüfən telefon pulunu ödəmək istəyəndə bildim. Gedib onlardan soruşanda, Yakov məni vurdu, döyüb qapıdan çölə çıxardı. Bundan sonra mən aylarla küçələrdə qaldım. Hərdən evə gedirdim, bir müddət qalırdım, sonda yenə dava salıb məni bayıra atırdılar. 2012-ci ildən isə küçələrdə qalıram. Artıq məni evə buraxmırlar. Məni dəfələrlə hədələyiblər, qorxu altında saxlayırlar. Yaxşı insanlar qarşıma çıxmasaydı, heç məhkəməyə müraciət edəcək halda deyildim”.
Onun bu vəziyyəti bulvara gəzintiyə gələn, qəzet alan insanların diqqətini cəlb edir və ona kömək edirlər. “İndi mənə vəkil tutublar, işi məhkəməyə çıxarmışam. Makarovun atası da belə ev fırıldağı üstündə Rusiyada öldürülüb. Makarov özü hazırda Rusiyada yaşayır, ancaq tez-tez gəlib anasını görür və məni tapıb hədələyib, qayıdıb gedir. O, məni öldürəcəyi ilə hədələyir. Sonuncu dəfə 2015-ci ilin fevralında mənə işgəncə verib, bütün bədənim təpik, yumruq zərbələrindən qaralmışdı. 102 xidmətinə neçə dəfə zəng etdik, düz-əməlli araşdırılmadı. Təsəvvür edirsiniz, məmurlar ermənini, həm də qanunsuzluq edən ermənini müdafiə edirlər. Deyirlər ki, faktla bağlı cinayət işi qaldırılacaq, qanunla belə olmalıdır, amma etmirlər. Bu ilin yanvarında bağışlanmanın qanunsuz hesab olunması, ləğvi ilə bağlı məhkəməyə müraciət etmişəm. Xətai Rayon Məhkəməsi işi başdansovdu etdi, məhkəmə adına bir şey olmadı. Qapının dalında qaldım, bir dəfə içəri çağırmadılar. Sonunda da məhkəmə, hakim Namidar Misirzadə iddiamı təmin etmədi. Ancaq mənim haqlı olduğumu sübut edən nə qədər şahid var idi. Qarşılaşdığım nə qədər məmur ölkə vətəndaşını deyil, qanunsuzluq edən ermənini müdafiə etdi. Bu, qanunsuzluq idi, özbaşınalıq idi. Onların bunu etməkdə məqsədi nə idi? Prezidentlə görüşmək imkanım olsa, bunları ona deyərdim”.
Snequrenko Petroviç bildirir ki, hazırda iş Apelyasiya Məhkəməsindədir: “Avqustun 11-də məhkəməm olacaq. Sədr İman Nağıyev, hakim Vüqar Həsənovdur. Məhkəmədən ədalətli qərar, ədalətin bərpa olunmasını gözləyirəm. 65 yaşda küçələrdə qalıram, soyuq payız gəlir. Bu qanunsuzluğa göz yummasınlar. Erməni Makarov evi anasının adına keçirib. Bu evin mənim olması ilə bağlı nə qədər sübutlar var”.
Sonda o, razılıq da edir. Ona bu üç ildə kömək olan, acından ölməməsi üçün yardım edən insanlara dua edir: “Onlardan biri də Bulvar İdarəsinin rəhbəri Nazim müəllimdir. Eşidib biləndə ki, burada yaşayıram, mənim yeməklə təmin olunmağıma şərait yaratdı. Hər gün kafelər mənə yemək, çay verirlər. Düzdür, utanıram hər dəfə gedib kafelərin qapısını döyüm. Özüm qəzet satıb bir neçə manat qazanıram. Ancaq bu, ev tutmağım üçün kifayət etmir, qışda da küçədə qalmışam illərlə. Bəlkə dövlət başçısı İlham Əliyevin də xəbəri olacaq vəziyyətimdən. Kömək etsin mənə, hüququmu bərpa etməyimə köməklik etsin. Axı mən də bu ölkənin vətəndaşıyam...”.