Sosial / Slayd (29-03-2015, 13:53)
Sambo çempionumuzdan şikayət var - "Bıçaqla mənim dodağımı və qulağımı kəsdi"...
Martın 27-də Bakı şəhər sakini Vəfa Nəbiyeva qafqaznews.org saytına müraciət edib.
Nəbiyevanın sözlərinə görə, 26 martda o keçmiş əri Nevzat Abbasikeles tərəfindən möhkəm döyülüb: “ Biz 2009-ci ildə evlənmişik. Toydan sonra mən ərimlə Türkiyəyə getdim. 2012-ci ildə bizim oğlumuz oldu. 2013-cü ildə biz ayrıldıq”.
Müxbirimizin “Ayrılmağa səbəb nə oldu?” sualına Vəfa Nəbiyeva belə cavab verib: “ Mən bildim ki, ərim pulunu geri ala bilməyənlərin pulunu qaytarmaq üçün 20 faiz qazancla “razborka”ya gedir. Ona görə də cinayətkarla bir yerdə olmaqdan qorxdum və Bakıya qayıtdım. Azərbaycana qayıtdıqdan sonra mən Nevzatdan ayrıldım”.
Zərərçəkənin dediyinə görə, bu yaxınlarda onun keçmiş əri Azərbaycana gəlib: “ O, mənimlə görüşdü və xahiş etdi ki, uşağımızın sənədlərini ona verim. O, Azərbaycanda yaşamağa icazə almaq istəyirdi. Nevzat həm də xahiş elədi ki, mənim evimdə yaşasın. Mən onun xahişini yerinə yetirmədim. O, mənə hədə-qorxu gəldi. Mən onun təhdidləri ilə bağlı müxtəlif orqanlara məlumat versəm də onunla bağlı heç bir tədbir görmədilər”.
Nəbiyeva qafqaznews.org-a onu da bildirib ki: “ 26 martda keçmiş ərim qadın salonuna gələrək məni yumruqladı. O, məni möhkəm döyməyə başladı. Sonra bıçaqla mənim dodağımı və qulağımı kəsdi”.
Zərərçəkən 37-ci Polis Bölməsinə şikayət edib və onun dediyinə görə, polislər Nevzatı saxalayıblar: “ Mənim şikayətimlə bölmənin təhqiqatçısı Mahir ( familiyasını bilmirəm ) məşğul olurdu. Bölmədə Nevzat açıq şəkildə bildirdi ki, məni tezliklə buraxacaqlar, mənim “krışam” Nərimanov RPİ-nin baş əməliyyat müvəkkili Ceyhun Məmmədovdur. Nevzatı həqiqətən də tezliklə azad elədilər. Məni isə Mahir ekspertizaya göndərdi. 27 martda ekspertiza oldu. Mahir mənə dedi ki, Nevzatla bağlı axtarış verilib. Mən başa düşmürəm, nə üçün onu buraxıb sonra axtarış elan edirlər?”.
Nəbiyevanın sözlərinə görə, o, ərinin yenidən hücum edəcəyindən qorxur və övladının təhlükəsizliyinə görə narahatdır.
Biz Nəbiyevanın dediklərini araşdırmaq qərarına gəldik.
Həqiqətənmi, Nevzat Abbasikeles polis tərəfindən saxlanılıb və polislər zərəçəkənin təhlükəsizliyi üçün hansı addım atıblar?
Suala cavab almaq üçün 37-ci PB-nin təhqiqatçısı Mahirə ( o soyadını demədi ) müraciət elədik. O, bildirdi ki: “ Biz Nevzatla bağlı axtarış verməmişik, çünki onun barəsində cinayət işi qaldırılmayıb”.
Müxbirimizin “ Bəs, Vəfa Nəbiyevanın təhlükəsizliyi üçün hansı tədbir gördünüz?” sualını Mahir cavabsız qoydu.
Məsələ ilə bağlı Nərimanov RPİ-nin baş əməliyyat müvəkkili Ceyhun Məmmədovla da əlaqə saxladıq. O, bildirdi ki, mən heç vaxt Nevzat Abbasikeleslə tanış olmamışam.
P.S. Məlumat üçün bildirək ki, Ceyhun Məmmədov sambo üzrə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.