Hadisə (22-07-2015, 20:12)
Dahi şairin nəticəsi azadlıqdan məhrum olundu- 8-ci dəfə...
Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayon sakini Samir Tahirzadənin (1967-ci il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
“Mediatv.az” oxu.az-a istinadən xəbər verir ki, bu ilin may ayında Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Samir Tahirzadə saxlanılıb, ona məxsus çantada 501 qram heroin və 455 qram həşiş aşkar edilib.
Dindirmə zamanı saxlanılan şəxs narkotik maddələri 1500 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib. Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər müxtəlif cinayətlərə görə 7 dəfə azadlıqdan məhrum edildiyi və eyni zamanda Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin nəticəsi olduğu məlum olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.