Hadisə / Karusel (6-05-2014, 18:08)
Müdir neftçini döyüb xəstəxanaya və... ixtisara saldı
“Bir işçini oğurluqda günahlandırırdı. O işçi isə bunu boynuna almırdı. Mən həmin işçidən oğuqluq edib-etmədiyini soruşanda da dedi ki, müdir mənə şər atır. Ancaq sonradan həmin işçi elə müdirin otağında oğurluğu boynuna aldı. Ortada döyülən və işdən qovulansa mən oldum...”
Bunları "Azadlıq" radiosunun “Qaynar xətt”inə “Surakhani Oil Operation Company S.A.” şirkətinin qarajında sürücü işləmiş Rauf Səfərəliyev danışır.
Onun deməsinə görə, işdən çıxarmağa çoxdan bəhanə axtaran qaraj müdiri Rövşən Mikayılov oğurluqda günahlandırdığı başqa işçini müdafiə etməsinə görə onu döyərək işdən qovub.
Şikayətçinin dediklərindən: “Oğurluq deyəndə ağlınıza hansısa qiymətli əşyanın oğurlandığı gəlməsin. Həmin işçi çox gənc idi, bizim yanımızda uşaqdır lap. Qarajın zibilliyindən tullantı radiatorları götürmüşdü. Əslində oğurluq da deyildi, zibillikdən götürmüşdü. Sadəcə olaraq müdir elə adam idi ki, işçini aşağılamağa həmişə belə bəhanələr axtarırdı. Beləliklə, noyabrın 19-da həmin gənc işçi otağında boynuna aldı ki, zibillikdən tullantı radiatoru o götürüb. Müdir də əvəzində mənə dedi ki, ərizəni yaz, işdən çıx. Yaxşı bilirdim ki, bu, məni işdən çıxarmaq üçün müdirin əlinə keçmiş bəhanədir. Ərizə yazmaqdan imtina etdim".
Rauf Səfərəliyev müdirin iş otağında aralarında mübahisə düşərkən döyüldüyünü, aldığı xəsarətlərdən 12 gün 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunduğunu deyir.
Şikayətçinin dediklərindən: "Noyabrın 19-da məni başımdan vurdu, halım üstündə deyildi. Hərəkətindən peşman oldu. Dedi ki, işdən çıxmaq istəmirsənsə, görürəm çox əsəbisən, bu ərizə blankına qol çək, səni öz hesabına məzuniyyətə göndərirəm. Dedi get dincəl, əsəblərini müalicə et, qayıt gəl.
Noyabrın 25-də işə qayıdanda dedi ki, yuxarı ilə də razılaşdırmışam, sən işdən azadsan. Sonra da mənə ərizə göstərdi. Həmin ərizədə başqasının xətti ilə mənim adımdan yazılmışdı ki, xahiş edirəm, məni işdən azad edəsiz. Həmin kağıza mənə bir neçə gün əvvəl məzuniyyət ərizəsi adı ilə qol çəkdirmişdi. Demişdi ki, vəziyyətin yaxşı deyil, sən qol çək, ərizəni sonra qızlar yazar”.
Rauf Səfərəliyev deyir, döyülməsi ilə bağlı polisə, işdən çıxarılması ilə bağlı isə prezidentə və başqa qurumlara şikayət yazıb. Dekabrın 15-də müdir onu işə bərpa edib, dekabrın 19-da yenə işdən çxıarıb: “Ona görə belə etdi ki, işdən çıxarılmaqla bağlı əvvəlki əmri mənim məzuniyyətdə olduğum tarixə düşürdü. Məzuniyyətdə olan işçini işdən çıxarmaq isə qanunsuz hərəkətdir”.
Keçmiş sürücü istifadəsində olmuş şirkət maşınını öz hesabına təmir etdiyini deyir: “Qaraja işə girəndə müdir mənə istifadəyə tamamilə yararsız bir maşın göstərdi. Ded, budur, işləmək istəyirsənsə, özün yığdır, sür. Mən də əlimdə işim olsun deyə razılaşdım. Banklardan borc götürüb maşını sıfırdan yığdırdım. Ancaq xeyrini görə bilmədim. Mənii şdən çıxartdı, maşını da başqasına verdi. İndi bank işçiləri qapımızı dağıdır”.
Rövşən Mikayılov isə deyilənləri təkzib edib. Bildirib ki, Rauf Səfərəliyev ona böhtan atır: "Öz ərizəsi ilə işdən çıxıb. Şikayətləri ilə bağlı daxili araşdırmalar aparılıb. Ona zor tətbiq olunduğu və aldadılaraq işdən çıxarıldığı təsdiqini tapmayıb. Hazırda isə iş məhkəmədədir".
Rauf Səfərəliyev deyir ki, rayon polisi kifayət qədər sübut olmadığını əsas gətirərək onun döyülməsi faktı üzrə cinayət işi başlanmasını rədd edib. İndi o, işə bərpa və buraxdığı iş günlərinin məvacibinin ona ödənilməsi iddiası ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edib.