Cəmiyyət / Slayd (18-11-2014, 22:05)
Bayraqdar
9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olundu. Azərbaycan Respublikasının suverenliyinin rəmzi olan müqəddəs Dövlət Bayrağımızdakı üçrəngmilli istiqlal ideologiyamızın «Türkçülük, islamçılıq və müasirlik» kimi üç təməl prinsipini ifadə edir.
Azərbaycanın dövlət təltifləri sırasında əhəmiyyətli yer tutan «Azərbaycan Bayrağı» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında mili azadlıq hərəkatında iştirakına və ictimai-siyasi fəaliyyətinə görə; hərb elminin və hərb texnikasının inkişafında, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilir. Bu yazıda biz o şəxsin haqqında söz açacağıq ki, 1993-cü ilin noyabr ayında uğurlu əməliyyatları nəticəsinə görə «Azərbaycan Bayrağı» ordeninə təqdim olunmaya məsləhət bilinəndə buna etiraz etmiş və bildirmişdirki, hələki, Vətən əsarətdədir.Mən bir zabit kimi özümü vətən mükafatına hazır bilmirəm.
Bəli, işğal altında olan Laçının vətəndaşlarının vətənpərvərlik əzmini qorumaq üçün rayona döyüşün nə olduğunu bilən, hər an yenidən savaş meydanına atılmağa hazır olan bir şəxs başçılıq etməliydi. Bu məsələ strateji əhəmiyyət daşıdığından dövlət rəhbərliyi tərəfindən də nəzərə alınmışdır. Həmin nöqteyi-nəzərdən cənab Akif Səlimovun Laçın Rayon İcra Hakimiyyətinə Başçı vəzifəsinə göndərilməsi laçınlıların ürəyincə oldu.
Səlimov Akif İsmayıl oğlu 7 noyabr 1950-ci ildə Azərbaycan SSR Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuşdur. 1956-1966-cı illərdə Qarıqışlaq kənd orta məktəbində təhsil almışdır. 1967-1972-ci illər Azərbaycan Politexnik İnstitutunda ali təhsil almış, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.
1972-1974-cü illərdə təyinatla Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, baş leytenant rütbəsində tank polkunun kəşfiyyat rotasının tağım komandiri vəzifəsində işləmişdir.
1975-1984-cü illər arasında Qaradağ Sement Zavodunda usta, tikintidə baş mühəndis, Tikinti Materialları İstehsalı Birliyində direktor, Azərbaycan KP Laçın rayon komissiyasının sədri vəzifəsində işləmişdir.
1984-cü ildə Daxili İşlər Orqanlarına işə göndərilmiş, Laçın rayon Milis şöbəsinin siyasi hissə üzrə rəis müavini vəzifəsində xidmətə başlamışdır.
1990-cı ildə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi bitirmiş, ali təhsilli hüquqşünasdır. 1993-cü ildən polis polkovnikidir.
1990-cı ildə Laçın rayon Polis Şöbəsinin, 1994-1995-ci illərdə Goranboy rayon Polis Şöbəsinin, 1996-2000-ci illərdə Qax rayon Polis Şöbəsinin, 2000-ci ildə Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı, 3 nəvəsivar.
1988-ci ildə mənfur ermənilərin separatçılıq fəaliyyətləri açıq müharibəyə çevrildiyi andan Akif Səlimovun həyat və fəaliyyətində yeni dövr başlanmışdır. Onun rəis müavini və rəis vəzifələrində bütün fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur. Bu dövrün fəaliyyət istiqamətləri və onun nəticələri aşağıda sadalanan kimidir:
- Milli azadlıq hərəkatının oyanışı dövrlərində bu müqddəs amalın mütərəqqi tərəflərini müdafiə edib, tərəfdarı olmuş, rayon əhalisinin siyasi mənsubiyyətlərinə görə parçalanmasına imkan verməmişdir.
1988-ci ildən başlayaraq düşmənə qarşı kəndlərdə könüllü dəstələrin təşkili, onların silahlandırılması, polis batalyonunun yaradılması və yüksək döyüş hazırlığına çatdırılması, sərhədlərin müdafiəsi üçün rayon miqyasında maddi-texniki, mənəvi dəstəyin mərkəzləşdirilməsi və istiqamətləndirilməsində əlaqələndirici rol oynamışdır. Silahlı toqquşmalara başlandıqdan sonra polis qüvvələrinə rəhbərlik etmişdir.
1989-cu ilin avqust ayında Ağanus kəndi ərazisində iki nəfər erməni boyevikini atəşlə zərərsizləşdirərək Milli Qəhrəman İsrafil Şahverdiyevlə birlikdə tutulmasını təmin etmişdir.
1991-ci ilin may ayında Laçın və Şuşa arasındakı üç erməni kəndində erməni silahlılarının tutulması əməliyyatının rəhbərlərindən biri, ümumi polis qüvvələrinin komandiri olmuşdur. Bu əməliyyatlar nəticəsində 144 nəfər erməni döyüşçüsü tutulmuşdur. Erməni döyüşçülərinin komandiri, general rütbəsi verilmiş, Qaladərəli Qrişa və jurnalist Salatın Əsgərovanı qətlə yetirən boyeviklər tərksilah edilərək həbs olunmuş, 1991-ci ilin payızında Ermənistan xüsusi təyinatlı polis dəstəsinin (OPON) 25 nəfər
zabit döyüşçü
əməliyyat zamanı Cicimli kənd istiqamətində tutulmuşlar.
1992-ci ilin ortalarına qədər Güləbirt, Cicimli, Zabux, Ağanus, Köhnəkənd, Cağazur, Malıbəy, Hacılar, Sadınlar kəndləri istiqamətində çoxsaylı döyüşlər olmuş, xeyli sayda düşmən məhv edilmişdir. 1992-ci ilin may ayında hamıya məlum siyasi gediş və bu gedişin könüllü dəstələrə sirayəti nəticəsində DQMV ilə Ermənistan arasında koridor açılmışdır. 1992-ci ilin iyun ayında Mişni kəndi ərazisində gedən döyüşlərdə əsasən mişnililərdən ibarət olan bölmənin döyüşçüləri 40 nəfər ermənini məhv etmiş, 6 nəfəri əsir almışlar. 1992-ci ilin sentyabr-oktyabr aylarında Hocaz yüksəkliyi uğrunda gedən döyüşlərdə Laçın polis dəstəsini hücuma Milli Qəhrəman Oqtay Güləliyev aparmış və Sus kəndi ərazisindəki televiziya qülləsinə qədər irəliləmiş, Laçın-Zabuxyolu, «koridor» bağlanmışdır.
Həmin vaxtlar A.Səlimovun rəhbərliyi ilə keçirilən döyüş əməliyyatlarında Ermənistan prezidenti T.Petrosyanın mühafizəsi dəstəsi, Artaşat rayonu hərbi komissarının döyüş hissəsi, Ermənistan OMON-nun komandiri kapitan Markaryan Erik Romikoviçin rotası darmadağın edilmiş, düşməndən tank, BMP, çoxsaylı avtomat silahlar götürülmüşdür.
Kəlbəcər rayonunun işğalından sonra Laçın polisi Murov dağı uğrunda gedən ağır döyüşlərdə ön sıralarda olmuş, Gəncəyə tərəf zirvə aşırımını 7 gün təkbaşına müdafiə etmişdir.
1993-cü ilin oktyabr ayında Füzuli istiqamətinə göndərilən Laçın polis dəstəsi döyüşlərin mərkəzində aparıcı istiqamətdə olmuş, Horadizin azad edilməsində xüsusi fəallıq göstərmişdir. Bu döyüşlərdə Laçın polis dəstəsindən 27 nəfər əməkdaş həlak olmuşdur.
Azərbaycanın Milli Qəhrəmanları Qorxmaz Eyvazov və İsrafil Şahverdiyev bu döyüşlərdə qəhrəmancasına həlak olmuşlar.
Döyüş epizodlarının az bir hissəsi sadalanan Laçın polis dəstəsinə atəşkəsəqədər (1994, may) polkovnik Akif Səlimov rəhbərlik etmişdir. Vətən qarşısındakı xidmətlərinə görə 3 nəfər döyüşçüyə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş, 3 nəfər əməkdaş «AzərbaycanBayrağı» ordeninə layiq görülmüşlər.
1993-cü ilin noyabr ayında uğurlu əməliyyatların nəticəsinə görə «Azərbaycan Bayrağı» ordeninə təqdim olunmaya məsləhət bilinəndə polkovnik Akif Səlimov buna etiraz etmiş və bildirmişdir ki, hələ ki, Vətən əsarətdədir, mən bir zabit kimi özümü vətən mükafatına hazır bilmirəm.
Füzuli istiqamətiində 1500 nəfərdən ibarət birləşmiş polis qüvvələrinə polkovnik Akif Səlimov müvəffəqiyyətlə komandirlik etmişdir.
İşlədiyi rayonlarda, o cümlədən Cəlilabadın yaxşı əməlləri ilə xatırlanan A.Səlimov məcburi köçkünlərə şərait yaradılması, onların maddi-mənəvi durumlarının yaxşılaşdırılması üçün dönmədən çalışmışdır.
İnsanın dərinliyi və böyüklüyü onun bəxti ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür, çünki yaxşılıq hər şeydən üstündür və heç bir şeydən asılı deyil. Bütün kollektivlərin mərkəzində duran, bütün vinclərin əsas mənbəyi olan yaxşılıq həm Allahın, həm də insanların məhəbbətini qazanmışdır. Akif SəlimovdaVətənə, xalqa tərifə layiq xidməti ilə həm öz həyatını zinətləndirmiş, həm də həmvətənlərinin alqışını qazanmışdır. Razılaşaqki, bundan böyük mükafat ola bilməz.
Aydın Bayramov