Sosial (26-02-2015, 22:48)
Biz dərddən ölmədik, ölə bilmədik - ŞUŞA
İndi yəqin Şuşanın dağlarına daha çox qar yağıb
Görəsən, dünyanın ən böyük dərdi, kədəri nədir? Ana itkisimi, övlad dağımı? Yoxsa dünyaya ancaq bir dəfə doğulan insanın varlığına bərabər əbədi məhəbbətin daşlara çırpılmasımı? Ya da gözlərini açıb gördüyü od-ocaq yerinin, qədəmlərini açdığı cığırların, izlərin, yolların, ilk sevgisini söylədiyi bulaq başının nisgilimi? Ancaq ömrün qürub çağında gözləri görməyən, qulaqları eşitməyən, quru nəfəsi gələn ağbirçəyin, ağsaqqalın son arzusu, son diləyi, son ucu ölümlü dünyada göz açdığı torpaqda əbədiyyətə qovuşmaqdır.
Bəzən mənə elə gəlir ki, on illərdir, yüz illərdir eyni nisgillə yaşayırlar. Səhərlər gözümü açanda yadıma indi həyatda olmayan doğmalarım, dostlarım, bir də Şuşa düşür. Daha sonra gözlərimin önünə böyük Üzeyirin, Xan Əminin, Bülbülün, Xan qızı Natəvanın, bir də Qarabağın nisgilli, munis səsi olan Səxavət Məmmədov düşür. Bütün bunların bir yuxu olduğuna inanmaq üçün yorğanı başıma çəkib, gözlərimi yumuram. Ancaq elə o andaca hamısının acı bir həqiqət olduğunu dərk edirəm. Ən məşəqqətlisi isə gözlərində torpaq nisgili olan dostlarımın məzar daşlarından boylanan qınaqları, gileyləridir: “Beləcə yaşayırsınız hələ?”.
Bəlkə də onu od-ocağından, hər cümlədə az qala beş dəfə adını çəkdiyi dünyasından – Şuşasından ayrı düşdüyü ilk gündən tanıyıram. Hər söhbətində də mənə elə gəlib ki, əlimiz çatmayan, ünümüz yetməyən Şuşa elə onun özü kimi məhzun və mükəddərdir. Düşünmüşəm, ancaq xəyalən seyrinə çıxdığımız o dağların, bulaqların, cığırların izlərin sonu saatla uzanıb. O yurd yerinin nisgili ilə kövrəlib, mən bu nisgillə bərabər o dağların özü qədər təmiz və əbədi olan gənclik xatirələriylə.
Bir gün Şirvan şəhər Prokurorluğundakı kiçik otağının günəşə açılan pəncərəsi önündə saralmış qəzet səhifələrinə “bürünən” gördüm onu. Hər gecə yuxularında Şuşanı görən şuşalı qızı Tahirə Quliyevanı. Hər şeyi, hətta özünü belə unutmuşdu o an. Handan-hana başını qaldırıb otaqdakılara baxdı, sanki yenə heç kimi görmədi. Yenidən saralmış qəzetlərə “büründü”. Birdən mənə elə gəldi ki, bu qız qəşş edib güləcək, ancaq balaca çiyinləri titrəyib-titrəyib dayandı...
Sapsarı saralmış qəzetlərdən bir neçəsini götürdüm.
“Cabir Novruz deyir: “Azərbaycanımızın coğrafi və mənəvi mənada ən uca nöqtələrindən birindəyik. Babalarımızın dili ilə desək, qəhrəman Şuşa qalasında. Tarix və mədəniyyətimizin qədim, əbədi beşiklərindən biri doğma Qarabağdayıq. “Şuşa” qəzeti, 2 avqust, 1984-cü il, №-93”.
Dupduru baxışlarıyla şəkildən boylanan Məhsəti Əhmədovanın şeirini oxuyuram:
“Sən Xarı bülbülü dərmək istəsən,
Bir gözəl saçını hörmək istəsən.
Vaqif gözəlini görmək istəsən
Gəl bizim Şuşaya, gəl Qarabağa”.
Bu da “Şuşa” vqəzetinin 28 iyul 1983-cü il tarixli 89-cu sayı... Ağlımdan keçdi ki, indi bu qız, görəsən, haradadır, oğlanlarından neçəsini yurda qurban verib? Yoxsa, bəxti Şuşanın bəxti kimi daşlara çırpılıb? Amansız tale... sağdırsa, fərqi elə çox deyil.
“Şəhərimizdə açılmış yaşıl aptek dərman bitkilərinin toplanması və satışı məqsədilə atılmış uğurlu addımdır. Qəzetimizin bu nömrəsindən başlayaraq Şuşada, onun dağ yamaclarında, meşələrində olan dərman bitkilərindən bəhs edəcəyik”.
“Şuşa” qəzeti, 17 yanvar, 1989-cu il.
***
Görəsən, bitirmi Şuşanın dağlarında, yamaclarında dərman bitkiləri? Görəsən, lalələr, nərgizlər açılırmı Şuşanın dağlarında ? Görəsən, buz bulaqlar Xan qızı Natəvanın, Vaqifin şeirlərini zümzümə edirmi? Yüyənsiz at kimi cövlan edən dəli küləklər Cıdır düzündə “Sənsiz”i oxuyurmu? Şuşanın dərdinə dərman edə bilmədiksə də, ilqarı düz olan dağlarımız yağılar üçün gül açarmı heç?
***
“Hörmətli redaksiya! Yenə də çox narahatıq. Erməni millətçiləri Şuşa-Ağdam magistral yolunda fitnəkarlıq törədirlər. Ona görə də təsərrüfat yüklərinin daşınması çətinləşmişdir. Maşınların əzilməsi, şüşələrin sındırılması hər gün davam edir”.
24 yanvar, 1991-ci il.
Nə vaxtsa işğal olunacağını heç vaxt ağlımıza gətirmədiyimiz Şuşanın ağrılı-acılı günləri. Qala ümidlə “aşağılardan”, “yuxarılardan” kömək gözləyirdi. “Aşağılar” quş tüfənglərini belə yığan “yuxarılardan” asılı, “yuxarılar” isə can verən Qarabağın qanı bahasına hakimiyyət davasında.
***
“9 May – Qələbə günüdür. Bu əlamətdar gün təkcə Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbə çalmış sovet xalqı tərəfindən deyil, eyni zamanda bütün sülhsevər xalqlar tərəfindən təntənə ilə qeyd edilir. 39 il əvvəl sovet qoşunları faşist Almaniyasını diz çökdürmüş, Reyxstaqa qələbə bayrağı sancmışdır”.
“Unudulmaz tarixi gün” adlı bu məqalə 8 may 1984-cü il tarixdə “Şuşa” qəzetində çap olunub. Taleyə bax, düz 8 il sonra sovet qoşunlarının rəhbərliyi ilə erməni işğalçıları Şuşaya bayraq sancdılar.
Qarı düşmənlərin, qartımış yağıların, məkrli qonşuların həmlələrindən zaman-zaman qorunan Şuşa, Ağaməhəmməd Şah Qacara təslim olmayan Şuşa “haylara” pay oldu. Azərbaycan xalqının namusu dediyimiz Şuşanı qorumadıq, qoruya bilmədik, namussuz olduq.
Ulularımızın və tarixin bizə əmanət qoyub getdiyi yurd-yuvalarımızın, ismət və namusumuzun erməni tapdağı altında qalması müqabilində nələr qazandıq, nələr əxz etdik bizlər?
Kükrəyən çay kimi bir zamanlar içimizi titrədən qisas hissini alışıb-yanan, avropalaşmış paytaxtda əyləncələrə dəyişdik. “Xarı bülbül”, “Şuşa”, “Cıdır düzü” restoran və kafelərində göbəyi açıq, yarıçılpaq “xanımların” şəninə sağlıqlar dedik. Və elə orada tüfəng tutası əllərimizlə “min dəfə sığallanmış” saçları min birinci dəfə biz sığalladıq. “Şuşa”nın qoynunda bir “kişi” ömrü yaşadıq. Şuşanın isə göz yaşları İsa bulağına qarışıb Daşaltı çayına töküldü. İsmətini qorumaq üçün özünü qayadan atan bir gözəlin ruhu isə küləklərə qoşulub bayatı söylədi göz yaşları içində:
Şuşa var, Dağdana var,
Müri üçün dağ dən ovar.
Göz yaşım selə döndü,
Soruşdu dağda nə var?
***
... Bir neçə il əvvəl Bərdədəki çadır şəhərciyini ziyarət etmək qərarına gəldim. Gözəl bir yaz səhəri olmasına baxmayaraq, bir-birinə sığınıb hüznlü bir mənzərə yaradan kiçik, palçıq evlər sükut içində uyuyurdu. 5-6 yaşlarında bir qızcığaz girəcəkdəki komaların birinin kölgəsinə çəkilib için-için ağlayırdı. Yad adam olduğumu bilib əlinin arxası ilə göz yaşlarını sildi, ayağındakı ayaqqabının yırtığını gizlətmək üçün çöməlib nimdaş donu ilə ayaqlarını görünməz etdi. Yaxınlaşıb cod saçlarını tumarladım. Başını qaldırıb zil qara gözlərini gözümə dikdi.
- Bu gözəl balanı kim incidib belə?
- Babam vurdu! Heç incitməzdi məni, ancaq bu səhər... daha mən onun balası
olmayacağam, çay da verməyəcəyəm...
- Bu düz olmadı, baba nəvəsini vurmaz axı...
- Yox, vurdu məni, lap düzdü.
- Baba səni niyə vursun, axı?
- Əmi, indi mənim balaca bir bacım da var. Neçə gündü hərə bir ad deyir. Dedim ki, baba, deyirsən, hər gecə Şuşanı yuxunda görürsən, özü də elə qəşəngdi. Onda bacıya qoyaq elə Şuşanın adını... Neçə gün nağıl danışmadı mənə, axırda bu gün... Yox, daha onun balası olmayacağam...
Qızcığazın göz yaşları sapı qırılmış kəhrəba kimi ətəyinə tökülürdü. Uzun müddət ovundura bilmədim. Bir az keçmiş elə həmin evin kiçik pəncərəsindən yorğun, üzgün, kədər dolu bir kişi səsi eşidildi:
- Natəvan...
Qızcığaz “babamdır” – dedi. Sonra ceyran kimi sıçrayıb komaya qaçdı...
İndi də o yaz səhəri çadır şəhərciyində kimlərlə nə danışdığım xatirimdə deyil.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
... Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi,
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.
Bu misraların müəllifi azman şairimiz, ozan şairimiz, sinəsi xalq sənəti ilə dolu olan Zəlimxan Yaqubdur.
İttiham, qınaq dolu bu şeirində Zəlimxan babasından küsən qızcığazın göz yaşlarını silməkdə hələ ki, hamımız kimi acizdir. Fəqət, etirafında, etiqadında, nisgilində hamımızdan yüksəkdədir. Etiraf edək ki, Şuşanın işğalından sonra Şuşa haqqında yazılmış şeirlər içərisində Zəlimxan harayı daha ünlüdür. Nə yazıq ki, şair sözü “silah” deyil, yoxsa elə bu şeirlə Şuşanı almaq olardı yəqin.
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı,
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil.
Danışmasan da, bala, barı gül!
Bunu da Xan Əmi oxuyub. Bəlkə də özü də bilmədən o dağlar, dərələr, o insanlar, o ülviyyət, o gözəllik haqqında əbədi bir nəğmə deyib. Elə bir nəğmə ki, onu ancaq Xan Əmi deyə bilərdi. Hərdən mənə elə gəlir ki, “Qırmızı qoftalı, yaşıl tumanlı” o qız elə Şuşanın özüdür. Xan Əmi dupduru səsiylə o qızın – Şuşanın gözəlliyinə, ismətinə, namusuna sığınıb ölməz bir eşq şərabı içməyə çağırır bizi. “Ay qız, bu nə qaş-göz, bu nə tel”.
Yox, bu ancaq Şuşadır, heç bir gözələ bənzəməyən Şuşa. Qiymətləndirə bildikmi o gözəli? Namusunu, şərəfini qoruya bildikmi onun?!...
“Dərdindən ölmək” əvəzinə o müdhiş yaz aylarında Şuşanı “ezamiyyət” adı ilə iki bir-üç bir tərk edən biz kişilər olduq. “Şuşa gedərsə, başıma bir güllə sıxacam” – deyən biz kişilər olduq. “Siz bilirdiniz ki, mayın 7-də Şuşada heç kim yoxdur. Bəs niyə öz silahlarınızla ora girmədiniz?” – sualına “Əcəb elədim” cavabını verən biz kişilər olduq. Namus, qeyrət, əzəmət, and yerimiz olan o gözəl Şuşanın itkisi ilə barışıb yaşayan da biz kişilərik.
... Oradakı yurd yerlərinin adına açdığımız restoranlarda, barlarda “kef çəkən” də biz kişilərik. Bizi bağışlama, şirin xəyallara, acı xatirələrə, bir də “Şuşa” qəzetinə tapınan, sığınan xanım!
Bizi bağışlama, dərdli, ələmli səsiylə o dağlara ağı deyən, dərələrə layla çalan, çiçəklərin göz yaşından öpən Xan Əmi!
Bizi bağışlama, Şuşa!
Səxavət Məmmədli
