Hadisə (19-08-2015, 14:30)
"Üç uşağını qoyub Bakıya qaçıb..." - Yoxa çıxan gəlinin əri və ailəsi danışdı
Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın iyulun 31-də evdən xəbərsiz getməsi və bir daha qayıtmaması ilə bağlı məlumat yayıb.
Mediatv.az xəbər verir ki, baku.ws saytı Şəlalənin ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, o, ailəli olub və 3 uşağı var. Onun haraya getməsindən ailə üzvlərinin xəbəri olmayıb. Qaynatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlib.
Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb.
Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideyinlərinə xəbər verib. Qaynananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar.
Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarına deyən ər sevdiyi xanımın onu və üç azyaşlı övladını ataraq nə vaxtsa qaçacağını ağlına gətirmədiyini deyib.
Yoldaşının sözlərinə görə, Şalalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verən gündən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki, gəlsin, uşaqların və ailəni gözüyaşlı qoymasın", - deyə ailə üzvləri bildirirlər.
Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.