Karusel (22-05-2015, 21:49)
Hansı dövlət məmurları cənnətlikdir? - İbadət
Bütün səmavi dinlərdə, o cümlədən, İslamda məsuliyyət anlayışı xüsusi önəm kəsb edir. İnsan öncə Yaradan qarşısındakı məsuliyyətini dərk etməli, Allahın son kitabı Quranın və son Peyğəmbərinin(s) bütün buyruqlarına əməl etməli və ətrafındakıları, tabeliyində olanları da buna yönəltməlidir. Əlbəttə, ibadətdə: namazda, orucda və s. məsuliyyət ön sırada gəlir. Ancaq islami baxımdan Allaha təslim olmuş insanın –müsəlmanın bütün həyatı, hər bir addımı ibadət olmalıdır. Çünki Allah bizləri məhz Özünə ibadət üçün yaratdığını vurğulayır (Qurani-Kərim, Əz-ziyarət, 56). Odur ki, insan ailədə, cəmiyyətdə ata-ana, müəllim, dövlət başçısı, dövlət məmuru və s. kimi icra etdiyi işləri də öz Yaradanına ibadət kimi anlamalı və hər bir kəlməsinin, ən xırda işinin belə, məsuliyyətini dərk etməlidir.
Vəzifə sizlərə imtahan üçün verilib...
Paytaxtımız Bakıdakı məsum körpələrin, uşaqların və gənclərin də həyatını itirdiyi son dəhşətli yanğın hadisəsi həyatın bütün sahələrində və məxsusən dövlət idarəçiliyində məsuliyyət anlayışını daha ciddi formada gündəmə gətirdi. 15 insan Allahın verdiyi canı bir para məmurların və iş adamlarının məsuliyyətsizliyi, tamahını cilovlaya bilməməsi ucbatından itirdi. Mütəmadi olaraq çıxışlarında məmurları öz vəzifələrini ciddi məsuliyyətlə icra etməyə çağıran Azərbaycan dövlət başçısı məsələni daha sərt şəkildə qoymalı oldu.
Bəzi çinli məmurlara elə gəlir ki, Yaradan onlara “xüsusi missiya” qismət etdiyindən rütbəcə özündən aşağı olan və sadə vətəndaşlar onlara baş əyməli, gördükləri vəzifə işləri müqabilində onlara daim “hörmət” etməlidirlər. Məmurlar ilk növbədə anlamalıdırlar ki, insanın bu dünyadakı həyatı başdan-başa imtahan, sınaq olduğu üçün(Mülk,2) onların tutduğu vəzifələr də, halal və ya haram yolla qazandıqları mal-dövlət də, arvad-uşaq da və s. sadəcə, bir sınaq vasitəsidir. Sonda bunların hamısının hesabını verəcəklər. İslamdan bir az məlumatı olan bəzi məmurlar isə bir sıra Quran ayələrinə və Peyğəmbər hədislərinə istinad edərək vətəndaşların dövlət məmurlarının əmr və göstərişlərinə qeyd-şərtsiz əməl etməli olduqlarını sanırlar.
Doğrudur, Qurani-Kərimdə buyrulur: “Ey iman edənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!..” (Nisa, 4/59). Ancaq göründüyü kimi, öncə Allaha, sonra Peyğəmbərə, daha sonra əmr sahiblərinə itaət etmək vurğulanır. Yəni, adi məntiqlə Allaha və Onun Peyğəmbərinə itaət etməyən, özbaşınalıq edən, rüşvət alan, rəiyyətin, vətəndaşın haqqını tapdayan məmurların Allaha zidd əmrlərinə tabe olmamaq müsəlman üçün günah deyil.
Odur ki, dinimizə görə,məmurlar ilk növbədə Allah, Peyğəmbər, dövlət və xalq qarşısındakı məsuliyyətlərini dərk etməli və hər bir kəlmə və addımlarını ölçüb-biçməlidirlər.
Dövlət rəhbərləri Peyğəmbərin təmsilçiləri hesab olunurlar...
Filologiya üzrə fəlsəfə doktoru, ərəbşünas alim İdris Abbasov belə hesab edir: “Allaha və Rəsuluna itaət etmək müsəlman olmağın başlıca şərtidir. İslama görə dövlət rəhbərləri, başqa sözlə, xəlifələr Rəsulullahın təmsilçiləri hesab edilirlər. Allaha və Rəsuluna qeydsiz-şərtsiz itaət etməli olan müsəlman dövlət rəhbərlərinə qanun çərçivəsində, dövlət və millət üçün faydalı olan işlərdə və fəaliyyətlərdə itaət etməlidir. Digər tərəfdən, amir məmurunu qanunsuz işlər görməyə təhrik etdikdə, məmur Allaha üsyan mənasına gələn bu növ işləri icra etməkdən çəkinməli, Allaha sığınmalıdır. Çünki amirinin əmri ilə yasaqların ayaqlar altına atılması məmuru əsla məsuliyyətdən qurtara bilməz...”
Vətəndaşla necə davransan, Allah da səninlə elə davranacaq...
Dövlət idarəçilinin və məmur məsuliyyətinin əsas prinsipləri 4-cü xəlifə Həzrət Əlinin(s) Malik ibn Haris Əştəri Misirə vali(indiki icra başçısı) təyin edən zaman onunla olan məşhur “Nəhcül-bəlağə” kitabında dərc edilmiş əhdindəki əmrlərində çox gözəl ifadə olunur. Möminlərin əmiri Malikə pərhizkarlıq edərək Allahdan qorxmağı, Onun hökmlərini üstün tutmağı və Öz kitabında (Qur’ani-Kərimdə) əmr etdiyi vacib və bəyənilmişlərə tabe olmağı əmr edərək deyir: “Öz nəfsi istəklərinə hakim ol. Rəiyyətlə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Məbadə onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olasan. Allahın güzəşt edərək səni bağışlamasını istədiyin kimi, sən də güzəşt edib günahlarından keçməklə onları əfv et. Çünki sən onlardan, səni valiliyə göndərən səndən, Allah isə bu hökuməti sənə tapşıran, işlərini yerinə yetirməyini istəyən və səni onlarla sınayandan üstündür. Sən onlarla nə cür davransan, O da səninlə elə davranacaq. Heç vaxt əfv və güzəşt etməkdən peşman, cəzalandırmaqdan şad olma. İtaətsizlik və qəlbiqaralıq üzündən mən məmuram və hər nə istəyirəmsə, əmr edirəm və gərək mənim əmrimi qəbul etsinlər, demə...
Hökumət adamı Allahlıq iddiasında olarsa...
İmam Əli(s) dövlət adamlarını təkəbbürlü olmaqdan çəkindirir: “Özünü Allahla Onun əzəmətində bir tutmaqdan və qüdrətində özünü Ona bənzətməkdən çəkin. Çünki Allah hər bir itaətsiz lovğanı xar edərək alçaldır. Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar, yoxsulluq və kasıblıqla qorxudar; nə ürəksiz və qorxağı (daxil et) ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər; nə də həris adamı ki, o, (ehtiyac günü üçün mal toplamaq) hərisliyinin çoxluğundan (xalqa) zülm etməyi sənin nəzərində gözəlləşdirər. Pərhizkar və doğruçulara qoşul...
Məmur gərək şikayətçilərin müraciətlərindən bezməsin...
Həzrət Əli(s) daha çox tamahı az, səbri bol və geniş məmurlara üstünlük verməyi tövsiyə edir. “Xalq arasında qəzavət və hakimlik üçün rəiyyətin ən yaxşısını seç. Eləsini ki, işlər ona çətin gəlməsin, çəkişməyə düşmüş kəslər dava və qalmaqal barəsində öz nəzərlərini ona qəbul etdirə bilməsinlər, mütəmadi olaraq səhvə yol verməsin, haqqı dərk edəndə ona qayıtmaqda aciz qalmasın, nəfsi tamah və hərisliyə meylli olmasın (çünki tamahkar olsa düzgün hökm çıxara bilməz), lazımınca düşünmədən az anlayışla kifayətlənməsin şübhəli məqamlarda dayanaraq hamıdan çox götür-qoy etsin, şübhəli işlərdə həqiqəti əldə etməyincə hökm çıxarmasın, dəlil və sübutları hamıdan çox öyrənib mənimsəsin, şikayətçilərin müraciətlərindən hamıdan az bezsin...
Tabeçiliyindəki məmurların rüşvət almasına şərait yaratma
Məmur gərək “işlərin aydınlaşdırılmasında olan əziyyətlərə hamıdan çox təmkinli və dözümlü olsun, hökm aydınlaşanda hamıdan qətiyyətli olsun,məsələnin həqiqətini dərk edən kimi tez onun hökmünü çıxarsın və hökmü gecikdirməsin və mübahisə edən tərəflərin məəttəl qalmalarına səbəb olmasın, çox tərifləmək onu xudbinliyə düçar etməsin və məcburiyyət və kələk onu (iki tərəfdən birinə) meylli etməsin. Bundan sonra onun çıxardığı hökmlərdən ətraflı xəbər tut, yoxla. Ona o qədər bəxşiş et və yaşayışını elə gen-bol təmin et ki, üzr və bəhanə gətirməsinə yer qoymasın və həmin bəxşiş səbəbindən xalqa ehtiyacı az olsun və rüşvət almağa heç bir bəhanəsi qalmasın, işlərində düzgün və doğru hökm çıxarsın...”
Töhmət damğası xəyanətkar məmurun yaxasından asılmalıdır...
Həzrət Əli(ə) başçılara tabelklərindəki məmur işlərinə nəzər salmasına xüsusi önəm verir və xəyanətkarların ədalətlə cəzalandırılmasını vacib sayır: “Məmur və icraçılarının işlərinə nəzər sal, diqqət et. Onları sınaqdan keçirdikdən sonra işə təyin et. Onların dindarlıq, düzlük və doğruluğunu sınamayınca bir işə təyin etmə. Onları öz istəyinlə, onlara kömək məqsədi ilə və özbaşına (məsləhətləşmədən) bir işə göndərmə. Çünki kimisə öz istəyinlə və özbaşına hər hansı bir işə təyin etmək (rəiyyətə) zülm və xəyanət budaqları toplumudur. Onları sınanılmışlardan, nəcib və ləyaqətli ailələrdən olan həyalılardan və İslamda öncül olanlardan istə (təyin et). Sonra onların işlərini təftiş et, yoxla. Onlara doğruçu və vəfalı müfəttişlər göndər. Çünki sənin onların işlərini gizlin şəkildə yoxlamağın onların düz və rəiyyətlə yumşaq və mülayim davranmağa məcbur olmalarına səbəb olar. Əgər vali onların işlərinə nəzarət etməsə, onlar ədalət və insaf çərçivəsindən kənara çıxar və xalqa zülm edərlər. Özünü (xəyanətkar) yardımçı və köməkçilərdən qoru. Əgər onlardan biri xəyanət və nadürüstlük etsə və müfəttişlərinin onun xəyanəti barəsindəki xəbərləri bir-biri ilə üst-üstə düşsə, həmin xəbərlərlə kifayətlən. Sonra onu dəyərsiz və xar et, ona xəyanət damğası vur və töhmət və bədnamlıq damğasını (boyunduruq kimi) boynundan as (ki, nadürüst insanlar üçün ibrət olsun)...
Məqsədi var-dövlət yığmaq olandan dövlət adamı olmaz...
“Rəiyyətin yoxsul və pərişan olmasının səbəbi hökmdarların ancaq (mal-sərvət) toplamaq fikrində olmaları, (hökumət və başçılıqda) qalmağa bədbinlikləri və hadisələr, ibrətlər və dövranın gedişi barəsindəki düşüncələrdən az bəhrələnmələridir... Öz katiblərinin vəziyyətinə nəzər sal və onların (davranış və danışığı düz olanının) ən yaxşısını işə təyin et. (Düşmənin qarşısını almaq və dövlətçilik barəsindəki) plan və sirlərini açıqladığın məktubları elə adama həvalə et ki, (dindarlıq, əmanətə sadiqlik, xeyirxahlıq, təmizlik və bu kimi) bütün bəyənilmiş xüsusiyyətlərdə digər katiblərdən zəngin olsun... İşlərinin hər biri üçün katiblərindən bir rəis və müdir təyin et ki, işlərin böyüklüyü onu məğlub və aciz, çoxluğu pərişan etməsin. Əgər katiblərində bir eyb və nöqsan olsa və sənin ondan xəbərin olmasa, həmin pisliyə görə səndən də yapışarlar. Onun məsuliyyəti səninlədir”.
“Səndən yoxsulları hər birinin hüquqlarına riayət emək istənilib”
“Sonra çarəsiz, aciz, yoxsul və möhtaclardan, eləcə də çətinlik, xəstəlik və zəifliyə düçar olmuşlardan ibarət aşağı təbəqə barəsində Allahdan qorx, Allahdan qorx! Çünki bu təbəqə içərisində həm həqirlik və biçarəliyini üzə çıxarıb istəyənlər, həm də bəxşişə möhtac olmasına baxmayaraq, (nəfsi pak olduğu üçün) onu zahirdə bildirməyənlər var. Allahın razılığını qazanmaq üçün Onun Öz haqqından, onlar barəsində sənə əmr etdiyini yerinə yetir və əlində olan beytülmalın bir hissəsini, eləcə də hər bir şəhərdə İslamın qənimət (yolu ilə) aldığı yerlərin taxıl və məhsulunun bir qismini onlara ayır. Çünki onların ən uzaqda olanı ən yaxında olan qədər pay və bəhrəyə malikdir. Səndən onların hər birinin hüquqlarına riayət etmək istənilib. Buna görə də şadlıq itaətsizliyi və naz-nemətə qərq olmaq səni onların halını bilməkdən saxlamasın.. Onların (yoxsul və zəiflərin) - gözlərin (camaatın) xar və həqirliklə baxdığı, xalqın kiçik saydığı kimsələrin - sənə əli çatmayanlarının işləri ilə maraqlan, araşdır. Beləliklə, onlar (onların vəziyyətləri ilə maraqlanaraq araşdırma aparmaq) üçün özünün (Allahdan) qorxan və təvazökar olan inanılmış nümayəndəni təyin et ki, onların işlərini sənə çatdırsın. Sonra onların barəsində elə işlər gör ki, (qiyamətdə) Allaha qovuşacağın (Onun hesab və araşdırma aparacağı) gün üzrünü qəbul etsinlər... Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi var.
Dövlət adamı verdiyi vədə əməl etməlidir
İslamda məmurun verdiyi sözə əməl etməsi də çox vacibdir. “Vədə vəfa etməmək də Allahın və xalqın qəzəbinə səbəb olur. Allah-təala (Səff,3) buyurub: “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. Vaxtı çatmamış işlərdə tələsməkdən, çatılan zaman onların arxasınca düşüb bərk çalışmaqdan, kələfin ucu məlum olmayan zaman inadkarlıq göstərməkdən, yaxud ələ düşəndə onlarda süstlük göstərməkdən çəkin... Rəbbinə doğru qayıdacağını çox yadına salıb fikirləşməyincə özünü ələ ala bilməyəcək, qəzəbdən qurtulmayacaqsan”
Adil dövlət başçısına xəyanətin əvəzini Allah özü verər...
Məmurun verdiyi əmrin haqqa müqabil olması da önəmlidir. Fəlsəfə doktoru İdris Abbasov bu haqda belə deyir: “Uğurlu olmaq istəyən idarəçi idarə etdiyi şəxslərə ən doğru olanı əmr etməlidir. Məhz belə olan təqdirdə onun əmrlərinə tabe olunmasını ummağa da haqqı olar. İdarəçilərin verdiyi əmrlər bəzilərinin karına gəlməyə, işlərinə yaramaya bilər, fəqət bu əmr və qanunlar Allahın buyurduqlarına və ölkənin konstitusiyasına zidd olmadığı təqdirdə hər kəsin ona əməl etməsi vacibdir. Dövləti idarə etmənin, əmin-amanlığı və asayişi qorumanın yeganə yolu budur.
Digər hədislərə diqqət edək: Hz.Peyğəmbər buyurur: “Mənə itaət edən Allaha itaət etmiş, mənə qarşı çıxan Allaha qarşı çıxmış olar. Dövlət başçısına itaət edən mənə itaət etmiş, dövlət başçısına qarşı çıxan mənə qarşı çıxmış olar” (Müslim, İmarə 32, 33; Nəsai, Beyət, 27), yaxud: “Kim dövlət başçısına xəyanət edərsə, Allah da ona xəyanətinin əvəzini verər” (Tirmizi, Fitən 47).
Daşıdığınız vəzifə Qiyamət günü peşimanlığa səbəb ola bilər...
İ.Abbasov hesab edir ki, İslama görə, vəzifə bir əmanətdir, əmanətə xəyanət isə əfv edilməzdir. Rəsulullah, bu əmanəti qəbul edib layiqincə öhdəsindən gələnlər istisna olmaqla, əslində vəzifənin qiyamət günündə bir peşmanlıq olacağını xəbər vermişdir. Allah Rəsulu buyurur: “Siz vəzifəyə çox can atırsınız. Halbuki həsrətini çəkdiyiniz o vəzifə qiyamət günündə bir peşmanlığa səbəb olacaqdır” (Buxari, Əhkam 7; Nəsai, Beyət 39). Kimsə layiq olmadığı və öhdəsindən gələ bilməyəcəyi vəzifəyə can atmazdan əvvəl, Allah Rəsulunun xəbər verdiyi qiyamət günündəki acı aqibəti, rəzaləti və peşmançılığı yaxşı-yaxşı düşünməlidir. Fani dünyanın iki günlük sultanlığı üçün axirətin bitib-tükənməyən rəzalətinə necə razı olmaq olar? Bununla yanaşı, unutmamaq lazımdır ki, yaxşı və ədalətli bir idarəçi qiyamət günündə Haqq-Təalanın ərşinin kölgəsində barınan yeddi bəxtiyardan biridir... Hədisdən aşağıdakı qənaətlərə gəlmək olar:
1. İdarəçilik vəzifəsinin nə olduğunu bilməyən kəs əsla bu işi tələb etməməlidir.
2. Dövlət qulluğuna keçən kimsə vəzifəsinin məsuliyyətini dərk etməli, vəzifəsinə əsla xəyanət etməməlidir.
3. Dövlət idarəçiliyində vəzifə tutan və vəzifəsinin öhdəsindən haqqı ilə gələn şəxslərin mənəvi mükafatı çox böyükdür.
4. Öhdəsindən gələ bilməyəcəyi bir vəzifənin altına girən şəxs axirətdə min dəfə peşman olacaqdır.
5. Yetim malını lazımi səviyyədə qorumaq son dərəcə dəyərli bir xidmət olub insana böyük savab qazandırar.
“Vəzifə ölüsü” olmayın ki, öləndə bəlkə cənnətə düşəsiz...
Uca Allah Qurani-Kərimdə buyurur: “Biz bu axirət yurdunu yer üzündə lovğalıq etməyənlərə və fəsad törətməyənlərə nəsib edirik. Nəticədə, qazananlar pislik etməkdən çəkinənlərdir” (əl-Qəsəs, 28/83). Ayədə bəhs edilən axirət yurdu Allah-Təalanın mömin qullarına ikram edəcəyi cənnətdir. Cənnəti qazanmaq üçün yer üzündə lovğalıq və mənəm-mənəmlik etməmək, haqqı çatmayan bir şeyə göz dikməmək, bacarığı xaricində olan işlərə talib olmamaq, yəni layiq olmadığı bir işə təyin edilmək üçün dəridən-qabıqdan çıxmamaq, “vəzifə ölüsü” olmamaq və nəticə etibarilə fəsad törətməmək şərtdir. Dövlət rəhbərindən hər vasitə ilə mühüm postlara təyin edilməsini istəyənlər vəzifədən sui-istifadə etməyə meylli olduqlarından, Rəsuli-Əkrəm vəzifə eşqi ilə yanıb-qıvrılmanı doğru saymamışdır...”
Beləliklə, Allah, onun Peyğəmbəri və vəlisi hər kəsə, o cümlədən məmurlara həm Öz doğru yolunu, həm də İblisin(lən) yolunu, yəni, həm Cənnətin, həm də Cəhənnəmin yolunu aydın şəkildə göstərir. Hər kəs seçimində azaddır. Amma Qurana görə, Axirətdə heç bir seçim imkanı verilməyəcək...